Ötən əsrin 50-60-cı illərində Qərbi Azərbaycanda, xüsusilə Qaraqoyunlu dərəsində həkimlik ən müqəddəs və nüfuzlu peşə hesab edilirdi. Mövhumat təsirindən, böyük dövlətlərin imperiya maraqlarının yaratdığı məhdudiyyət çərçivələrindən yenicə çıxıb dirçəlməyə başlayan xalqımız savadlandıqca, türkəçarə müalicə üsullarından ayrılır, elmi təbabətin mahiyyətini dərk etməyə başlayırdı. Bir əlin barmaqları qədər həkimin olduğu Qaraqoyunlu dərəsində bu məsələ daha aktual idi. Bacarıqlı, xüsusi istedadlı təhsil göstəriciləri ilə bütün yaşıdlarını üstələyən uşaqlar kənd ağsaqqallarının məsləhəti ilə (o dövrdə bir çox məsələlər kimi, belə mühüm məqamlar da kəndin ümumi qərarı ilə həll edilirdi) Bakıya (İrəvanda Azərbaycan dilində tibb təhsili verən ali məktəb yox idi) gedirdilər. Ancaq o zaman Azərbaycan Dövlət Tibb İnstitutu adlanan və xalq arasında rus abreviaturası ilə AMİ deyilən bu ali məktəbə bizim tərəflərdən gedən təxminən hər 10 nəfərdən biri daxil ola bilirdi, bu da bütün mahalda bir, ya iki nəfər edirdi və bu xəbər təbii ki, ildırım surəti ilə bütün Qaraqoyunlu dərəsinə yayılırdı.
Yaxşı xatırlayıram, mən onda 8-ci sinfə keçmişdim və bir gün eşitdim ki, qonşu Əmirxeyir kəndindən bir uşaq AMİ-yə daxil olub. Bu hadisə bütün Qaraqoyunlu mahalı üçün qürurverici hal idi və deyim ki, bir neçə gün kənd camaatının əsas mövzusu oldu. Bu barədə bəlkə də ən çox danışılan yerlərdən biri bizim evimiz idi, atam həmin uşağın valideyni Cahan kişini yaxşı tanıyırdı və onunla həmkar və yaxın dost idi.
Qonşu Krasnoselsk (Çəmbərək) rayonunun İcraiyyə Komitəsinin sədri Cahan Əliyev cəsarəti, milli qeyrəti, təmkini və davranışı ilə təkcə Qaraqoyunlu dərəsində deyil, bütövlükdə Qərbi Azərbaycanda xüsusi nüfuz sahiblərindən idi. Həmin dövrdə Ermənistanın yazılmamış qanunlarına görə, azərbaycanlılar yaşayan bütün rayonlara adətən erməni katib təyin edilər və bütün mühüm məsələlər ancaq onun razılığı ilə reallaşardı. Kəndlərin sosial vəziyyətini yaxşı bilən, yol, nəqliyyat, elektrik, su problemlərini həll etməyə çalışan Cahan kişiyə əl-qol açmağa açıq-aşkar mane olan erməni katib iclaslarda tez-tez bu "İspalkom"la tutaşmalı olarmış. Bir gün də belə mübahisələrdən sonra katibin otağına daxil olan Cahan kişi "neçə müddət ərzində etdiyin zülmlərin əvəzini almalıydın", - deyib onu ağzı-burnu qanıyanadək döyüb oradan çıxır.
Bəli, kiçik bir hərəkətin belə siyasiləşdirildiyi, Kommunist Partiyasına hörmətsizlik kimi qiymətləndirildiyi bir zamanda birinci katibə söz demək mümkün olmadığı halda, həm də Ermənistanın mərkəzində erməni katibi qanına-qəltan etmək üçün Cahan kişi olmaq lazım idi...
