Rektor, professor Gəray Gəraybəyli: Öz üzərində işləməyən müəllim, pedaqoji fəaliyyətini yüksək səviyyəyə çatdıra bilməz
Noyabrın 26-da Böyük Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilk öncə Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayevi 60 illik yubileyi münasibətilə təbrik edib, ona işlərində yeni-yeni uğurlar diləyib.
Bundan sonra gündəlikdə duran məsələlər diqqətə çatdırılıb. II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəylinin “Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlanmasının yaxşılaşdırılması işində kollektiv qarısında duran vəzifələr”ə dair hesabat məruzəsi dinlənilib.
Çıxışına fakültənin yaranma və inkişaf tarixi ilə başlayan dekan, kollektiv qarşısında duran məsələləri nəzərə çatdırıb. O bildirib ki, fakültənin əsas vəzifəsi respublika səhiyyəsinin müxtəlif sahələri üçün mütəxəssislər hazırlamaqdan ibarətdir: “Kollektivimiz öz məsuliyyətini dərk edərək, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün fəaliyyətini normativ sənədlərə uyğun həyata keçirir. Belə ki, 2019/2024-cü tədris illərində fakültə əməkdaşları Azərbaycan Respublikasının “Təhsil qanunu”, “Dövlət ali təhsil müəssisəsi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nı, səhiyyə və təhsil nazirlərinin, habelə ATU rektorunun əmrlərini, Elmi Şuranın qərar və metodik göstərişlərini və digər normativ sənədləri rəhbər tutaraq tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsinə çalışır”.
Sözünə davam edən natiq fakültənin strukturu, elmi şurası və ictimai təşkilatlarının fəaliyyəti haqqında da ətraflı məlumat verib: “Hazırda fakültənin nəzdində fəaliyyət göstərən 17 kafedrada 464 nəfər professor-müəllim və texniki heyət üzvü çalışır. Bunlardan 3 nəfəri AMEA-nın müxbir üzvü, 48 nəfəri elmlər doktoru-professor, 106 nəfəri elmlər namizədi-dosent, 164 nəfəri assistent, 14 nəfəri baş müəllimdir. Ümumilikdə 332 nəfər professor-müəllimə təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsində 132 nəfər yardımçı personal kömək edir ki, bunlardan da 57 nəfəri baş laborantdır. Fakültədə 2353 tələbə var ki, onlardan 1722-i Azərbaycan, 182-si rus, 449-u isə ingilis bölməsində təhsil alır. Təhsil alanlardan 586 nəfəri xarici ölkə vətəndaşlarıdır”.
İ.Məhərrəmli qeyd edib ki, fakültədə tədris prosesi Elm və Təhsil Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş Əsas (baza) ali tibb təhsilinin ixtisas üzrə təhsil proqramına uyğun yeni standartla həyata keçirilir: “Yeni standartda tibb ixtisasına uyğun yeni fənlər (Kliniki bacarıqlar, torakal cərrahiyyə, kardiocərrahiyyə, plastik cərrahiyyə, təcili tibb) yer alıb. Bunları nəzərə alan dekanlıq Tədris Departamenti və İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsi birlikdə bu fənlər üzrə tədris proqramları hazırlayıb, mühazirə və seminarların təqvim-mövzu planı tərtib edilib. Bu baxımdan fakültə əməkdaşları tədris planının yerinə yetirilməsini dərs ilinin ilk günlərindən nəzarət altına alaraq, tədris prosesinin düzgün təşkil edilməsinə, onun səmərəsinin artırılmasına çalışır. Dərs ilinin ilk günlərindən tədris işi fakültə kafedralarının əsas fəaliyyətini təşkil edir, kafedraların illik iş planları təsdiq olunub və plana uyğun iş qurukub. Bununla yanaşı, tədris yükünün əməkdaşlar arasında bölünməsinə nəzarət olunub, dərs cədvəlləri, ayrı-ayrı fənlər üzrə təqvim-mövzu planları tərtib edilib. Bunun bariz nümunəsi olaraq, 2022-ci ildə tibb təhsilinin fənn proqramları beynəlxalq akkreditasiyadan keçib və sertifikatla təltif olunub. 2020/21-ci ildən tədris proqramının lazımi səviyyədə mənimsənilməsini təmin etmək üçün nəzəri kafedralarda slayd təqdimatından, klinik kafedralarda isə fənlər üzrə klinik bacarıqların yoxlanılmasından istifadə olunur. Bu da tələbələrin hələ kurs imtahanlarından xeyli əvvəl tədris proqramını nə dərəcədə mənimsəməsini, hansı çətinliklərlə üzləşdiklərini müəyyənləşdirməkdə böyük əhəmiyyət kəsb edir. Tədris prosesində sərbəst işlərin qəbul edilməsi fənn üzrə yekunda obyektivlik gözləməyə kömək edir və öyrədici xarakter daşıyır. Bu metodika həm də tələbələrdə fənnə, tədrisə düzgün münasibət, qarşıya qoyulan məqsədə nail olmaqda prinsipial, inadkar olmaq kimi əhəmiyyətli, həmçinin dəyərli keyfiyyətlərin meydana çıxmasında və formalaşmasında mühüm əhəmiyyət daşıyır”.
