Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş seminar keçirilib

Yüksək potensiallı gənclərin elmi araşdırmalara cəlb edilməsində TEC mühüm platformadır

Oktyabrın 31-də Azərbaycan Tibb Universiteti Tələbə Elmi Cəmiyyətinin bu günü və inkişaf perspektivləri mövzusunda seminar keçirilib. Tədbiri giriş nitqi ilə açan TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Muşviq Həsənov əvvəlcə seminarda iştirak edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanovanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və işlərində uğurlar arzulayıb.

Sözünə davam edən M.Həsənov vurğulayıb ki, TEC-in əsas vəzifələrindən biri xüsusi bacarıq və elmi istedada malik olan tələbələri tədqiqat işlərinə cəlb edərək üzə çıxarmaqdır: “Yaxşı mütəxəssis olmaq üçün araşdırma aparmaq, proqnozlaşdırmaq və statistik təhlil etmək bacarıqlarına da yiyələnmək lazımdır. TEC-in fəaliyyət proqramına daxil olan məsələlər sırasında bir sıra universitetlərin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşülməsi və onlar arasında koordinasiyanın qurulması da yer alır. Bu da tibbin aktual sahələrinə dair elmi araşdırmaların aparılması və müasir tibb təhsilinə inteqrasiya baxımından böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə işlər aparılır və hələlik Naxçıvan Universiteti ilə müştərək elmi konfrans keçirilib. Belə tədbirlərin mütəmadi təşkil olunması tələbələrin gələcək elmi fəaliyyətinin stimullaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Elmi rəhbərlərə tövsiyə edərdim ki, tələbələrə aparacaqları elmi tədqiqatların istiqamətləri təkrar olunmamaq şərti ilə aktual mövzular versinlər”.

TEC-in uğurlarından da danışan M.Həsənov nəzərə çatdırıb ki, həm ölkə daxilində, həm də xaricdə tələbələrimiz beynəlxalq konfranslarda daim iştirak edir və bir sıra nailiyyətlər qazanıblar. Məsələn, bu yaxınlarda keçirilən Avrasiya Pediatrlarının Beynəlxalq Konqresində tələbələrdən Həmid Səfərli və Səbinə Həsənzadə ən yüksək pillədə yer alıblar.

Toplantıda iştirak edən Elm departamentinin Startap və elmi tədbirlərin koordinasiyası şöbəsinin koordinatoru, təşkilat komitəsinin sədr müavini, dosent Ayət Cəfərova Azərbaycan Tibb Universitetinin tələbələri üçün “Startaplara ATU ilə başla” layihəsi çərçivəsində təlimlərin keçirildiyini bildirib. 89 tələbənin qeydiyyatdan keçdiyini, 62 tələbənin isə sertifikat aldığını söyləyən A.Cəfərova növbəti dövr üçün startap təlimlərinin planlaşdırılması barədə də məlumat verib.

Bundan sonra TEC-in sədri Həmid Səfərli hesabat məruzəsi ilə çıxış edib. Qurumun hazırkı fəaliyyəti və gələcək planları haqda məlumat verən H.Səfərli qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri tələbələrin aşağı kurslardan başlayaraq akademik fəaliyyətə cəlb edilməsidir. Onun sözlərinə görə, 2024- 25-ci tədris ilində “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı”nın Azərbaycan Tibb Universitetində keçirilməsi üçün hazırlıqlara başlanılıb.

TEC-in beynəlxalq əlaqələr üzrə sədr müavini Səbinə Həsənzadə elmi məqalələrin beynəlxalq konfranslara və jurnallara göndərilməsi prosesi haqda çıxış edib və elmi tədqiqat yolunda ilk addımlarını atan gənclərlə təcrübəsini bölüşüb.

İclasda “İlin ən yaxşı elmi-tədqiqat işi, startap layihəsi” adlı ənənəvi konfransın və monotematik seminarların keçirilməsinin planlaşdırılması, eləcə də TEC-in əsasnaməsinə uyğun olaraq üzvlük formasının hazırlanması müzakirə olunub. Bundan başqa, TEC-in loqosu, gerbi və startaplarla bağlı roll-upların ilkin nümunələri nümayiş etdirilib. Eləcə də TEC-in jurnalının hazırlanması üçün ilkin təşəbbüslər irəli sürülüb, 2024-25-ci tədris ilində keçiriləcək fakültə konfransları müzakirə edilən məsələlər sırasında olub. 

Tədbirdə çıxış edən prorektor, professor M.Sultanova vurğulayıb ki, tanınmış, məşhur alimlər vaxtilə TEC-in fəal üzvləri olub və onlar ilk addımlarını da məhz tələbəlik illərində atıblar. O, tələbələrin elmi fəaliyyətinin aktivləşdirilməsinin universitet qarşısında duran ən vacib vəzifələrdən biri olduğunu bildirib. Məhz bu istiqamətdə fəaliyyəti canlandırmaq üçün elmi potensialı yüksək və elmi araşdırmalara marağı olan tələbələrin cəlb edilməsində TEC-i mühüm platforma adlandırıb. Prorektor onu da əlavə edib ki, tələbələrin öz nəzəri biliklərini elmi cəhətdən əsaslandırması üçün universitetdə hər cür imkanlar var. Əgər bu istiqamətdə hər hansı problem yaranarsa, rəhbərlik yenə də öz dəstəyini əsirgəməyəcək.

Sonda tələbələr ATU-nun rektoru, professor Gəray Gəraybəyli başda olmaqla, universitetin rəhbərliyinə, o cümlədən TEC-ə dəstək göstərən dekanlıqlara və elmi rəhbərlərə, həmçinin bütün tədbir iştirakçılarına öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, diskussiya şəklində təşkil olunmuş tədbirdə II Müalicə-profilaktika, Əczaçılıq, Stomatologiya fakültələrinin dekanları İsrail Məhərrəmbəyli, Fərəh Mədətli və Elmira Əliyeva, Hərbi tibb fakültəsi üzrə TEC-in elmi rəhbəri Saleh Əhmədov və başqaları iştirak edirdi.