ATU-nun professoru nüfuzlu beynəlxalq qurumun Baş katibi seçilib

Dünya Tibbi Hüquq Assosiasiyasının İdarə Heyəti Vüqar Məmmədova böyük etimad göstərib

İndoneziyanın Batam şəhərində keçirilən 28-ci Dünya Tibbi Hüquq Konqresində ATU-nun Məhkəmə təbabəti kafedrasının professoru, tibb və hüquq elmləri doktoru Vüqar Qurban oğlu Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA; WAML, World Association for Medical Law) Baş katibi seçilib.

Bu barədə “Təbib” qəzetinə məlumat verən Məhkəmə təbabəti kafedrasının assistenti Gülşən Hüseynova bildirib ki, professor V.Məmmədovun namizədliyi adıçəkilən assosiasiyanın yeni seçilmiş prezidenti, belçikalı professor Tyerri Vansvivelt tərəfindən irəli sürülüb: “Baş katib kimi yüksək vəzifəyə daha iki ölkədən, İsrail və Macarıstandan namizədliklər qeydə alınmışdı. Macarıstanlı professor Cudit Şandor öz namizədliyini azərbaycanlı alimin lehinə geri götürüb və Assosiasiyanın 33 nəfərdən ibarət İdarə Heyətinin üzvləri gizli səsvermə yolu ilə Vüqar Məmmədovu səs çoxluğu ilə Baş katib seçiblər.

İxtisasca məhkəmə-tibbi eksperti olan Vüqar Məmmədov həm tibb, həm də hüquq üzrə elmlər doktorudur, ölkəmizdə və xaricdə yaxşı tanınan alimlərimizdəndir. Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Türkiyə, Pakistan, İndoneziya, Ukrayna, Qazaxıstan, İran, Litvanın 18 universitetində professor və dəvətli professor kimi çalışıb, 54 ölkədə məhkəmə təbabəti, tibbi hüquq, insan hüquqları, bioetika üzrə mühazirələr oxuyub, 360 elmi işin müəllifidir. 2008-ci ildən DTHA-nın üzvü, 2012-ci ildən Assosiasiyanın İdarə Heyətinin, 2016-cı ildən İcra Komitəsinin üzvü və Xəzinədarı, 2018-ci ildən Birinci vitse-prezidenti, Təhsil Komitəsinin rəhbəri, 23-cü (Bakı, 2017), 25-ci (Tokio, Yaponiya) və 27-ci (Vilnüs, Litva) Dünya Tibbi Hüquq konqreslərinin elmi proqramlarının rəhbəri olub. Professor Vüqar Məmmədov, həmçinin UNESCO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, Ümumdünya Səhiyyə Təşkilatının (WHO, World Health Organization) əlillik, reabilitasiya və köməkçi texnologiyalar üzrə eksperti, İpək Yolu ölkələrinin Məhkəmə Ekspertizaları Assosiasiyasının vitse-prezidentidir. Eləcə də Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti olub.

     2019-cu ildən o, Haaqada Beynəlxalq Cinayət Məhkəməsində (İCC, İnternational Criminal Court) DTHA-nı təmsil edib, 2022-ci ildə isə İCC Məhkəməsinin Baş Prokuror Ofisində məhkəmə-tibbi ekspertiza üzrə dəvətli mütəxəssis qismində 6 ay ərzində çalışıb”.

     G.Hüseynovanın sözlərinə görə, 1967-ci ildə Belçikada tibb və səhiyyədə insan hüquqları, hüquqa aid multikultural və fənlərarası problemlərin tədqiqatı məqsədilə hüquq, tibb və məhkəmə təbabəti üzrə 9 nəfər dünya şöhrətli mütəxəssis tərəfindən yaradılmış Dünya Tibbi Hüquq Assosiasiyası BMT-nin UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Haaqada Beynəlxalq Cinayət Məhkəməsi, bir çox beynəlxalq və milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir: “DTHA-nın qərargahı ABŞ-da yerləşir, çünki təsisçilərindən biri, keçmiş prezidenti, Yaponiya əsilli professor Tomas Noquçi “ulduzların eksperti” adlanaraq Amerikanın əfsanəsi və dünyanın ən tanınmış məhkəmə-tibbi ekspertlərindən biri olub. O, 20 ildən çox Hollivudun yerləşdiyi Kaliforniya ştatının Baş məhkəmə-tibbi eksperti olduğu üçün ABŞ prezidenti Con Ficerald Kennedi, senator Robert Kennedi, Hollivud ulduzları Merilin Monro, Vilyam Holden, Con Beluşi, Natali Vud, Gia Skala kimi məşhurların qətl və müəmmalı ölüm işlərinin tədqiqatına cəlb olunub. Məhkəmə təbabəti elminə verdiyi xidmətlərə görə ABŞ hökuməti və Yaponiya imperatoru tərəfindən dəfələrlə təltif olunub. Tomas Noquçinin prezidentliyi dönəmində Vüqar Məmmədov 6 il ərzində onunla birlikdə əvvəl Xəzinədar, sonra Birinci vitse-prezident qismində Assosiasiyanın işlərini idarə edib”.

     Məlumatda o da vurğulanıb ki, 2017-ci ilin 11-13 iyul tarixlərində Bakıda JW Marriott Absheron otelində Paşa Holdinq və Türk Hava Yolları şirkətlərinin dəstəyi ilə 23-cü Dünya Tibbi Hüquq Konqresi keçirilib. Bakı konqresi DTHA üçün tarixi əhəmiyyət kəsb edib. Çünki tədbir Assosiasiyanın 50 illik qızıl yubiley konqresi olub və yarıməsrlik tarixində postsovet məkanında, Şərqlə Qərbin, Cənubla Şimalın birləşdiyi Avrasiyanın mərkəzində ilk dəfə keçirilib.

Konqresin açılış mərasimində professor Noquçi DTHA-nın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “WAML 50th Golden Anniversary Award” təltifi və DTHA-nın Fəxri Diplomunu təqdim edib. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sülh, tolerantlıq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə sivilizasiyalar və dinlərarası multikultural dialoqun təbliğindəki səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

Azərbaycan Tibb Universitetinin rəhbərliyi, o cümlədən Məhkəmə təbabəti kafedrasının əməkdaşları nüfuzlu beynəlxalq qurumun Baş katibi seçilməsi münasibətilə professor Vüqar Məmmədovu təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırlar.