ATU-nun Tədris Cərrahiyyə Klinikasının Klinik diaqnostik laboratoriya şöbəsinin müdiri Leyla Həşimova 13-17 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən XLI Türk Mikrobioloji Konqresində iştirak edib
Konqresdə kliniki hal müzakirələri, mütəxəssislərlə təhlillər aparılıb, iştirakçıları interaktiv şəkildə cəlb edən açıq sessiyalar vasitəsilə görüşlər təşkil olunub. Tədbirin açılışında İnönü Universitetinin professoru Barış Otlu “Antik bakteriyalar və antimikrobial müqavimət” mövzusunda məruzə ilə çıxış edib.
Həkim-mikrobioloq L.Həşimova “Impact of the COVID-19 pandemic on antimicrobial resistance in neonatal sepsis” (COVID-19 pandemiyasının neonatal sepsisdəki antimikrobial davamlılığa təsiri”) adlı elmi işi ilə poster məruzəsi edib.
Konqres zamanı müxtəlif mövzularla (bakteriofaq, antibiotiklərə davamlılıq, parazitologiya, bioinformatika, immunologiya, vərəm, süni intellekt, karyera imkanları) bağlı kurslar da təşkil olunub.
Əməkdaşımız Antibiyotik Duyarlılık Testlerinin Standardizasyonu (ADTS) çalışma qrupu tərəfindən keçirilən “Enine Boyuna β-Laktamazlar Kursu”nda da fəal iştirak edib. Kursun sonunda çalışma qrupunun rəhbəri Deniz Gür tərəfindən iştirakçılara məruzə mövzuları ilə bağlı test sualları verilib, L.Həşimova sualları tez və doğru şəkildə cavablandırıb.