Rektor, professor Gəray Gəraybəyli: Tarixi zəfərimizin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdu
Azərbaycan Tibb Universitetinin məzun və tələbələri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həmişə öndə olublar. 20 Yanvar hadisələri, I-II Qarabağ müharibələri, Aprel döyüşləri və antiterror əməliyyatları zamanı universitetimizin 32 məzun və tələbəsi şəhidlik zirvəsinə ucalıb. Onlar canları və qanları ilə tarix yazan qəhrəmanlarımızın sırasındadırlar.
İstər döyüşlər zamanı, istərsə də arxa cəbhədə məhz ağxalatlı həkimlərimizin fədakarlığı sayəsində xeyli sayda yaralılar həyata qayıdıb. Onlar bir əlində həkim çantası, o biri əlində isə silah düşmənlərlə döyüşüb, müqəddəs həkimlik peşəsini layiqincə yerinə yetirib, xalqımıza Zəfər Gününün sevincini yaşadıblar.
Bu gün Azərbaycan Tibb Universitetində 8 Noyabr - Zəfər Gününün 4-cü ildönümü təntənəli şəkildə qeyd olunub. Əvvəlcə universitetin rəhbərliyi ATU-nun həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib. Daha sonra II Müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsi Nigar Babayevanın aparıcılığı ilə tədbir keçirilib. O, çoxəsrlik tariximizin millətimizin şanlı döyüş yolu ilə zəngin olduğunu, qazi və şəhidlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın erməni işğalından azad edildiyini bildirib.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himnimiz səsləndirilib.
Universitetin rektoru, professor Gəray Gəraybəyli tədbir iştirakçılarını şanlı Zəfər Günü münasibəti ilə ürəkdən təbrik edib, xalqımızın tarixində bu günün ən əziz və ən müqəddəs bayramlardan biri olduğunu vurğulayıb: “Çünki bu bayram qazi və şəhidlərimzin qanı və canı bahasına əldə olunub. Üzümü tələbələrimizə tutub deyirəm ki, sizlər anadan olanda torpaqlarımız ermənilərin işğalı altında idi. 27 ildən çox idi ki, biz o torpaqları itirmişdik. 4 il öncə Qarabağda hərbi əməliyyatlar cəmi 44 gün çəkdi. Noyabrın 8-i Qarabağın ürəyi Şuşa özünün azadlığına qovuşdu. Bizim nəslə torpaqlarımızı itirmək ağrısını yaşamaqla yanaşı, həm də azad olunması sevincini yaşamaq nəsib oldu. Şükürlər olsun ki, siz gənclər ərazi bütövlüyü təmin olunmuş Azərbaycanın vətəndaşlarısınız”.
Rektor bu tarixi zəfərin vacib məqamlarına da toxunub. Bildirib ki, son 200 ildə ilk dəfə idi ki, torpaqlarımız işğaldan azad olunurdu: “Burada mən türk dünyasının böyük oğlu, Nobel mükafatı laureatı Əziz Sancarın bir sözünü xatırlatmaq istərdim. O deyirdi ki, Qarabağ zəfəri son 200 ildə bütün türk dünyasının ən böyük zəfəridir.
4 il öncəyədək dünyada Azərbaycanın sanki öz torpaqlarını itirməsi ilə barışacağı fikri formalaşmışdı. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar belə düşünürdü. 44 günlük müharibə isə bütün dünyaya Azərbaycanın əsl mövqeyini, qətiyyətini göstərdi.
Bir məsələni xüsusi vurğulamaq istərdim ki, tarixi zəfərimizin əsası hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Ümummilli Lider beynəlxalq tədbirlərdə Azərbaycan xalqının torpaqların itirilməsi ilə razılaşmayacağını dönə-dönə deyirdi. Məhz həmin siyasətin nəticəsi olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbəmizin rəmzi olan “Dəmir yumruq” öz işini gördü və zəfərimiz reallaşdı. Bu münasibətlə hər birinizi təbrik edirəm”.
Sonra müharibə zamanı hərbçilərlə çiyin-çiyinə xidmət aparan hərbi tibb işçilərinin fədakarlığını əks etdirən videoçarx nümayiş olunub.
Hərbi Tibb Fakültəsi Tibbi profilaktika kafedrasının rəisi, tibb xidməti polkovniki Şahin Süleymanov çıxışında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri II Qarabağ müharibəsi zamanı 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kəndi işğaldan azad edib: “Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət göstərdi. Düşmənin 30 il ərzində düzəltdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Bu tarixi qələbədə Hərbi tibb fakültəsinin zabit-müəllim heyəti, rezident və kursantlarının mühüm rolu var. HTF-nin məzunlarından 14 həkim və feldşer bu müharibədə şəhid oldu. Onların keçdiyi şərəfli yol gələcək tələbə və kursantlara bir qəhrəmanlıq nümunəsidir”.
Fakültədə şəhidlərin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edən Ş.Süleymanov söyləyib ki, onları hər bir Azərbaycan vətəndaşı tanımalıdır: “ATU-nun həyətində şəhid hərbi həkim və feldşerlərin xatirəsinə abidə kompleksinin ucaldılması, fakültəmizdə onların xatirəsinə stendlərin hazırlanması, kitabxanaya, mühazirə və konfrans zallarına adlarının verilməsi bu hörmət və ehtiramın bir nümunəsidir”.
Daha sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Teatr klubu”nun üzvü olan tələbələr tərəfindən müharibə günlərindən bəhs edən səhnəcik nümayiş olunub. Tələbələrin ifasında ön cəbhədə hərbi həkimlərin qəhrəmanlığını, evlərində isə ailə üzvlərinin nigarançılığını, qələbəyə inamını əks etdirən səhnəcik tədbir iştirakçılarını qürur hissiylə duyğulandırıb.
Qeyd edək ki, tədbir başa çatdıqdan sonra universitetin rəhbərliyi Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri olan əməkdaşlarla görüşüb.
Rektor, professor Gəray Gəraybəyli Zəfər Günü ərəfəsində hər kəsin ikili hisslər keçirdiyini, həm sonsuz qürur yaşadığını, həm də şəhidlərimizə görə kədərləndiyini bildirib. O, 30 ildir həsrətində olduğumuz torpaqların məhz bu gənclərin şücaəti, yenilməzliyi sayəsində azadlığına qovuşduğunu qeyd edərək, Prezident İlham Əliyevin illərdir apardığı müdrik siyasət nəticəsində vətənpərvər nəslin yetişdiyini vurğulayıb. Hər kəsi Zəfər Günü münasibətilə təbrik edən rektor, xalqımıza yalnız xoş günlər nəsib olmasını arzulayıb.
Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov universitetimizin şəhid ailəsi üzvü olan əməkdaşlarının daim rəhbərliyin diqqət mərkəzində olduğunu, onların sosial problemlərini həllinə yardım göstərildiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən hər iki Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri göstərilən diqqətə görə rektor başda olmaqla, universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.