Noyabrın 28-də Rezidentura və Magistratura şöbəsi Tədris Cərrahiyyə Klinikasının Klinik diaqnostik laboratoriya şöbəsi ilə birgə rezidentlər üçün “Beyin-onurğa beyni mayesinin və plevra mayenin mikrobioloji diaqnostikası” mövzusunda seminar keçirib. Tədbirin moderatoru və təşkilatçısı, assistent Namiq Xəlilov bildirib ki, BOM və plevra mayenin laborator diaqnostikası klinisistin emprik müalicədən spesifik müalicəyə yönəlməsinə, bu isə qlobal problem olan dərman davamlılığının azalmasına səbəb ola bilər.
Tədbirdə çıxış edən Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova BOM-un viral infeksiyalarının diaqnostikasında PZR metodunun və sindromik panellərin xüsusilə kritik xəstələrdə həyati vacibliyindən bəhs edib və öz təcrübəsini gənc mütəxəssislərlə bölüşüb.
Klinik diaqnostik laboratoriya şöbəsinin müdiri Leyla Həşimova pasiyentin diaqnostikasının dəqiqliyi üçün klinisist və laborator mütəxəssislərin daim işbirliyində olmasının önəmindən danışıb. O vurğulayıb ki, doğru zamanda, doğru üsul ilə alınmış və doğru vaxtda laboratoriyaya çatdırılmış nümunə preanalitik xətaların qarşısını alır.
Məruzəçi, adıçəkilən şöbənin II kurs həkim-rezidenti Nərmin Salahlı nümunənin doğru götürülməsi, daşınması, saxlanması, nümunə rədd kriteriyaları və laboratoriyaya çatdırılması qaydalarından söhbət açıb. Bildirib ki, doğru götürülməyən hər bir analiz yanlış nəticəyə səbəb ola bilər. BOM və plevra maye steril bədən mayeləridir və mikroorqanizmlərin təsiri səbəbindən onlarda dəyişikliklər baş verir.
Sözünə davam edən məruzəçi əlavə edib ki, zülal, qlükoza, hüceyrə sayı və hüceyrə tipləri bakterial, viral, vərəm və funqal meningitlərdə dəyişir. Plevra mayedə göndəriləcək testə uyğun götürülməli nümunə miqdarını izah edən N.Salahlı normanın biokimyəvi 5 ml, mikrobioloji 5-10 ml, sitoloji 10-25 ml təşkil etdiyini söyləyib və steril bədən mayelərinin mikrobioloji diaqnostikası, hüceyrə sayımı, kultivasiya qaydaları barədə məlumat verib.
Bundan sonra mövzuya uyğun hazırlanmış, situasiya məsələsi seminar iştirakçılarına təqdim olunub.
Tədbirdə II Müalicə profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Gülər Seyidova, dosent Həyat Əliyeva, assistent Məryəm Qasımova, TCK-nın Reanimasiya və neyrocərrahiyyə, Klinik diaqnostik laboratoriya şöbələrinin və eləcə də adıçəkilən kafedranın I və II kurs həkim-rezidentləri iştirak ediblər.