Oktyabrın 4-də ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, əməkdar elm xadimi, əməkdar müəllim, tibb elmləri doktoru Sabir Cahan oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Təbabətin aktual problemlərinin müzakirəsinə dair sessiya iclasları ilə başlayan konfransın daha sonra təntənəli açılış mərasimi olub. Bütün tədbir iştirakçılarını salamlayan yubiley konfransının aparıcısı, ATU-nun Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev çox dəyərli qonaqların görkəmli alimin 80 illiyinə təşrif buyurmasından məmnunluğunu ifadə edərək, təbrik üçün ilk sözü universitetin rektoru, professor Gəray Gəraybəyliyə verib.
Təbrik nitqində respublikamızın ictimai həyatında dərin iz qoymuş insanların yubileylərinin keçirilməsi ənənəsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan professor Gəray Gəraybəyli, bu cür ənənələrin hazırda da davam etdirildiyini, belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Çünki keçmişi olmayan xalqın gələcəyi də olmaz. Öz sahəsində, öz sənətində dərin iz qoymuş, zəngin yol keçmiş insanların həyat və fəaliyyətinin öyrənilməsi həm bir məktəbdir, həm də gələcək nəslin tərbiyəsində vacib amildir. Bu baxımdan Azərbaycan Tibb Universiteti ölkəmizin ən zəngin tarixi olan ali məktəblərindən biridir. Amma bu tarixi formalaşdıran heç də quru divarlar, daşlar və yaxud masalar yox, insanlar, sözün əsl mənasında böyük şəxsiyyətlərdir. Məhz ona görə bu gün fəxarətlə deyirik ki, universitetimizin tarixi Əziz Əliyev, Zərifə xanım Əliyeva, Mustafa bəy Topçubaşov, Böyükkişi Ağayev, Cahangir Abdullayev və adlarını çəkmədiyim bir çox görkəmli şəxsiyyətlərlə zəngindir”.
Universitetimizin həyatında dərin iz qoymuş ziyalılarımızın sırasında professor Sabir Əliyevin də xüsusi yer tutduğunu söyləyən rektor, ömrünün 55 ilini bu qocaman ali təhsil ocağına bağlayan yubilyarın çox maraqlı, hərtərəfli və heç də asan olmayan şərəfli bir yol keçdiyini, patofiziologiya elmində bir çox nailiyyətlər əldə etdiyini, əsl pedaqoq olduğunu diqqətə çatdırıb: “Çox hörmətli Sabir müəllim, sizin istər elmi istiqamətdə, istər tədris sahəsində, istərsə də universitetimizin ictimai həyatında böyük xidmətləriniz var. Bir çox diplomlara, orden və medallara, fəxri adlara layiq görülmüsünüz. Bu haqda yəqin ki, ətraflı danışılacaq. Amma mənim düşüncəmə görə, bütün titullarınız, adlarınız içərisində ən böyük adınız MÜƏLLİM adıdır. Bu müqəddəs adın zirvəsinə qalxmaq heç də hamıya nəsib olmur. Siz isə məhz bu zirvəyə ucalmış bir şəxsiyyətsiz".
Tələbəlikdə əziz müəllimindən tibb elmini öyrəndiyini, son 9 ilə yaxın bir müddətdə universitetin rəhbərliyində birgə çalışarkən isə başqa dərslər aldığını deyən rektor, bu səmimi, sadə, uzaqgörən, müdrik insanın yubiley yaşını bir daha bütün kolleqaları, professor-müəllim heyəti, rezidentlər və tələbələr adından təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür diləyib.
Bundan sonra professor Sabir Əliyevin fəaliyyətinə həsr olunmuş "Ömrün müdrik fəsli" adlı film nümayiş etdirilib. Filmdə yubilyarın 80 il əvvəl dünyaya göz açdığı Çəmbərək rayonunun Əmirxeyir kəndinin gözəl mənzərəsi fonunda onun həyat yoluna işıq salınıb. Nümunəvi bir ailədə doğulmasından, uşaqlıq illərindən, Gölkənd kənd orta məktəbini medalla bitirərək Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunmasının Qaraqoyunlu dərəsində böyük əks-səda doğurmasından danışılıb. Ekranda onun çoxşaxəli elmi, pedaqoji fəaliyyətinin bir-birindən zəngin səhifələri canlandırılıb. Film boyu yubilyar haqqında ailə üzvlərinin, dostlarının, həmkarlarının xoş təəssüratları, xatirələri də səsləndirilib. Maraqlı təəssüratların davamı olaraq professor İbadulla Ağayev yubilyarın bioqrafiyasından daha ətraflı söz açıb.
