Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları - professor Şakir İbrahimli, assistent Ziyalı Rzayev və doktorant Hilalə Abbasova yerli və beynəlxalq səhiyyə üçün aktual mövzulardan biri üzrə növbəti elmi tədqiqat işinin eksperimental hissəsini müvəffəqiyyətlə yekunlaşdırıblar.
ATU-nun 3-cü cərrahi xəstəliklər kafedrasının professoru Şakir İbrahimlinin və elmi araşdırmalar mərkəzinin direktoru Orxan İsayevin rəhbərliyi ilə kafedranın doktorantı Hilalə Abbasovanın apardığı elmi araşdırma işi “Kəskin pankreatitin diaqnostikasının və kompleks mualicəsinin optimallaşdırılması“ mövzusuna həsr edilib.
Elmi tədqiqat işinin eksperimental hissəsi ATU-nun Elmi Araşdırma mərkəzində 48 dovşan üzərində icra edilib. Eksperiment zamanı iki qrup üzrə tədqiqat aparılıb. Nəzarət qrupuna 12 dovşan, əsas qrupa isə 36 dovşan daxil edilib. Məqsəd öd-xloroform qarışığını (hər 10 qram çəkiyə 0,3 -0,5 ml olmaqla) mədəaltı vəz toxumasına yeritməklə, kəskin pankreatit modelini yaradaraq qanın koaquloqrammasında və mədəaltı vəzin toxumasının mikrohemosirkulyator və mikrolimfosirkulyator sistemində baş verən patomorfoloji dəyişiklikləri eksperimentdən 24, 48 və 72 saat sonra öyrənməkdən ibarət olub.
Nəticədə kəskin pankreatit modeli yaradıldıqdan 24 saat sonra pankreasda nekrozların baş verməsi 48,72 saat sonra isə prosesin daha da dərinləşdiyi müşahidə olunub.
Normada və eksperimentin hər 24, 48 və 72 saatından sonra qanın koaquloqrammasında və pankreasda baş verən patomorfoloji dəyişikliklər qanın müayinəsi və pankreasdan götürülən 3-4 tikəni patomorfoloji müayinənin nəticəsinə əsasən qiymətləndirilib.
Qeyd edək ki, indiyədək Tədris Cərrahiyyə Klinikasında kəskin pankreatiti olan 4 xəstənin müalicəsinə ilk dəfə endolimfatik müalicə də daxil ediib. 1-ci və 2-ci barmaqlar arasından dəri daxilinə və dəri altına rəngləyici indiqokarmin mayesi yeridildikdən 3-4 dəqiqə sonra ayaqarxası nahiyyədən 0,5-1 sm köndələn istiqamətdə kəsilən dəri kəsiyindən sonra rənglənmiş daha optimal limfa damarı seçilmiş ,ətraf toxumalardan ayrılmış və sonra xarici diametri 0,2 mm olan tedovo tipli kateter limfa damarına daxil edilmiş,kateter limfa damarı üzərinə və dəriyə fiksə edildikdən sonra avtomatik inyektorla (Leneomat) endolimfatik müalicə aparılmışdır.