Qeyrətli və cəsarətli Cahan kişinin oğlu da Bakıda tələbəlik həyatına qədəm qoymuş, nümunəvi tərbiyəsi, qabiliyyəti və təhsil göstəriciləri ilə çox nüfuzlu kollektivin ürəyinə yol tapmışdı. Böyüklərə xas davranış, yüksək tərbiyə, daxili mədəniyyət, fitri istedad, məqsədyönlü fəaliyyət, zəhmətsevərlik 17-18 yaşlı Sabiri yaşıdlarından ciddi fərqləndirirdi. Müəllimlər tənəffüsdə "bu il qəbul olunanların içində bir istedadlı oğlan var, ona dərs demisiniz?", "birinci kursda bir oğlan var, maşallah, elə bil 30 yaşı var, özü də elə bil ki, bir dəfə institutu oxuyub qurtarıb, fikir vermisiniz?", - deyib Sabirin yaratdığı təəssüratları paylaşırdılar.
Sabir Əliyev ali təhsilini əla qiymətlərlə başa vursa da, o dövrün qaydalarına görə təyinatla istehsalata göndərilir. Naftalan sanatoriyasında qısa müddət həkim-ordinator kimi çalışdıqdan sonra məntiqi təfəkkür, yüksək erudisiya, məsuliyyətli yanaşma tərzi onu 24 yaşında sanatoriyanın müalicə işləri üzrə şöbə müdiri vəzifəsinə gətirib çıxarır. Ancaq necə deyərlər, bu, onun hədəfləri deyildi. Təyinat müddətini başa vuran kimi - 1969-cu ildə arzuları onu təhsil aldığı Azərbaycan Tibb İnstitutuna - Patoloji fiziologiya kafedrasının aspiranturasına (doktoranturasına) aparır. O, 29 yaşında professor Cavad Təqdisinin rəhbərliyi ilə 1973-cü ilin mart ayında "Litium və sezium mikroelemetlərinin reaktivliyə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsinə, sonra isə dosent elmi adına layiq görülür. Namizədlik dissertasiyası müdafiə etdikdən sonra Patoloji fiziologiya kafedrasında assistent, müəllim kimi elmi-pedaqoji fəaliyyətə başlayır.
S abir Əliyev burada kafedranın elmi istiqamətlərini dərindən öyrənməklə bərabər, tədris prosesini, dərs yükünün bölünməsi, cədvəllərin hazırlanması, laboratoriya məşğələlərinin təşkili, tədris planları kimi çoxlarının barmaqarası baxdığı məsələləri nöqtə-vergülünə kimi öyrənir, elə bil təhtəlşüurla hiss edərək özünü gələcəyin prorektoru, rektoru vəzifələrinə hazırlayır. Bu fərqli bilgilər, o dövrün qaydalarına görə Moskvadan göndərilən ali təhsil haqqında təlimatları məharətlə Azərbaycan dilinə tərcümə etməsi və əzbər bilməsi tezliklə onu Tibb İnstitutunun ən böyük və mürəkkəb kafedralarından biri olan Patoloji fiziologiya kafedrasının tədris hissə müdiri vəzifəsinə yüksəldir.
Yüksək mədəniyyəti, davranışı və dərin biliyi ilə kafedranın professor-müəllim heyətinin və tələbələrin böyük rəğbətini qazanan Sabir müəllim yorulmaq bilmədən çalışır, həm tədris sahəsində, həm də elmi istiqamətdə yeni uğurlar əldə edir. O, 1992-ci ildə 48 yaşında "Patologiya şəraitində limfanın element tərkibinin dəyişməsi və onun korreksiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə, professor elmi adına layiq görülür, bununla da Qaraqoyunlu dərəsinin professorları sırasına qoşulur. Kollektivdəki böyük nüfuzu, sanballı şəxsiyyət kimi dəyərləndirilməsi, ağayana davranışı bu müdrik insanı 1999-cu ildə Azərbaycan Tibb Universitetinin ən böyük qurumu olan I Müalicə-profilaktika fakültəsinin dekanı, 2001-ci ilin fevral ayında isə Patoloji fiziologiya kafedrasının müdiri vəzifəsinə gətirib çıxarır. Tədris sahəsindəki mükəmməl bacarıqlar, yüksək elmi nəticələr, parlaq istedad və kollektivin dərin rəğbəti 2001-ci ildə professor Sabir Əliyevi Azərbaycan Dövlət Tibb Universitetinin Tədris işləri üzrə prorektoru (indi Tədris və müalicə işləri üzrə prorektoru) edir. Sabir müəllim 23 ildir bu vəzifəni şərəflə, vicdanla icra edir. Həm də bu vəzifəni icra edərkən həmişə ağayana, təmkinli, sanballı, həm də nəcib və xeyirxah bir mövqe nümayiş etdirib.