Bildirilib ki, Sabir Əliyev ali təhsilini əla qiymətlərlə başa vurduqdan sonra təyinatla istehsalata göndərilir. Bir müddət Naftalan sanatoriyasının həkim-ordinatoru və müalicə işləri üzrə şöbə müdiri vəzifəsində çalışır. O, 1969-1972-ci illərdə indiki ATU-nun Patoloji fiziologiya kafedrasının aspiranturasında təhsil alır və 1973-cü ildə professor Cavad Təqdisinin rəhbərliyi ilə “Litium və sezium mikroelementlərinin reaktivliyə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edir, Patoloji fiziologiya kafedrasında assistent, müəllim, dosent kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Yorulmadan çalışması sayəsində həm tədris sahəsində, həm də elmi istiqamətdə yeni uğurlara imza atır. O, 1992-ci ildə “Patologiya şəraitində limfanın element tərkibinin dəyişməsi və onun korreksiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə, professor elmi adına layiq görülür. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin ən böyük fakültələrindən biri olan I Müalicə-profilaktika fakültəsinin dekanı, 2001-ci ildə isə Patoloji fiziologiya kafedrasının müdiri vəzifəsinə seçilir. Tədris sahəsindəki bilik və bacarıqları, kollektivdəki nüfuzu nəzərə alınaraq, professor S.Əliyev 2001-ci ildə ATU-nun Tədris işləri üzrə prorektoru təyin olunur. Bu vəzifəni 23 ildir ki, yüksək peşəkarlıqla icra edən professor Sabir Əliyev, bir müddət ona həvalə olunan Azərbaycan Dövlət Tibb Universitetinin rektoru vəzifəsində də etimadı doğruldaraq, səmimiyyəti, məsuliyyəti və təşkilatçılıq qabiliyyəti ilə kollektivin dərin hörmətini qazanır.
İşinin gərginliyinə baxmayaraq, ATU-da tədris olunan bütün ixtisaslar üzrə dərslik və dərs vəsaitlərinin çap olunmasına dair Metodik Komissiyanın sədri, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Patoloji fiziologiya", həmçinin bir neçə digər yaxın ixtisaslar üzrə yaradılan Dissertasiya şuralarının sədri vəzifələrini də uğurla yerinə yetirməkdədir. Həmçinin bir çox kitablar, dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər, proqramlar, Azərbaycan, rus və ingilis dillərində yazılmış və illüstrasiyalarla müşayiət olunan patofizioloji elektron atlas-dərslik, 2 cilddən ibarət Patoloji fiziologiyadan dərslik, Azərbaycan və rus dillərində yazılmış "Patoloji fiziologiya" adlı dərs vəsaiti, "Patoloji fiziologiyadan situasiya məsələləri", 3 dildə yazılmış "Abituriyent - 2020" kitabları və digər çoxsaylı nəşrlər heç vaxt elmi yaradıcılıqdan ayrılmayan görkəmli alimin gərgin əməyinin nəticələridir. Bir çoxu nüfuzlu xarici jurnallarda çap edilən 400-dən çox elmi əsərin müəllifi olan professorun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 3 doktorluq, 20 namizədlik dissertasiyası işinin müdafiə olunması onun yüksək səviyyəli kadrların hazırlanmasına göstərdiyi qayğının bariz nümunəsidir.
Professor Sabir Əliyevin səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti istər dövlətimiz, istərsə də Səhiyyə Nazirliyi, Tibb Universitetinin rəhbərliyi və kollektivi tərəfindən layiqincə dəyərləndirilib. Belə ki, o, "Tərəqqi" (2007) və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" medallarına, "Səhiyyə əlaçısı" döş nişanına (1986), "Əməkdar müəllim" (2020), "Əməkdar elm xadimi" (2010), "Azərbaycanın tanınmış alimi" (2003), dəfələrlə "İlin prorektoru" fəxri adlarına layiq görülüb. Beynəlxalq səviyyədə tanınmış alim, həmçinin "Türk dünyasına hizmetlerinden dolayı Uluslararası Altın Yıldız" medalı, BMT-nin "Şərəf və vicdan" ordeni, Avropa Akademiyasının "Nikolay Piroqov Ordeni", "Hippokrat ordeni", "İbn Sina diplomu", "Avropa Şərəf ordeni", "Wilhelm Conrad Röntgen Medalı", Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü diplomu və digər çoxsaylı beynəlxalq mükafatlarla təltif edilib.
Səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov çıxışında professor Sabir Əliyevin Azərbaycan Tibb Universitetinin tarixinə adını yazdırmış bir ziyalı olduğunu qeyd edib. Sabir Əliyevi tələbələrin dostu adlandıran nazir müavini onun tələbələrə daim ədalətli yanaşdığını, eyni zamanda, məsuliyyətli və tələbkar pedaqoq olduğunu deyib: "Sabir müəllimi tələbəlik illərindən tanıyıram. O vaxt hələ prorektor deyildi, dekan da deyildi. Patofiziologiya kafedrasının tədris hissə müdiri idi. Bizim qrupa dərs deməsə də, haqqında tələbələrdən çox müsbət fikirlər eşitmişdim. Universitetin rəhbərliyində birgə çalışdığımız sonrakı illərdə Sabir müəllimin başqa tərəflərini də gördüm. Özünə qarşı tələbkar olduğu kimi, əməkdaşların işinə də həmişə tələbkarlıqla yanaşan Sabir müəllim həm də vətənpərvər bir insandır. O, xarici qonaqlarla görüşlərdə mütləq siyasi problemlərə toxunar, ermənilərin təcavüzü, Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı, xüsusilə, soydaşlarımızın Qərbi Azərbaycandan zorakılıqla qovulması barədə danışardı".
