Rektor, professor Gəray Gəraybəyli: Vaxt gələcək, indiki tələbələrin böyük qismi Qarabağda həkim kimi çalışacaq
Bilik Günü ölkəmizin bütün təhsil ocaqlarında olduğu kimi, Azərbaycan Tibb Universitetində də təntənəli şəkildə qeyd edilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan bayram tədbirinin moderatoru, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının V kurs rezidenti Küşvər Seyidova təbrik nitqi üçün ilk sözü universitetin rektoru, professor Gəray Gəraybəyliyə verib.
Professor-müəllim heyətini və tələbə kontingentini Bilik Günü münasibətilə təbrik edən professor Gəray Gəraybəyli əsas təbrikin böyük ATU ailəsinə yeni qədəm qoyan I kurs tələbələrinə ünvanlandığını vurğulayıb: “Siz daim çalışırdınız, əziyyət çəkirdiniz. Zəhmətiniz hədər getmədi. Qəbul imtahanında çox yüksək nəticə göstərərək ölkəmizin ən nüfuzlu ali məktəbləri arasında xüsusi yer tutan Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazandınız. Şərəfli olmağı ilə yanaşı, həm də çox çətin, mürəkkəb, eyni zamanda məsuliyyətli bir peşə seçmisiniz. Çünki həkimlik dünyada ən vacib, yüksək bilik və insani hisslər tələb edən müqəddəs bir peşədir. Bizim professor-müəllim heyətinin əksər üzvləri iki müqəddəs peşənin – müəllimlik və həkimliyin daşıyıcılarıdır”.
Rektor, ölkə rəhbərliyi tərəfindən səhiyyəyə, tibb təhsilinə hər zaman xüsusi diqqət yetirildiyini deyib: “Ümummilli Liderimiz Heydər Əliyev həkimlərə xüsusi qayğı ilə yanaşırdı. Ulu Öndər öz çıxışlarının birində vurğulamışdı ki, həkimlər mənim ən yaxın dostlarımdır. Ulu Öndərin siyasəti bu gün də cənab Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir. Bunun bariz nümunəsi olaraq bir faktı deyim ki, əgər 6 il qabaq universitetimizə qəbul olunan tələbələrin ən azı 50 faizi ödənişli əsaslarla təhsil alırdısa, bu ilki tələbələrin 85 faizdən çoxu dövlət hesabına oxuyacaq. Bu, ölkəmizin, dövlətimizin həm gəncliyə, həm tələbələrə, həm də tibb elminə olan böyük qayğısının təsdiqidir”.
Şanlı tarixə malik Azərbaycan Tibb Universitetinin gələn il 95 yaşının tamam olacağını xatırladan rektor qeyd edib ki, son illər aparılan islahatlar nəticəsində universitetimiz nüfuzlu dünya universitetləri şəbəkəsinə daxil olmaq yolunda böyük addımlar atıb, bu yolda artıq uğurlarımız da var: “Belə ki, 2022-ci ildə Azərbaycan universitetləri içərisində ilk dəfə olaraq ATU-nun 4 tədris proqramı dünya miqyaslı akkreditasiya şirkəti tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib. Ötən ildən başlayaraq, universitetimiz dünya universitetlərinin beynəlxalq reytinqində yer tutmaq üçün tədbirlərə başlayıb. Əsas məqsədimiz universitetdə tədris olunan proqramları, aparılan elmi-tədqiqat işlərini beynəlxalq səviyyəyə qaldırmaqdır”.
Professor G.Gəraybəyli onu da qeyd edib ki, işğaldan azad olunan Qarabağda bu gün böyük quruculuq işləri aparılır: “Yeni, müasir xəstəxanalar tikilir. Mən əminəm ki, burada əyləşənlərin böyük qismi gələcəkdə həmin ərazilərdə həkimlik fəaliyyətini davam etdirəcək. Bir daha hər birinizi Bilik Günü münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və təhsilinizdə uğurlar arzulayıram!”
Sonra Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizova çıxış edərək ürək sözlərini bölüşüb. “Bu universitet sizə “alma-mater” olacaq” – deyən professor, onların burada öz peşələrinin dərinliklərinə, elmi əsaslarına yiyələnəcəklərini söyləyib. O, həkimlik peşəsi üçün patriotluq və peşəkarlığın vacibliyini xatırladaraq, gələcəyin həkimlərini insanlara qarşı nəzakətli, ədalətli, mərhəmətli olmağı çağırıb, hər birinə sağlam can və sağlam ruh diləyib.
Toplantıda valideynlər adından danışan Teymur Məmmədov bir vaxtlar özünün təhsil aldığı universitetə indi övladının qəbul olunmasından qürur duyduğunu bildirib. Yeni dərs ili münasibətilə ATU-nun pedaqoji kollektivini, tələbələri və onların valideynlərini təbrik edib.
Azərbaycan Tibb Universitetində təhsilin 3 dildə aparıldığı və son illərdə ingilis bölməsinə tələbatın çoxaldığı, bu bölməni təkcə əcnəbi deyil, azərbaycanlı tələbələrin də seçdiyi vurğulanıb.
Tələbələr adından 697 balla ingilis bölməsinə daxil olan II Müalicə-profilaktika fakültəsinin tələbəsi Nəzrin Əhmədova çıxış edib. O, gələcəkdə ölkə üçün savadlı kadr olmaq, insanların sağlamlığının keşiyində durmaq arzusunda olduqlarını, onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib.
Tədbir iştirakçıları Bilik Gününə həsr olunmuş filmi də izləyiblər.