Professor Sabir Əliyev 2015-2016-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin rektoru vəzifəsini də yüksək səviyyədə yerinə yetirmiş, göstərilən etimadı şərəflə doğrultmuş, səmimiyyəti, məsuliyyəti və təşkilatçılıq istedadı ilə kollektivin, professor-müəllim heyətinin və tələbələrin dərin hörmət və rəğbətini qazanmışdır. Bunlarla yanaşı, professor uzun illərdir ki, ATU-nun Elmi şurasının və fakültə Elmi şurasının üzvü, ATU-da tədris olunan bütün ixtisaslar üzrə dərslik və dərs vəsaitlərinin çap olunmasına dair Metodik Komissiyanın sədri, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Patoloji fiziologiya", həmçinin bir neçə digər yaxın ixtisaslar üzrə yaradılan Dissertasiya şuralarının sədri vəzifələrini də uğurla yerinə yetirməkdədir.
Gərgin təşkilatçılıq fəaliyyəti, çoxsaylı ictimai vəzifələri, Azərbaycan səhiyyəsi qarşısında daşıdığı böyük məsuliyyət hissi professor Sabir Əliyevi elmi yaradıcılıqdan ayıra bilməyib. Gənclik illərindən bağlandığı Patoloji fiziologiya elmi onun istedadı, fəhmi, ardıcıl tədqiqatları və yuxusuz gecələri hesabına bir çox yeniliklər, kitablar, dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər, proqramlar, elektron atlas-dərsliklərlə zənginləşib. Azərbaycan, rus və ingilis dillərində yazılmış və illüstrasiyalarla müşayiət olunan patofizioloji elektron atlas-dərslik, 2 cilddən ibarət Patoloji fiziologiyadan dərslik, Azərbaycan və rus dillərində yazılmış "Patoloji fiziologiya" adlı dərs vəsaiti, "Patoloji fiziologiyadan situasiya məsələləri", 3 dildə yazılmış "Abituriyent - 2020" kitabları və digər çoxsaylı nəşrlər məhsuldar alimin gərgin elmi yaradıcılığının parlaq nümunələridir.
Bununla yanaşı, bir çoxu nüfuzlu xarici jurnallarda çap edilən 400-dən çox elmi əsərin müəllifi olan professorun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 3 doktorluq, 20 namizədlik dissertasiyası işi müdafiə olunub ki, bu da onun elmi potensialının zənginliyinin, gənclərə daim göstərdiyi qayğının bariz nümunəsidir.
Professor Sabir Əliyevin səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti istər dövlət, istərsə də Səhiyyə Nazirliyi, Tibb Universitetinin rəhbərliyi və kollektivi tərəfindən layiqincə dəyərləndirilmişdir. Belə ki, o, "Tərəqqi" (2007) və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" (2023) medallarına, "Səhiyyə əlaçısı" döş nişanına (1986), "Əməkdar müəllim" (2020), "Əməkdar elm xadimi" (2010), "Azərbaycanın tanınmış alimi" (2003), dəfələrlə "İlin prorektoru" fəxri adlarına layiq görülmüşdür. Beynəlxalq səviyyədə tanınmış alim, həmçinin "Türk dünyasına hizmetlerinden dolayı Uluslararası Altın Yıldız" medalı, BMT-nin "Şərəf və vicdan" ordeni, Avropa Akademiyasının "Nikolay Piroqov Ordeni", "Hippokrat ordeni", "İbni Sina diplomu", "Avropa Şərəf ordeni", "Wilhelm Conrad Röntgen Medalı", Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü diplomu və digər çoxsaylı beynəlxalq mükafatlarla təltif edilmişdir.