Kafedralarda professor-müəllim heyətinin dərsə davamiyyətinə diqqət yetirildiyini söyləyən dekan bildirib ki, pedaqoji ustalığı artırmaq və tədrisin effektivliyini yüksəltmək üçün müəllimlərin qarşılıqlı dərsi dinləmə və kafedra müdirlərinin nəzarət məqsədilə dərslərdə mütəmadi iştirakı kimi tədbirlər həyata keçirilir: “Artıq 2021/2022-ci tədris ilindən klinik bacarıqları mükəmməl və son klinik protokollarda əksini tapmış qaydalara uyğun şəkildə öyrənmək üçün fakültənin 5-ci və 6-ci kurs tələbələri Seçenov Universitetinin Bakı filialının Bakı Sağlamlıq Mərkəzində - filialın klinik bazasında yerləşən Tədris-Simulyasiya Mərkəzində cədvəllər üzrə treninqlərdə iştirak edirlər. Treninqlər əsasən Cərrahi xəstəliklər, Uşaq xəstəlikləri, Daxili xəstəliklər və Ginekologiya fənləri üzrə klinik bacarıqları əhatə edir ki, bu da tələbələrin marağından irəli gəlir. Bundan başqa, tədris prosesinin gedişatı müntəzəm surətdə kafedra iclaslarında təhlil olunaraq geniş müzakirə edilir və onun təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Məlumdur ki, tədrisin səviyyəsi ayrı-ayrı fənlər üzrə tələbələrin ilkin mənimsəmə və keyfiyyət göstəricilərinə görə qiymətləndirilir. 2023/24-cü tədris ilinin qış imtahan sessiyasında iştirak edən 2148 tələbədən 2071-i semestri akademik borc olmadan başa vurub ki, bu da ilkin mənimsəmənin 96,4% olduğunu göstərir. Bundan başqa, məcburi tədris fənnini keçib, lakin imtahanda “qeyri-müvəffəq” qiymət alan və fənlərin mənimsənilmə ardıcıllığına görə dərslərə buraxılmayan tələbələr üçün payız semestrində dinləmələr təşkil edilib. 116 tələbə 46 fəndən 212 halda, yaz semestrində isə 155 tələbə 55 fəndən 266 halda təkrar dinləmələrə cəlb olunub”.
Çıxışında tələbələrin tədris fəaliyyətinin aktivləşməsində Tələbə Elmi Cəmiyyətinin və onun tərkibində fəaliyyət göstərən dərnəklərin rolundan danışan dekan vurğulayıb ki, kafedralar tələbələrin elmi işlərə cəlb edilməsinə diqqət göstərirlər: “Hazırda fakültəmizdə TEC xətti ilə 100-dən çox tələbə elmi dərnəklərdə çalışır. Cari ildə fakültədə TEC-in konfransında 100-dən çox məruzə dinlənilib. Onlardan 2022-ci ildə Fəridə Ağayarlı və Səbinə Hüseynzadə Tacikistanda, 2023-cü ildə isə Hollandiyada, 2024-cü ildə Eldar Baxşəliyev Hollandiyada və eləcə də Gülgün Məmmədli Özbəkistanda keçirilən beynəlxalq konfranslarda çıxış edərək müvafiq yerlər tutub və sertifikatlarla təltif olunublar. Həmçinin Fidan Seyfullayeva, Həmid Səfərli və Zibər Yusifli Naxçıvanda keçirilən “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı”nda universitetimizi müvəffəqiyyətlə təmsil ediblər.
Fakültənin fəaliyyət istiqamətlərindən biri də, tələbələr arasında mədəni-sosial işin təşkili və tərbiyəvi işin aparılmasıdır. Hazırda universitetin nəzdində fəaliyyət göstərən dərnəklərdə, teatr klubunda, eyni zamanda idman klubunda çoxsaylı tələbələrimiz bölmələr üzrə iştirak edir. 2021-ci ildə ATU-nun 90 illik yubileyinə həsr olunmuş fakültələrarası idman yarışında iştirak edən II MPF tələbələri ümumi xal hesabına görə I yerə layiq görülərək, diplom və kubokla mükafatlandırılıblar”.
