Oktyabrın 24-də ATU-nun böyük akt zalında Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, hamımızın sevimlisi Fidan Hacıyeva və onun yaratdığı Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin nəzdində Opera Teatrının solistləri geniş konsert proqramı ilə çıxış ediblər.
İlk söz Fidan Hacıyevaya verilib və o, professor-müəllim heyətinin, tələbələrin alqış sədaları altında Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərini səsləndirib.
Konsertin aparıcısı – ATU-nun II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Nigar Babayeva həyatda ən böyük arzusu vokal musiqi məktəbi yaratmaq olan xalq artistinin 2016-cı ildə öz istəyini reallaşdırdığını tamaşaçıların diqqətinə çatdırıb. Artıq istedadlı gənclərimizə dəstək olmaq və Azərbaycan musiqisini bütün dünyada təbliğ etmək arzusu uğurla həyata keçən sənətçi öz tələbəsi Emin İsmayılovla səhnəyə dəvət olunub. Onların ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrə və Əsgərin dueti” tamaşaçılara zövqlü anlar yaşadıb.
Yeni musiqi nömrəsinə keçiddən öncə xalq artisti F.Hacıyevanın təkcə Azərbaycan musiqisini dünyaya tanıtmaqla kifayətlənmədiyi, hansı ölkədə olmasından asılı olmayaraq, 30 ildə xalqımızın başına gələn faciələri ictimailəşdirdiyi, yeni yaradılmış Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin ilk konsertinin də məhz 2017-ci ilin fevralında Xocalı soyqırımına həsr olunduğu vurğulanıb. Sevimli sənətçinin vətənpərvərliyi və vətənpərvər gənclərimizin yetişməsindəki rolu bir daha xatırladıldıqdan sonra söz yenidən musiqiyə verilib. Vokal musiqi məktəbinin üzvləri Emin İsmayılov və Orxan Cabbarov Tofiq Quliyevin “Sənə də qalmaz”, Emin, Orxan, Altun və Asim isə “Dörd dost”, eləcə də Rauf Məmmədzadə Müslüm Maqomayevin “Mavi əbədilik” mahnılarını xüsusi məharətlə ifa edərək tamaşaçıların alqışları ilə qarşılanıblar.
Beləcə, Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin üzvlərinin bənzərsiz ifaları ilə rəngarəng musiqi nömrələri bir-birini əvəz edib: “Arşın mal alan” operettasından “Popuri”, “Telli və Vəlinin dueti”, “Nazəndə Sevgilim” (Andrey Babayev), “Tarantella” (Coakkino Rossini), italyan mahnıları – “Popuri” və “Brindisi” (Cüzeppe Verdi).
Xalq artisti F.Hacıyeva dəfələrlə Türkiyənin Mersin, İstanbul, İzmir, Ankara teatrlarının səhnəsində yaratdığı “Karmen” obrazını Azərbaycan Tibb Universitetinin səhnəsində də canlandırıb.
Anşlaqla keçən konsert Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin nəzdində Opera Teatrının solistləri və xalq artistinin özü tərəfindən “Azərbaycan” mahnısının möhtəşəm ifası ilə sona çatıb və tamaşaçılar da onlara qoşulub.
Bu səmimi ortamda səhnəyə qalxan universitetin rektoru, professor Gəray Gəraybəyli öz adından və professor-müəllim heyəti, tələbələr adından Fidan xanıma və onun yaratdığı məktəbin üzvlərinə təşəkkürünü bildirib. Xalq artistinin ölkəmiz, xalqımız qarşısında xidmətlərini yüksək qiymətləndirən rektor, onun Tibb Universiteti ilə dostluğunun davamlı olacağına, hətta nə vaxtsa istedadlı tələbələrimizlə müştərək konsert verəcəyinə əminliyini ifadə edib.