Sabir müəllimin daha bir ali məziyyəti onun böyük vətənpərvərliyi, milli təəssübkeşliyi xalqa, dövlətə səmimiyyətlə bağlılığı ilə əlaqəlidir. Atası Cahan kişinin ömrü boyu ermənilərlə mübarizə aparması, evlərində daim mövcud olan milli əhvali-ruhiyyə, şovinist millətçilərin əhatəsində böyüməsi, şahidi olduğu irili-xırdalı hadisələr, Qərbi Azərbaycan ağrısı, Xocalı soyqırımı, torpaqlarımızın işğalı onu fədakar bir azərbaycanlı kimi formalaşdırmışdır. Siyasi uzaqgörənliyi və iti fəhmi də bu işdə onun köməyinə gəlmişdir. O, keçən əsrin 60-cı illərindən ümummilli liderə tükənməz inam və ehtiramla yanaşmış, onun dövlət quruculuğu istiqamətində gördüyü titanik işləri, məqsədyönlü fəaliyyəti doğru-düzgün dəyərləndirə bilmiş, 90-cı illərin əvvəllərində ölkəmizdə baş verən xaos və qarşıdurmalar zamanı qətiyyətlə onun mövqeyini müdafiə etmişdir.
Bu o zamanlar idi ki, bəziləri "bəlkə də qaytardılar" ümidilə sovet ideologiyasını, bəziləri "qan-qan" deyən radikalları, hakimiyyətdən təzə getmiş Ayaz Mütəllimovu, bəziləri də hakimiyyətə yeni gəlmiş islahat illüziyası yaradan qüvvələri dəstəkləyirdi. Məhz o ağır günlərdə say-seçmə Azərbaycan ziyalıları kimi, professor Sabir Əliyev də Yeni Azərbaycan Partiyasını, onun liderini xalqımızı düşdüyü ağır bəladan qurtara biləcək yeganə qüvvə kimi dəyərləndirərək partiya sıralarına daxil oldu. 1992-ci ildən qəlbən bağlandığı YAP-ın ATU-da ilk təşkilatının yaradılmasına, Bakı şəhərində və bütün ölkədə partiyanın nüfuzunun yüksəlməsinə, onun sıralarının genişlənməsinə, mövqelərinin möhkəmlənməsinə sədaqətlə və səmimiyyətlə xidmət etmiş, bu günə qədər də bu qədim təhsil ocağının Yeni Azərbaycan Partiyası təşkilatına uğurla rəhbərlik edir.
Mən alicənab, ağırtəbiətli, təmkinli və tədbirli, dədə-babadan xüsusi nüfuzlu şəxslərə deyildiyi kimi, "köhnə kişilərdən" olan bu insan haqqında düşünərkən gözlərimin önünə kökləri ilə doğma torpağına möhkəm bağlanaraq ucalan möhtəşəm bir Çinar ağacı gəlir. Küləklərə əyilməyən, tufanlarda sınmayan, həmişə qüdrətli qalan, hər il yarpaqlarını tökərək sanki tələbələrini yola salan, yeni nəsilləri yetişdirərək təzə yarpaqlar açan qol-budaqlı, əzəmətli görünüşü ilə hamını heyran qoyan Çinar ağacı!
Ötən əsrin əvvəllərində Mirzə Ələkbər Sabirin dediyi:
Döysə də canımı minlərcə məlamət ləpəsi...
...Bənzərəm bir qocaman dağa ki, dəryada durar!
misraları sanki Sabir müəllim üçün deyilib. "Canını minlərcə məlamət ləpəsi" döysə də, əqidəsindən, xeyirxahlığından, nəcibliyindən dönməyən, ailə ənənələrini davam etdirərək Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edən, bütün sahələrdəki fəaliyyətini yaradıcı gənclik həvəsi, tükənməz entuziazm və şövq, yüksək məsuliyyət hissi və ağsaqqal müdrikliyi ilə davam etdirən Sabir müəllim həm də dəryanın ortasında dayanan, ləpələrdən, fırtınalardan çəkinməyən, uzaqlardan görünən bir dağa bənzəyir. Bu dağ həyat yollarında çətinliyə düşən minlərlə gəncə mayak kimi yol göstərib, öz möhtəşəmliyi ilə nümunə olub, hələ uzun illər də öz bələdçiliyini davam edəcək! Mən buna inanıram!
Misir MƏRDANOV,
Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyi Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, professor.