BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ATU-nun İctimai səhiyyə fakültəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Uşaq və yeniyetmələrin sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Babayeva açıb. O, yaxın günlərdə ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətini qeyd edərək, İctimai səhiyyə fakültəsi tələbələrinin iqlim dəyişikliyinin ətraf mühitə və sağlamlığa təsiri ilə bağlı apardığı araşdırmanın nəticələri barədə təqdimat olacağını bildirib.
Elmi işlər üzrə prorektor, professor Məlahət Sultanova öz çıxışında iqlim dəyişikliklərinin bütün dünyada, o cümlədən də Azərbaycanda ətraf mühitə və insan orqanizminə göstərdiyi təsirlərə diqqət çəkib. Bu cür həyati əhəmiyyətli mövzuya həsr olunmuş dünyanın ən ali tədbirinin ölkəmizdə keçirilməsinin qürurverici olduğunu vurğulayıb. O, tələbələrin hazırladığı layihənin əhəmiyyətini qeyd edib.
Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov noyabrın xalqımız üçün bayramlar ayı olduğunu, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbənin ildönümünü – Zəfər Gününü xalqımızın yenə təntənəli şəkildə qeyd edəcəyini nəzərə çatdırıb: “Bunun ardınca Dövlət Bayrağı Gününü bayram edəcəyik. Daha sonra isə ölkəmiz üçün tarixi əhəmiyyətli COP29 keçiriləcək”.
Prorektor M.Səfərov və ondan sonra çıxış edən Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov COP29-un dünya üçün önəmindən bəhs edib, dövlətimizin bu mötəbər tədbiri də həmişəki kimi, uğurla keçirəcəyinə əminliklərini bildiriblər. Onlar tələbələrin hazırladığı layihəni təqdirəlayiq qiymətləndiriblər.
Sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin hazırladığı “fleşmob COP29” videoçarxı nümayiş olunub.
İctimai səhiyyə fakültəsinin 5-ci kurs tələbəsi Nailə Əhmədova adıçəkilən fakültənin tələbələrinin hazırladığı “İqlim təsirləri – gələcək həkimlərin gözü ilə” layihəsini diqqətə çatdırıb. Bildirib ki, layihə çərçivəsində iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə tələbələr tərəfindən sorğular aparılıb. O öz məruzəsində iqlim dəyişikliklərinin təbiətdə və insan həyatında hansı fəsadlara və xəstəliklərə səbəb olmasından geniş bəhs edib.
Məruzə tədbirdə iştirak edən müəllimlər və tələbələr tərəfindən müsbət qiymətləndirilib. Fakültənin dekanı, dosent Qalina Qəniyeva layihənin iştirakçılarına - Nailə Əhmədova, Familə Babazadə, Cavid Əhmədov, Ruslan Dursunov, Fateh Əsədbəyli, Cəmilə Məmmədzadə, Leyla Cavadova və Səmayə Sadıxovaya sertifikatlar təqdim edib, videoçarxda yer alan tələbələr isə mükafatlandırılıb. Tədbirin sonunda təşkil olunan interaktiv oyunun qalibləri də diqqətdən kənarda qalmayıb.