Zahirən çox ciddi, ağır təbiətli bir insan təsiri bağışlayan Sabir müəllimin həm də incə yumor hissinə malik bir insan olduğunu xatırladan nazir müavini, bu gözəl yubiley günündə onu və ailə üzvlərini təbrik edib, həmişə belə gümrah qalmasını arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov çıxışı zamanı öncə Sabir müəllimin mənsub olduğu ailənin Qaraqoyunlu mahalında, Qərbi Azərbaycanda, Gəncəbasarda böyük nüfuz sahibi olmasına diqqət çəkib. Onun vətənpərvərliyi, milli təəssübkeşliyi, xalqa, dövlətə bağlılığını belə bir ailədə böyüməsi ilə əlaqələndirib: "Atası Cahan kişinin ömrü boyu ermənilərlə mübarizə aparması, şovinist millətçilərin əhatəsində böyüməsi, evlərində daim mövcud olan milli əhval-ruhiyyə, şahidi olduğu irili-xırdalı hadisələr, Qərbi Azərbaycan ağrısı, Xocalı soyqırımı, torpaqlarımızın işğalı onu fədakar bir azərbaycanlı kimi formalaşdırmışdır. Siyasi uzaqgörənliyi və iti fəhmi də bu işdə onun köməyinə gəlmişdir. O, keçən əsrin 60-cı illərindən etibarən Ümummilli Liderə tükənməz inam və ehtiramla yanaşmış, onun dövlət quruculuğu istiqamətində gördüyü titanik işləri, məqsədyönlü fəaliyyəti doğru-düzgün dəyərləndirə bilmiş, 90-cı illərin əvvəllərində ölkəmizdə baş verən xaos və qarşıdurmalar zamanı qətiyyətlə onun mövqeyini müdafiə etmişdir".
İndiki səviyyəyə öz savadı, bacarığı, zəhməti və səbri ilə pillə-pillə ucalan Sabir müəllimi yubileyi münasibətilə təbrik edən natiq, eyni zamanda onun fəaliyyətinə verdikləri yüksək dəyərə görə rektor, professor Gəray Gəraybəyli başda olmaqla yubiley tədbirinin təşkilatçılarına Qaraqoyunlu camaatı, Qərbi Azərbaycan icması adından təşəkkürünü bildirib.
Sonra yubiley konfransına Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin tapşırığı ilə gəldiyini söyləyən şuranın sədr müavini Bayram Yusifov öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb. Ulu Öndərin ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmasını xatırladaraq qeyd edib ki, Sabir müəllim məhz belə ağsaqqallardandır. O, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinskinin təqdimatı əsasında Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin qərarı ilə professor Sabir Əliyevin “Respublikanın fəxri ağsaqqalı” adına layiq görüldüyünü diqqətə çatdırıb və xüsusi döş nişanını yubilyara təqdim edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov çıxışında Sabir müəllimə xas olan əsas xüsusiyyətləri böyük tarixi şəxsiyyətlərdən gətirdiyi sitatlarla səciyyələndirib: “Antik yunan filosofu Sokrat deyirdi ki, elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. Sabir müəllimin xeyirxahlıq, heç kəsə pislik etməmək, heç kəsə mane olmamaq kimi yüksək insani keyfiyyətləri var və ona görə də sevilir. Hər birimizin sevimlisi Sabir müəllimi çalışdığım universitetin kollektivi və Çəmbərək rayon icması adından təbrik edir, ona nəvələrinin, nəticələrinin əhatəsində möhkəm cansağlığı arzulayıram!”
Konsert proqramı ilə davam edən tədbirin sonunda yubilyar təşəkkür nitqi söyləyib. Professor S.Əliyev bildirib ki, əvvəlki natiqlərin də dediyi kimi, elm adamlarının yubileylərinin qeyd edilməsi ənənəsi Ulu Öndərin adı ilə bağlıdır və möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir: “Mənim yubiley tədbirim də bu ənənəyə sadiq qalan Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin xeyir-duası ilə keçirildi. İlk növbədə səhiyyə naziri Teymur Musayevə, universitetimizin rektoru Gəray Gəraybəyliyə təşəkkür edirəm. Eyni zamanda təşkilati məsələlərin ağırlığını öz üzərinə götürən, kitabların nəşrində, filmin ərsəyə gəlməsində xüsusi zəhməti olan Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımova minnətdaram. Öz dəyərli vaxtlarını ayırıb yubiley tədbirində iştirak edən köhnə dostlarıma, akademiyanın üzvlərinə, deputatlara, universitetimizin professor-müəllim heyətinə, təsərrüfat işçilərinə, elimin-obamın mötəbər insanlarına, Qərbi azərbaycanlılara, Qaraqoyunlu camaatına dərin ehtiramımı çatdırıram. Son olaraq deyim ki, hamının xoşladığı bir kəlam var: “Allahımdan razıyam”. Mənə görə isə xoşbəxt o adamdır ki, Allah ondan razıdır. Allah sizdən razı olsun, zəhmətinizi halal edin”.