Gənc tədqiqatdı gələcəkdə plastik cərrah olaraq ixtisaslaşmağı hədəfləyir

 

Ankarada anadan olan Nurican Sert üç uşaqlı bir ailənin ən kiçik övladıdır. Həkim olmaq onun uşaqlıq arzusu idi və bu sahəyə marağının yaranmasında həm anasının, həm də atasının böyük rolu olub. Valideynləri hər zaman Nuricanın tibb sahəsində fəaliyyət göstərməsini arzulayıblar və bu yolda ona daim dəstək veriblər. Hazırda I Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsidir və təhsil müddətində elmi tədqiqatlara marağı daha da artıb. Gənc tədqiqatçı “Uşaqlarda aseptik meningitin görünmə sıxlığı və müalicə prinsipləri” adlı ilk məqaləsinin elmi sahədə mühüm bir başlanğıc kimi onun iş karyerasına da müsbət təsir etdiyini, indiyədək iki dissertasiya və dörd məqaləsinin dərc olunduğunu, artıq beşinci məqaləsini də yazmağa başladığını deyir.

Tibb Universitetini seçməyinin əsas səbəbi insanlara birbaşa yardım etmək istəyi və uşaqlıqdan gələn həkim olmaq arzusu ilə bağlıdır: “Anam və atam hər zaman cəmiyyətə faydalı bir insan, xüsusilə də həkim olmağımı istəyirdilər. Bu isə mənə güclü motivasiya verirdi. Doğmalarım arasında sağlamlıq sahəsinə maraq göstərənlər olduğu üçün doğru seçim etdiyimi, tibb təhsili müddətində insanların həyatını yaxşılaşdırmağın və sağlamlıqlarına töhfə verməyin əhəmiyyətini özüm də daha yaxşı anladım.

Adını çəkdiyim məqaləni hazırlayarkən, əsas məqsədim peyvənd olunmayan uşaqlarda menengitin ağırlaşmasının və buna bağlı ölümlərin qarşısını almaq idi. Xüsusilə, COVID-19 pandemiyası zamanı peyvəndləmə prosesinə laqeydlik bir çox uşaqda infeksiyaların daha ağır keçməsinə səbəb olurdu və bu duruma tədqiqatımda xüsusi diqqət ayırdım. Məqalə Ə. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında aparılan klinik və laboratoriya işlərinə əsaslanıb. Tədqiqatda 32 uşaq üzərində beyin onurğa mayesi araşdırmaları aparılıb və prokalsitonin testinin diaqnoz prosesindəki rolu qiymətləndirilib.

Məqalənin hazırlanmasında mütəxəssis doktor Məlahət Bağırovadan böyük dəstək aldım. Universitet daxilində birincilik diplomu qazanan məqaləni Naxçıvan Dövlət Universitetində də təqdim etdim. Bu təqdimatda da mükafatlandırıldım və işimin beynəlxalq səviyyədə maraq doğurması məni çox qürurlandırdı. Daha sonra İstanbul Yeditepe Universitetindən dəvət alaraq məqaləmi oradakı konqresdə təqdim etmək imkanı əldə etdim. Bu proses mənim elmi karyeramda mühüm bir mərhələ oldu və mənə beynəlxalq sahədə daha çox iş görmək üçün motivasiya verdi”.

N. Sert Elmi tədqiqatlara marağının nəzəri biliklərin real həyatda necə tətbiq oluna biləcəyini öyrənmək istəyi ilə başladığını bildirir: “Tədqiqat aparmaq öyrəndiyim bilikləri daha dərindən anlamağa və yeni həll yolları tapmağa kömək etdi. Beləliklə, tədqiqat sahəsində ilk ciddi addımımı atdım və bu məqalə mənim üçün həm elmi, həm də şəxsi uğur oldu. Hazırda beşinci məqaləmi yazaraq, uşaqlarda infeksiyaların qarşısının alınması ilə bağlı yeni müalicə strategiyaları üzərində fokuslanıram. Tədqiqatlarımın əsas məqsədi uşaqların sağlamlığına töhfə vermək və cəmiyyətdə peyvəndləmə anlayışını artırmaqdır”.

Gənc tədqiqatdı gələcəkdə plastik cərrah olaraq ixtisaslaşmağı hədəfləyir. Onun sözlərinə görə, plastik cərrahiyyə həm estetik, həm də rekonstruktiv əməliyyatlarla insanların həyat keyfiyyətini artıran bir sahədir. O, anadangəlmə deformasiyaların düzəldilməsi, travma sonrası rekonstruksiya və estetik müdaxilələrə ehtiyac olan müxtəlif sahələrdə çalışaraq fiziki və psixoloji sağalmalara töhfə vermək arzusundadır: “Estetik cərrahiyyə insanların özünə olan güvənini artırdığı üçün peşəkar məmnuniyyət səviyyəsi çox yüksək olan sahələrdən biridir. Bu sahədə uğur qazanacağıma inanıram. Çünki tibb təhsilim boyunca qazandığım bilik, tədqiqat təcrübələrim və insan sağlamlığına olan bağlılığım məni məqsədlərimə çatdıracaq. Plastik cərrahiyyənin təklif etdiyi yenilikçi texnologiyalar və müalicə yanaşmaları mənim üçün həm ilhamverici, həm də motivasiyaedici rol oynayır.

Tibb təhsili çox intensiv və çətin bir prosesdir, amma müəllimlərim və qrup yoldaşlarımın dəstəyi bu prosesi daha səmərəli hala gətirdi. Nəzəri bilik çoxluğu ilə yanaşı, praktik tətbiqlərə və xəstəliklərin analizinə daha çox diqqət yetirilməsini vacib sayıram. Xüsusilə, plastik cərrahiyyə kimi praktikaya əsaslanan sahələrdə daha çox simulyasiya və klinik tətbiqlərin olması tələbələrin bu sahədə daha hazırlıqlı olmasını təmin edə bilər. Bundan başqa, imtahan sisteminin əzbərə əsaslanmasından çox, klinik düşüncə və xəstəliklərin idarə olunması üzərinə fokuslanmasının zəruriliyini düşünürəm. Bu cür dəyişikliklər tibb təhsilinin keyfiyyətini artırar və tələbələrin daha yaxşı həkim olmasına kömək edər”.