Əməkdaşımız “Sülh və firavanlıq üçün ekoloji körpü” forumunda çıxış edib

ADA Universitetində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xəzər Həftəsi çərçivəsində “Sülh və firavanlıq üçün ekoloji körpü” adlı forum keçirilib

Forum çərçivəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayzanın moderatorluğu ilə “Qarabağın yenidən qurulmasına təkan verən dinc gələcəyin qurulması: Yaşıl enerji həllərinin tətbiqi, dayanıqlı iş yerlərinin yaradılması və ağıllı kəndlərin qurulması” və digər müxtəlif mövzulara həsr olunmuş panel müzakirələr aparılıb.

Ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində təşkil edilən bu forumda geniş təcrübəyə malik yerli və xarici ekspertlər çıxış ediblər. Hökumətin məcburi köçkünlərin öz evlərinə qayıtmasına hərtərəfli kömək göstərdiyi, onların həyatını rahatlaşdırmaq üçün mühüm tədbirlər gördüyü vurğulanıb. Eyni zamanda iqlim dəyişikliyi göstəricilərinin araşdırılması, ətraf mühitin mühafizəsi, işğaldan azad edilmiş ərazilərdə lazımi infrastrukturun yaradılması, o cümlədən əhalinin sağlamlığının qorunması ilə bağlı problemlərə toxunulub.

Foruma qatılan ATU-nun Onkoloji Klinikasının həkim-radioloqu Cəlalə Axundova da panel müzakirələrində çıxış edib. O daha çox sağlamlıq məsələlərinə diqqət çəkərək, dünyada ölüm sayına görə ilk yerlərdən birini tutan xərçəng xəstəliyinin Azərbaycanda da geniş yayıldığını bildirib. Qeyd edib ki, ekoloji problemlər, xüsusilə havanın uzun müddətli çirklənməsi onkoloji xəstəliklərin artmasına səbəb olur. Həmçinin torpaq və suyun kimyəvi tullantılardan çirklənməsi səbəbindən qida məhsullarına zərərli kimyəvi əlavələr qarışır ki, bu da orqanizmdə müxtəlif xərçəng formaları yaradır. Onun sözlərinə görə, iqlim dəyişikliyi, havanın hərarətinin yüksəlməsi nəticəsində infeksiyaların sayının çoxalması da xərçəng riskini artıran faktorlardan biridir. Məhz bu baxımdan forumda ekoloji problemlərin müzakirəyə çıxarılmasının əhəmiyyətindən söz açaraq, təmiz ətraf mühitin və “yaşıl artım”ın onkoloji xəstəliklərin də azalmasına müsbət təsir göstərəcəyini söyləyib.

Forumda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma, ağıllı kəndlərin və yaşıl zonaların qurulması məsələləri haqqında iştirakçılara məlumat verilib.

COP29 konfransının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadın göstəricisi kimi dəyərləndirilib.