Böyük Elmi Şurada yaz semestrinin imtahan sessiyasının nəticələri müzakirə olunub

Rektor, professor Gəray Gəraybəyli: Universitetimizdə ikinci ali təhsil və magistr təhsili almaq istəyənlərin sayı çoxalıb

Sentyabrın 27-də ATU-nun Böyük Elmi Şurasının 2024/2025-ci tədris ilində ilk yığıncağı keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq şura üzvlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Gündəlikdə duran məsələlərin müzakirəsindən öncə II Qarabağ müharibəsindən 4 il ötdüyünü, 27 sentyabrın ölkəmizdə Anım günü kimi qeyd edildiyini xatırladan rektor, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şanlı qələbəsindən danışıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə və antiterror əməliyyatı zamanı həyatlarını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bundan sonra Tədris və müalicə işləri üzrə prorektor, əməkdar elm xadimi, professor Sabir Əliyevi 80 illik yubileyi münasibətilə təbrik edən rektor, müxtəlif vəzifələrə yeni təyinatlar haqqında da məlumat verib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Əvvəlcə universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin “Azərbaycan Tibb Universitetində 2023/2024-cü tədris ilinin yekunları və 2024/2025-ci tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr” barədə hesabat məruzəsi dinlənilib.

Təhsili hər bir cəmiyyətin inkişafını sürətləndirən ən mühüm sahələrdən biri kimi səciyyələndirən prorektor bildirib ki, növbəti 7 il ərzində nəzərdə tutduğumuz əsas strateji plan universitetimizi ölkəmizdə təkcə tibb təhsili deyil, həm də elmi-tədqiqatlar və səhiyyə xidmətləri sahəsində lider müəssisə mövqeyinə çıxarmaq məqsədi daşıyır. O, hesabat ilində tədris, tədris-metodik, elmi-tədqiqat, gənc nəslin milli zəmində tərbiyəsi, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində xeyli işlər görüldüyünü vurğulayıb. Onun sözlərinə görə, universitet əməkdaşları tərəfindən “Əhalinin sağlamlığının qorunması” proqramına müvafiq olmaqla 3 elmi istiqamət, 9 problem üzrə 57 icra olunan mövzu yerinə yetirilib. Həmçinin universitetin əməkdaşlarının xaricdə 677, respublika dövri mətbuatında 1591 elmi işi işıq üzü görüb və müntəzəm olaraq çıxışlar ediblər. 2023-cü ildə 8 ixtiraya görə Avrasiya patenti və 2 ixtiraya görə Azərbaycan patenti alınıb.

Məruzəçi 2024/2025-ci tədris ilində də universitetin I kursuna və Hərbi tibb fakültəsinin hərbi feldşerlər məktəbinə qəbulun Dövlət İmtahan Mərkəzi tərəfindən aparıldığını, Hərbi tibb fakültəsinə qəbul zamanı Müdafiə və Ədliyyə nazirliklərinin sifarişləri ilə yanaşı, Daxili Qoşunlar və Sərhəd Qoşunlarının sifarişlərinin də nəzərə alındığını söyləyib.

Hesabatda universitetimizə bu il qəbul edilmiş tələbələrin test imtahanlarında yüksək nəticələr göstərməsi də öz əksini tapıb: “Bu il universitetimizə qəbul olunmuş tələbələr test imtahanlarında yüksək nəticələr göstəriblər və 1017 tələbənin 595 nəfəri 600-dən yuxarı bal toplayaraq universitetə daxil olub. Yeri gəlmişkən qeyd edim ki, onlar əlaçı tələbələr hesab olunurlar.

Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının Sərəncamına əsasən təltif olunmuş 102 Prezident təqaüdçüsünün 25 nəfəri bizim universiteti seçib. Artıq neçənci ildir ki, ən çox Prezident təqaüdçüləri universitetimizə daxil olsa da, I kursun ilk imtahan sessiyasından başlayaraq onların sayı kəskin surətdə azalır. Belə ki, cari tədris ili istisna olmaqla, son 5 ildə universitetə 122 nəfər Prezident təqaüdçüsü daxil olsa da, hazırda bu adı 23 tələbə daşıyır.

Universitet rəhbərliyi bir daha Elmi Şura üzvlərinin nəzərinə çatdırır ki, universitetə yüksək balla daxil olan və Prezident təqaüdçüsü adına layiq görülən tələbələr daim diqqətdə saxlanılmalı, Tələbə Elmi Cəmiyyətinin işinə cəlb edilməli, hətta lazım gələrsə, kafedralarda onlarla elmin müasir tələblərinə uyğun əlavə dərslər aparılmalıdır”.

