“44 gün… Zəfər… Ruhumuzla olan səssiz savaşlar…” adlı maraqlı və aktual elmi iş tələbələrimiz tərəfindən təqdim edilib
2020-ci ildə böyük qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və Azərbaycan ordusunun igidliyi sayəsində torpaqlarımız 30 illik işğaldan azad edildi. Bu şanlı qələbənin əldə olunmasında həkimlərimiz də böyük qəhrəmanlıq göstərdilər.
Həkimlərimiz təkcə müharibə dövründə deyil, müharibədən sonrakı dövrdə də qazilərimizin sağlam həyata qovuşması üçün əllərindən gələni ediblər. I Müalicə-profilaktika fakültəsinin V kurs, 120R 2b qrup tələbələri Rafiq Aslanov və Ülviyyə Əliyeva Vətən müharibəsi qazilərində posttravmatik stress pozuntusu (PTSP) ilə bağlı elmi araşdırmalar aparıblar.
R.Aslanov “Bakinskiy raboçiy” qəzetinə müsahibəsində gördüyü işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ATU-nun Tələbə Elmi Cəmiyyəti çərçivəsində PTSP-dan əziyyət çəkən 44 günlük müharibə iştirakçılarının uyğunlaşma mexanizmlərini və həyat keyfiyyətini öyrənmək məqsədi ilə “44 gün… Zəfər…Ruhumuzla olan səssiz savaşlar…” adlı tədqiqat aparıb. O, elmi rəhbəri – ATU-nun Psixiatriya kafedrasının dosenti Sevda Katiblinin məsləhəti ilə son dərəcə aktual və məsuliyyətli bir mövzu olan PTSP-ni seçib və bu istiqamətdə tədqiqat aparmağa qərar verib. Tələbəmiz ona göstərilən dəstəyə, həmçinin psixiatriya sahəsində peşəkar tibb işçilərinin formalaşması üçün yaradılan şəraitə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürünü bildirib.
R.Aslanov müsahibəsində vurğulayıb ki, PTSP çox vaxt diqqətdən kənarda qalan, lakin insan həyatına dərin təsir göstərən ciddi psixi vəziyyətdir. Müharibə təkcə fiziki mübarizə deyil, həm də bitdikdən sonra davam edən emosional bir mübarizədir. Tələbəmiz qeyd edib ki, ilk öncə elmi rəhbərlə mövzuya yanaşmaları müzakirə edib, daha sonra Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılovun dəstəyi ilə PTSP diaqnozu qoyulmuş veteranların 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müayinəsi təşkil edilib. Posttravmatik stres pozuntusu diaqnozu təyin edilmiş hərbçilərə həm klinik psixoloqlar tərəfindən psixoloji yardımın müxtəlif növləri (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya), həm də psixiatrlar tərəfindən dərman müalicəsi təyin olunur. Psixoloji yardımın növü və dərman müalicəsi psixi problemin ağırlıq dərəcəsinə əsasən təklif edilir.
R.Aslanov diqqətə çatdırıb ki, psixiatriya sahəsində tədqiqatlarını davam etdirmək və biliklərini dərinləşdirmək niyyətindədir. PTSP mövzusu və onun müharibədən keçmiş insanlara təsiri daha çox araşdırmalar, yeni müalicə və reabilitasiya üsullarının hazırlanmasını tələb edir: “Həkim kimi borcumuz bizə sülh və azadlıq bəxş edən qazilərimizə yardım göstərmək, onları sağlamlıqlarına qovuşdurmaq və əvvəlki həyata qaytarmaqdır”.
Müsahibənin linki:
https://br.az/society/74742/boycy-nevidimogo-fronta/