BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, COP29 çərçivəsində aparılan müzakirələr zamanı müvafiq nəticələr əldə olunub və bu istiqamətdə atılacaq növbəti addımlar müəyyənləşib: “COP29 çox uğurlu, məhsuldardır və şübhəsiz, iqlim dəyişikliyi hərəkatı tarixində öz irsini qoyacaqdır. İlk dəfə olaraq insan inkişafına vahid yanaşma gündəmə gətirilib. İqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirələrin mərkəzinə çevrilib, iqlim və sağlamlıq üçün yeni paradiqma irəli sürülüb”.
Nazirin sözlərinə görə, panel müzakirəsinin əsas məqsədi istənilən səhiyyə sisteminin ən vacib komponenti olan səhiyyə işçi qüvvəsindən istifadə etməklə iqlim dəyişikliyinin sağlamlığa təsirlərini azaltmaq üsullarını müəyyən etməkdir: “Həkimlər, tibb bacıları və tibb texnikləri təkcə səhiyyə işçiləri deyil, həm də sağlam cəmiyyətin sütunlarıdır. Səhiyyə mütəxəssislərinin hazırlanması uzunmüddətli, kifayət qədər investisiya tələb edən bir prosesdir və biz səhiyyə təminatçılarının qlobal çatışmazlığı ilə üzləşirik”. Nazir COP29-un gələcək iqlim fəaliyyətinin formalaşdırılması üçün bir platforma olaraq unikal rola malik olduğunu vurğulayıb: “Diqqətçəkən nailiyyətlərdən biri “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılması təşəbbüsüdür. İqlim dəyişikliyi və sağlamlıqla bağlı fəaliyyətin davamlılığının təmin edilməsi sağlamlığın iqlim dəyişikliyi gündəliyinin mərkəzinə uğurla yerləşdirilməsi üçün çox vacibdir. İqlim dəyişikliyi gündəliyi indi səhiyyə gündəmindən ayrılmazdır. Hesab edirəm ki, Bakı Konfransındakı müzakirələr bu hərtərəfli gündəliyin irəliləməsinə güclü təkan verəcək”.
Panel müzakirəsində, həmçinin ÜST-ün ölkə ofisinin rəhbəri Hande Harmancı, Afrika üzrə İqlim Dəyişikliyi, Sağlamlıq və Ətraf Mühit Qrupunun regional rəhbəri Yeremiya Muşoşo, Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İsrail Səhiyyə Nazirliyi Ətraf Mühit Epidemiologiya Departamentinin müdiri İzabella Karakis, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və digərləri iştirak ediblər.