Hesabat məruzəsində yaz semestrinin imtahan sessiyasının nəticələrindən danışan prorektor, imtahan sessiyasının başlanğıcından 4 nəfərin akademik məzuniyyətdə olduğunu, yaz semestri ərzində öz ərizələrinə görə 17 tələbənin universitetdən xaric edildiyini deyib: “Beləliklə, imtahanda iştirak edən 6877 tələbədən 892 nəfər imtahan sessiyasını “əla”(12.9%, keçən il 10.1%), 3198 nəfər “əla” və “yaxşı (46.5%, keçən il 45,8%), 2298 nəfər qarışıq qiymətlərlə (33.41%, keçən il 38.89%) başa vurub. 489 nəfər isə (7.1%, keçən il 5,1%) “qeyri-kafi” almışdır ki, bunlardan da 376 nəfərin yalnız 1, 75 nəfərin 2, 38 nəfərin isə 3 və daha artıq fəndən akademik borcu qalmışdır.

Ümumiyyətlə, kəmiyyət göstəricisi 92.88% (2022/2023-cü tədris ilində 94,8%), keyfiyyət göstəricisi isə 59.47% (2022/2023-cü tədris ilində 55.91%) olmuşdur”.

Xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayının ildən-ilə artdığını deyən məruzəçi, bunu ilk növbədə tədrisin ingilis dilində aparılması ilə əlaqələndirib: “Xarici tələbələrlə iş üzrə dekanlığın yerinə yetirdiyi vacib işlərdən biri də tələbələrin Bakı şəhərində müvəqqəti yaşamaq hüququnu təmin etmək üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə sıx əlaqə saxlayaraq onların qeydiyyatını təşkil etməkdən ibarətdir.

Dekanlıq tez-tez yataqxanada yaşayan tələbələrin məişət şəraiti ilə maraqlanır və müvafiq problemlərinin yerindəcə həll olunması üçün səy göstərir. Tədris ili ərzində tələbələrin yaşayış şəraitinin yaxşılışdırılması rektorun və xarici tələbələr dekanlığının diqqət mərkəzində saxlanılır”.

S.Əliyev hesabat ilinin sonunda bir neçə kafedra müdirinin və kafedraların ayrı-ayrı əməkdaşlarının tədrisin təşkili, dərs cədvəlinin optimal tərtib olunması, ayrı-ayrı fənlərə ayrılan dərs yüklərinin artırılması, fənnin semestr ərzində tədris ardıcıllığı və s. məsələlər üzrə universitet rəhbərliyinə müraciət etdiyini, həmin müraciətlərin universitetin müvafiq qurumlarında diqqətlə öyrənildiyini və imkan daxilində tətbiqinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Eyni zamanda Apellyasiya Komissiyasının işinin keyfiyyətinin artırılması, üzvlərin əmək fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə təklifərini şura üzvləri ilə bölüşən prorektor, çıxışının sonunda universitet kollektivinin cari tədris ilində əvvəllər buraxılmış nöqsanları aradan qaldırmağa, tələbələrlə aparılan tədris və tədris-metodik işi günün tələblərinə uyğun qurmağa çalışacağına əminliyni ifadə edib.

Məruzə ətrafında çıxış edənlər müzakirəyə çıxarılan məsələlərlə bağlı fikirlərini bölüşüblər. ATU-nun Apellyasiya Komissiyasının sədri, professor Gülnarə Əzizova cari ilin yaz semestrində 967 müraciətə baxıldığını, daha çox apellyasiya şikayətinin IV kurs tələbələrindən gəldiyini və bəzi kafedralarda əsaslı apellyasiya şikayətlərinin müşahidə edildiyini bildirib: “Əsaslı qüsur testin tərtibində olan qüsurdur. Yəni doğru cavab yoxdursa və yaxud iki doğru cavab varsa, cümlənin mahiyyətinə təsir edən müxtəlif söz və tərcümə səhvlərinə yol verilibsə, eyni sual bir neçə dəfə təkrarlanıbsa, bunlar əsaslı qüsurlar hesab olunur”.

Apellyasiya araşdırmalarının kurslar və fakültələr üzrə nəticələrini də diqqətə çatdıran komissiya sədri, bu işə məsuliyyətlə yanaşaraq komissiyaya yaxından köməklik göstərən ekspertlərin fəaliyyətindən razı qaldığını deyib.

Çıxışı zamanı burada səslənən iradların aradan qaldırılması üçün artıq Stomatologiya fakültəsinin elmi şurasında müzakirələr aparıldığını söyləyən Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov ekspertlərin işinin ağırlığına da toxunub və onlar barəsində həvəsləndirici tədbirlərin görülməsini, həmçinin 2025-ci ilin tədris proqramı hazırlanarkən kafedranın rəyini nəzərə almağı təklif edib.

Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov 2024/2025-ci tədris ili üçün planlaşdırılmış dərs saatlarının bütün kafedralara göndərildiyini və həmin dərs saatlarının əməkdaşlar arasında bölgüsünü qısa müddətdə həm dekanlığa, həm də tədris hissəsinə təqdim etməyin vacibliyini söyləyib. Bildirib ki, kafedralarda artıq qalan dərs saatlarını aparmaq üçün kənardan mütəxəssislər dəvət etməkdənsə, baş laborantları bu prosesə cəlb etmək daha məqsədəuyğundur.

İngilis bölməsindəki qrupların universitetin hesabına təşkil olunan dil kurslarında B2 səviyyəsində sertifikat alan əməkdaşlara verilməsinin zəruriliyini vurğulayan K.Yaqubov onu da bildirib ki, COP29-un keçirildiyi tarixə təsadüf edən mühazirə materialları 3 dildə universitetin saytına  yerləşdirilməlidir.

Məruzə və çıxışlarda səslənən fikirlərə münasibətini açıqlayan rektor, professor Gəray Gəraybəyli ölkə rəhbərliyinin təhsilə xüsusi qayğı göstərdiyini vurğulayıb və tələbələrin böyük əksəriyyətinin dövlət hesabına təhsil almasını bu qayğının bariz nümunəsi kimi dəyərləndirib. Əsas diqqəti son dövrlərdə tibb təhsili sahəsində rəqabətin yaranmasına yönəldərək qeyd edib ki, universitetimiz bir zamanlar Azərbaycanda tibb kadrları hazırlayan yeganə ali məktəb idi. Ancaq indi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Naxçıvan Dövlət Universitetində də tibb kadrları hazırlanır, yaxın gələcəkdə Qarabağ Universitetində də tibb fakültəsinin açılması nəzərdə tutulub. Bütün bunların daha güclü rəqabətin yaranmasına gətirib çıxarmaqla yanaşı, universitet kollektivinin üzərinə ciddi məsuliyyət qoyduğunu söyləyən professor G.Gəraybəyli,  beynəlxalq qurumlarla əməkdaşlığın genişlənməsindən də danışıb: “Bildiyiniz kimi, beynəlxalq aləmdə qəbul edilmiş kriteriyalar var. Yəni beynəlxalq standartların, akkreditasiya sistemlərinin tələbləri konkretdir. Artıq bir neçə ildir ki, dünya akkreditasiya qurumları ilə sıx əməkdaşlıq edirik. Bu ayın əvvəlində isə Böyük Britaniyanın Quacquarelli Symonds (QS) şirkəti ilə 4 illik əməkdaşlıq müqaviləsi imzalamışıq”.

Müzakirə olunan tədris məsələsinin aktuallığını, imtahanların formatının dəyişdirilməsi, optimallaşdırılması istiqamətində davamlı işlər görüldüyünü xatırladan rektor, imtahan prosesində daha bir dəyişiklik edildiyini, artıq I kursda oxuyan tələbələrin tədris proqramı ilə təmin olunacağını, onlara heç bir test sualının verilməyəcəyini vurğulayıb.

Universitetimizdə ikinci ali təhsil və magistr təhsili almaq istəyənlərin sayının çoxaldığını şura üzvlərinin diqqətinə çatdıran rektor, keyfiyyət göstəricisinin I kursda çox aşağı olması, sonuncu kursda 3 dəfəyədək artmasının səbəblərinə və narahatlıq doğuran digər problemlərə də aydınlıq gətirib.

Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göndərilən əlyazmalar və ATU-da əməkdaşların patent hazırlamasının stimullaşdırılması üçün maddi dəstək göstərilməsi barədə məsələlərə də baxılıb. Eyni zamanda Akkreditasiya Komissiyasının yekun hesabatında qeyd etdiyi tövsiyələrin icrasına dair hazırlanmış ATU-nun fəaliyyət planı təsdiqlənib. Həmçinin universitetin təşkil etdiyi kurslarda B2 səviyyəsi göstərən və Tədris Departamenti tərəfindən hər semestr yenisi olmaqla təqdim olunan siyahı əsasında professor-müəllim heyətinə münasibətdə differensial əməkhaqqının tətbiq edilməsi, İctimai səhiyyə fakültəsinin Tibb bacısı/qardaşı ixtisasının Orhun mübadilə proqramında iştirak edən IV kurs tələbələri üçün təkrar dinləmə qrupları üzrə dərslərin ödənişsiz aparılması qərara alınıb.

Sonda Miriyeva Ləman Miryusif qızının təhsil ödənişinə güzəştlər edilməsinə və dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrinə razılıq verən Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.