İİV və vərəm xəstəliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Azərbaycan Tibb Universitetində “Sağlamlığa xidmət” İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib

 Seminarı Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli açaraq, mövzunun “İİV/Vərəm ko-infeksiyası: İİV-ə yoluxmuş şəxslərdə vərəmin kliniki xüsusiyyətləri” olduğunu deyib.

O, ATU-nun cəmiyyət üçün maraqlı, faydalı, xüsusilə də səhiyyə icması üçün aktual olan problemlərlə əlaqədar tədbirlərə ev sahibliyi etdiyini bildirərək, tələbələrə üz tutub: “Gənc nəslin müəyyən məsələlərlə bağlı maariflənməsi çox vacibdir. Xüsusilə də nəzərə alsaq ki, əhalinin sağlamlığı bilavasitə sizin əlinizdə olacaq. Yaxın gələcəkdə sizlər səhiyyə siyasətini formalaşdıracaq, səhiyyə sisteminin bazisi olacaq gənclərsiniz. Bu gün İİV xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil edilib. İnanıram ki, hər biriniz bundan lazımi fayda götürəcəksiniz”.

F.Mədətli sonra sözü Milli Məclisin deputatı Pərvanə Vəliyevaya verib. Millət vəkili “Sağlamlığa xidmət” İctimai Birliyində fəaliyyətə başladığını, burada əsas işinin vərəmlə bağlı layihələrin icrasına yönəldiyini bildirib: “Eyni zamanda, COP29 Təşkilat Komitəsində təmsil olunuram. Ölkəmizin BMT-nin nüfuzlu və mötəbər tədbirlərindən birinə ev sahibliyi etməsinə sayılı günlər qalıb. Burada da səhiyyə sahəsi aktual mövzulardan biridir. Noyabrın 18-də Səhiyyə Günü elan ediləcək. “Yaşıl zona” hər kəsə açıqdır. COP29 saytından qeydiyyatdan keçməklə “Yaşıl zonada” təşkil olunacaq tədbirlərdə iştirak edə bilərsiniz. Hər birinizi həm seminarımızda, həm də keçiriləcək tədbirlərdə aktiv iştiraka dəvət edirəm”.

Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov bu cür lazımlı tədbirə görə millət vəkilinə təşəkkürünü bildirib. O, seminarın əhəmiyyətinə toxunaraq, İİV-vərəm mövzusunun aktual mövzulardan biri olduğunu qeyd edib. Bildirib ki, vərəm həkimlərin çox ehtiyatla yanaşdığı təhlükəli xəstəliklərdəndir: “Ona görə də hər birinizin bu barədə maariflənməsi və ətraflı məlumat alması olduqca vacibdir. Aktiv olun, sizi maraqlandıran suallara cavab alın”. Prorektor bu cür tədbirlərin davamlı keçiriləcəyini diqqətə çatdırıb.

TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin əməkdaşı Aygün Xəlilova çıxışında vərəmin geniş yayılmış xəstəlik olduğunu vurğulayıb: “O, istənilən orqan və toxumaları zədələyə bilər. Bəzən uzun müddət bu xəstələr aşkarlanmamış qalır. Departamentin əməkdaşı kimi diqqətinizə çatdıra bilərəm ki, TƏBİB 2020-ci ildə vərəmlə mübarizəni öz üzərinə götürdükdən sonra bu sahədə bir çox işlər görüb. Bu sahədə ilk addım ilkin səhiyyə xidmətini vərəm əleyhinə mübarizəyə inteqrasiya etmək, yəni vərəmin aşkarlanmasını önə çəkmək oldu. Bunun da üstünlüyü o oldu ki, az maliyyə ilə qısa müddətdə və ağırlaşma olmadan xəstələri müalicə edə bildik, insanların yoluxmasının sayı azaldı. Cəmiyyət bu məsələ ilə bağlı nə qədər çox maariflənsə, müsbət nəticə də bir o qədər çox olar”.

 Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova öz çıxışında İİV xəstəliyindən, ona yoluxma yollarından, dünya və ölkəmizdə bu sahədə olan vəziyyətdən bəhs edib. O, İİV və vərəm viruslarının xəstə orqanizmdə hansı fəsadlar törətməsi və yoluxmadan qorunma yolları barədə geniş danışıb. Vərəmin COVİD 19 epidemiyasından sonra ən çox insan ölümünə səbəb olduğunu diqqətə çatdırıb: “ÜST-ün məlumatına görə, 2022-ci ildə dünyada vərəmdən 1.3 milyondan çox insan vəfat edib. Onlardan 167 mini İİV-lə yaşayanlar olub. 2022-ci ilin sonuna olan məlumata görə, dünyada 10.6 milyon nəfər vərəm virusundan əziyyət çəkir. Vərəm xəstəliyinin müalicəsi var və 6 ay ərzində tam sağalmaq mümkündür. Amma İİV infeksiyasının müalicəsi ömürlükdür. Dünyada İİV infeksiyası daşıyıcılarının sayı 39.9 milyon təşkil edir. Onlardan yalnız 30.7 milyonu müalicə alır. Bu o deməkdir ki, 10 milyona yaxın insan epidemioloji təhlükə törədənlərdir və onlar başqalarını yoluxdurmaqda davam edirlər.

Ölkəmizdə epidemioloji vəziyyət Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nəzarəti altındadır. Hazırda İİV virusu ilə yaşayanların sayı 10108 nəfərdir. Onların 69.5 faizini kişilər, 30.5 faizini isə qadınlar təşkil edir. İndiyədək  ölənlərin sayı 1516 nəfərdir”. Direktor müavini Mərkəzin ictimaiyyət arasında apardığı anonim müayinələr və maarifləndirmə işlərindən də söhbət açıb.

Seminar müzakirə və sual-cavab formasında öz işini başa çatdırıb.