Bu günlərdə Azərbaycan Tibb Universitetinin “Təbib” nəşriyyatında universitetin Epidemiologiya və biostatistika kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Əməkdar müəllim İbadulla Ağayevin təşəbbüsü və gərgin əməyi sayəsində Göyçə mahalında yaşayıb-yaradan, tanınmış şairlərdən biri olan Zodlu Abdullanın əsərlərindən ibarət kitab işıq üzü görüb. Kitabın redaktoru “Təbib” qəzetinin əməkdaşı Qabil Zimistanoğludur.
İyunun 29-da Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə kitabın təqdimetmə mərasimi keçirilib.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova qonaqları salamlayaraq, tədbiri açıq elan edib. O, XIX-XX əsrlərdə yaşayan, “Zodlu Abdulla”, “Usta Abdulla” kimi el arasında məşhur olan şairin həyat və yaradıcılığı, onun keçdiyi ağrılı-acılı ömür yolu, professor İbadulla Ağayevin kitabın araya-ərsəyə gəlməsində apardığı araşdırmalar, çəkdiyi zəhmət barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Kitabın abdullasevərlərə və aşıqlarımıza əvəzsiz hədiyyə olduğunu diqqətə çatdırıb.
Professor İ.Ağayev tədbir boyu ustadın bənzərsiz poeziya nümunələrindən misallar çəkib, şairin başına gələn maraqlı əhvalatlardan danışıb.
Texnika elmlər doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Şahlar Babayev, Göygöl rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi Salman Qaralar (Balakişiyev), ziyalılardan Vilayət Hacıyev, Azad Haqverdiyev, Niftalı Quliyev, Vahid Hacıyev, jurnalist Qabil Zimistanoğlu və digər çıxışçılar şairin yazdığı şeirlərdən nümunələr səsləndirib, onların tarixindən söhbət açıblar.
Şairin şeirlərini böyük həvəslə oxuyan aşıqlar bənzərsiz ifaları ilə tədbirə özünəməxsus rəng qatıblar.
Sonda şairin nəticəsi Ə.Rəhimova və nəslinin digər nümayəndələri kitabda zəhməti keçənlərə və tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Usta Abdulla (Namazov Abdulla Rəhim oğlu) 1865-ci ildə qədim Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olub. Buna görə ona el arasında “Zodlu Abdulla”, dülgərlik və xarratlıqla məşğul olduğu üçün isə həm də “Usta Abdulla” deyiblər.
Sənətkar 1918-20-ci illərdə Göyçədə erməni daşnaklarının soydaşlarımıza qarşı törətdiyi vəhşilik və soyqırımların şahidi olur, hamı kimi doğma Zod kəndini tərk edir. Köçkünlük həyatı zamanı çəkdiyi əzab-əziyyətlər və məhrumiyyətlər onun yaradıcılığına təsirsiz ötüşmür. Yazır:
Dağıldı mahalım, pozuldu elim,
Tükəndi dövlətim, gödəldi dilim,
Əyildi qamətim, büküldü belim,
Nə qazamat, nə qalalar çəkmişəm.
1943-cü ildə 78 yaşında dünyasını dəyişən şair öz vəsiyyətinə uyğun olaraq Gəncədə, İmamzadə kompleksində dəfn olunub.