Tədqiqatçı tələbələrimizin təqdimatları davam edir. Rubrikamızın bu dəfəki qonağı I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Zəhra Həsənlidir
Zəhra uşaqlıqdan elmin müxtəlif sahələrinə, xüsusilə də təbiət elmlərinə böyük maraq göstərib. Həmişə cəmiyyətə və insanlara ən çox fayda verə biləcəyi bir peşəyə sahib olmağı arzulayıb. Həkimlərin cəmiyyətdə oynadığı rolu və insanların həyatında yaratdığı fərqi görmək onu bu sahəyə yönəldib. Həmçinin, valideynlərinin həkim olması və onların insanlara göstərdiyi əvəzsiz xidmət ixtisas seçimində güclü bir nümunə olub.
Onunla eyni peşəni seçən tələbə yoldaşları sarıdan da şanslı olduğunu düşünür: “Onlar mənim üçün əvəzsizdir və universitet illərini unudulmaz edən də məhz onlardır. Həm dərslərdə, həm də şəxsi inkişafda bir-birimizə dəstək olur və birlikdə irəliləyirik. Müəllimlərimizin də hər biri mənim üçün çox dəyərlidir, hər birinə sonsuz rəğbət və sevgi bəsləyirəm. Əksər müəllimlərimiz həqiqətən bizim gələcəkdə peşəkar bir həkim kimi yetişməyimiz üçün əlindən gələni edir və fədakarcasına çalışırlar. Amma universitetimizin təhsildə müsbət tərəfləri ilə yanaşı, inkişaf etdirilməsi gərəkən məqamları da var və dinamika müsbətə doğrudur. Fikrimcə, klinik fənlərin tədrisi üçün daha çox sayda xəstəxananın prosesə cəlb olunması tələbələrin praktik bilik və təcrübələrinin inkişafında mühüm rol oynayar və təhsilin keyfiyyətini daha da artırar”.
Uşaqlıqdan elmə və hər şeyin səbəbini araşdırmağa böyük həvəs göstərdiyini deyən tədqiqatçı tələbə tibbin daim yenilənən, innovativ fikirlər və fərqli baxış bucaqları ilə inkişaf edən bir elm sahəsi olduğunu, ona görə də bu sahədə çalışmağın hər zaman maraq doğurduğunu söyləyir: “II kursda iki tələbə yoldaşımla birlikdə bir elmi iş üzərində işlədik və bu proses mənim üçün ilk tədqiqat təcrübəsi oldu. III kursda isə iki fərqli tədqiqat apardım: biri təməl elmlərdən, digəri isə klinik elmlərdən idi. Kliniki sahədəki işimiz universitetin Tələbə Elmi Cəmiyyətində I yerə layiq görüldü. Bundan başqa, həmin işi Naxçıvan Dövlət Universitetində keçirilən “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı”nda və Yeditepe Universitetində keçirilən “Türk Dövlətlərinin I Tıbb Konqresi”ndə təqdim etdim. Bu uğurlar elmi araşdırmalara olan həvəsimi daha da artırdı və məni gələcəkdə başqa yeni araşdırmalar aparmağa ruhlandırdı”.
Z. Həsənlinin tədqiqat işlərindən biri nadir rast gəlinən bir klinik hal – Spinal Əzələ Atrofiyası (SMA) və Duchenne Əzələ Distrofiyasının (DMD) bir xəstədə birgə görülməsi ilə bağlıdır. O bildirir ki, bu iki fərqli genetik xəstəlik oxşar simptomlara malik olsa da, bir arada çox nadir hallarda müşahidə edilir: “Genişlənmiş genetik testlər (MLPA və WES) vasitəsilə hər iki diaqnozu təsdiqləyərək, diaqnostik prosesdə genetik testlərin əhəmiyyətini vurğuladıq. Bu iş, nadir hallarda belə birləşmiş halların diaqnozunda diqqətli olmağın vacibliyini göstərir”.
Tibbin hansı sahəsində ixtisaslaşmağından asılı olmayaraq, gələcəkdə peşəkar bir mütəxəssis kimi yetişməyi qarşısına məqsəd qoyan Z. Həsənli hazırda daha çox onkologiya sahəsinə diqqət ayırır. Xərçənglə mübarizə sahəsindəki inkişaflar və bu sahədə insanlara dəstək olmaq düşüncəsi onu bu istiqamətə yönəltsə də, hələlik ixtisas seçimi dəqiq deyil: “Çünki tibbdə çox müxtəlif sahələr var ki, onların hər birində insan sağlamlığına böyük faydalar vermək mümkündür. Hansı istiqaməti seçsəm də, həm peşəkarlıq, həm də elmi sahədə dəyərli töhfələr vermək baxımından davamlı inkişaf etməyi və araşdırmalar aparmağı əsas hədəf olaraq görürəm. Bu məqsədimə çatmaq üçün qarşıma çıxan hər bir imkandan maksimum yararlanmağa çalışacağam”.