Məruzə ətrafında çıxış edən Ümumi cərrahiyyə kafedrasının müdiri Elçin Ağayev, Ailə təbabəti kafedrasının müdiri İbrahim İsayev, Patoloji anatomiya kafedrasının müdiri Ədalət Həsənov və ATU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvü Aidə Bəndəliyeva dekanlığın işini yüksək qiymətləndiriblər. Natiqlər İsrail müəllimin tələbələrə sevgi və qayğısından bəhs edib, onların problemlərini daim nəzarətdə saxladığını və tələbələrin yaxın dostu olduğunu dilə gətiriblər. Çıxışlarında dekanlıqla kafedraların operativ əlaqəsinin ümumi fəaliyyətin effektivliyini əhəmiyyətli surətdə artırdığını bildirən natiqlər, mövcud problemlərə dair bir sıra təkliflərini də səsləndiriblər.
Müzakirələri yekunlaşdıran rektor, professor Gəray Gəraybəyli son illər dekanlıqların işində böyük dönüş yarandığını, tədris prosesinin müasir tələblərə uyğun qurulduğunu vurğulayıb: “Mən də burada deyilənlərlə həmfikirəm ki, dekanlıq tərəfindən kafedraların yoxlanılması, təqdimatların yazılması və zəruri tədbirlər görülməsinə, eyni zamanda sosial layihələrin həyata keçirilməsinə və tələbələrin iştirakı ilə elmi konfransların təşkilinə məsuliyyətlə yanaşılır. Bütün fakültələrdə dekan birinci şəxsdir və onlar tədris, ictimai nəzarət və eləcə də elmi işin aparılması proseslərində həlledicidirlər. Təbiidir ki, artıq tələbə auditoriyası köhnə üsullarla aparılan tədris prosesini qəbul eləmir. Bəzən tələbələr mənə müraciət edirlər ki, fılan müəllimi dəyişin. Bəli, müasir dövrdə fərd olaraq müəllim deyil, onun yaradıcı bacarıqları prioritetdir. Və təbii ki, öz üzərində işləməyən müəllim heç vaxt pedaqoji fəaliyyəti yüksək səviyyəyə çatdıra bilməz. Təəssüf ki, hər bir kafedrada belə əməkdaşlar da var. Əgər əməkdaş heç bir elmi işlə məşğul olmursa, onun pedaqoji fəaliyyəti nəyin üzərində qurulacaq? Bu gün dünyada yeni tədris üsulları yaranıb. Hazırda müəllimlərin pedaqoji səriştəsini artırmaq, yeni innovativ üsullardan istifadə bacarığını təkmilləşdirmək məqsədilə yeni müddətə seçilən və yaxud ilkin müəllimlik fəaliyyətinə başlayan əməkdaşlar üçün universitetimizn Tibb və sağlamlıq elmləri kafedrasında “Pedaqoji peşəkarlığın artırılması təlimləri” adı altında kurslar təşkil olunub ki, bu da məhz müəllimlərin təkmilləşməsində böyük rol oynayır”.
Rektor onu da bildirib ki, hazırda universitetimizdə təhsil alan hər bir xarici tələbə gələcəkdə ölkəmizin elm və təhsilininin, mədəniyyətinin potensial təbliğçisidir. Buna görə də onlara yüksək səviyyədə təhsil vermək, diqqət göstərmək üçün xarici dili mükəmməl bilən müəllimlərin sayı artırılmalıdır. Çıxışında müəllimlərin elmi-pedaqoji səriştələrinin yüksəldilməsində elmi-tədqiqat işlərinin vacib rolundan danışan rektor, nizam-intizam məsələsinə də toxunub.
Testlərin hazırlanması, davamiyyət limitinin keçilməsi və digər suallara aydınlıq gətirildikdən sonra müxtəlif məsələlərə baxılıb. Dərmanların alınma texnologiyası və əczaçılıq işinin təşkili ixtisası üzrə əyani doktorant Şirəliyev Bəhruz Əvəz oğlunun təhsilini qiyabi formada davam etdirməsinə münasibət bildiriən şura üzvləri, “Mübadilə proqramlarında iştirak edən təhsilalanların, akademik və inzibati heyətin seçimi və mübadilə proqramlarında iştirak edən təhsilalanların kreditlərinin tanınması” üzrə komissiyanın, həmçinin “Tədris idman kompleksi” və “Təbib” idman klubunun bazasında yeni “TƏBİB” Tədris İdman Mərkəzinin yaradılmasını təsdiqləyib.
Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göndərilən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış klinik protokol və eləcə də patentlərin əldə olunmasının stimullaşdırılması üçün mükafat məbləğləri məsələlərinə münasibət bildirən Böyük Elmi Şura öz işini elmi adları təsdiq etməklə yekunlaşdırıb.