Professor Eldar Qarayev qida və dəm qazı zəhərlənmələrinin səbəblərinə aydınlıq gətirir
Son zamanlar əhali arasında müxtəlif səbəblərdən zəhərlənmə halları ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Alkoqollu içkilər, pomidor turşusu, sirkə essensiyası, göbələk və dəm qazı ilə zəhərlənmələr üstünlük təşkil edir.
Zəhərlənməyə səbəb olan amillər, ilk tibbi yardım, qorunma yolları və s. ilə bağlı Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqatların İdarəolunması Departamentinin rəhbəri, Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Eldar Qarayev “Təbib” qəzetinə açıqlama verib.
Professor bildirib ki, alkoqollu içkilərlə zəhərlənmələr iki səbəbdən baş verir: “Birinci halda baş verən zəhərlənmələr keyfiyyətli hazırlanmış və bütün standartlara cavab verən alkoqollu içkinin artıq miqdarda qəbulu ilə əlaqədardır. Belə alkoqollu içkilərin əsas təsir göstərən komponenti etil spirtidir. Sağlamlıq vəziyyəti, yaş, cins və digər faktorlardan asılı olaraq, alkoqolun dozası hər kəsə fərqli təsir göstərə bilər. Orqanizmə daxil olan alkoqolun detoksikasiyası, əsasən qaraciyərdə alkoqoldehidrogenaza fermenti vasitəsilə həyata keçir. Hətta keyfiyyətli alkoqollu içkinin də təsirindən, orqanizmin onu detoksikasiya edə bilmə qüvvəsinin tükənməsi səbəbindən ölüm hadisəsi də baş verə bilər.
İkinci halda zəhərlənmə keyfiyyətsiz, standartlara cavab verməyən, bəzən ev şəraitində və ya naməlum spirtdən kustar üsulla hazırlanmış alkoqollu içkilərdən baş verir. Belə içkilərin tərkibində etil spirti ilə yanaşı, digər spirtlərin də qarışığına rast gəlinir ki, zəhərlənmə də məhz onların təsirindən yaranır. Belə alkoqollu içkilərdə etil spirtindən əlavə, ondan qat-qat toksik təsirli metil spirti və sivuş yağı qarışığı mövcud olur.
Alkoqollu içkilərlə zəhərlənmələr zamanı ilk yardım kimi çoxlu təmiz su (kalium-permanqanatlı su vermək olmaz) içirtməklə xəstə qusdurulmalı və sonda ona aktiv kömür verilməlidir. Həmçinin təcili yardım çağırılmaqla xəstənin stasionar müalicəsi təmin olunmalıdır”.
Əsasən, yaz və qış aylarında əhali arasında tez-tez rast gəlinən zəhərlənmələrin biri də turşularla bağlıdır. Professor deyir ki, bu məhsullar normativlərə əməl edilmədən hazırlandıqda, sterilləşmə prosesinin düzgün aparılmaması bakteriyaların inkişafına yol açır və həmin qidaların qəbulu zamanı zəhərlənmələr baş verir: “Ağır zəhərlənmələrə daha çox Clostridium botulinum bakteriya toksinləri səbəbindən yaranan və botulizm adlandırılan zəhərlənmələr aid edilir. Bəzən ev şəraitində tərəvəzlərin turşuya qoyulması zamanı evdar qadınlar qidanın keyfiyyətinin artırılması kimi düşünərək, ora aspirin dərman preparatı da əlavə edirlər. Bu zaman dərman preparatının dozası nəzərə alınmır və bu da sonda mənfi nəticələrə gətirib çıxarır.
Turşularla ağır zəhərlənmələrə məişətdə müxtəlif qidaların hazırlanması üçün istifadə edilən sirkə essensiyası ilə zəhərlənmələr də aid olunur. Sirkə essensiyası səhvən, bəzən də özünə qəsd məqsədilə qəbul edilir. Ölkəmizdə belə zəhərlənmələrə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. İlk yardım kimi xəstənin mədəsinin yalnız zond vasitəsilə yuyulması, mədədə turşunu neytrallaşdırmaq məqsədilə tərkibi maqnezium-oksiddən (çay sodası məhlulu məsləhət görülmür) ibarət dərman preparatlarının verilməsi və təcili, 2 saatdan gec olmayaraq xəstəxanaya çatdırılması məsləhət görülür”.
Son zamanlar, xüsusilə payız aylarında göbələklə zəhərlənmə xəbərlərini də eşidirik. E.Qarayevin sözlərinə görə, belə hallar insanların meşədə tanımadıqları, zəhərli göbələkləri toplayaraq qida kimi istifadə etmələri, həmçinin onu tələb olunan qaydada hazırlamamaları nəticəsində baş verir: “Zəhərli göbələklərin qəbulu nəticəsində baş verən zəhərlənmələr ağır nəticələrə və hətta ölümə səbəb ola bilər. Təcili yardım briqadası gələnə qədər ilk görüləcək tədbir mədənin duzlu su ilə (1 xörək qaşığı xörək duzu 1 stəkan ilıq suya əlavə edilir) yuyulması, xəstənin mümkün qədər çox qusdurulmasıdır. Sonda xəstəyə çoxlu miqdarda (7-8 litr) maye içirilir və çəkiyə uyğun olaraq aktiv kömür verilır”.
Zəhərlənmələrdən danışarkən adətən soyuq aylarda müşahidə olunan dəm qazı ilə zəhərlənmələrdən yan keçmək mümkün deyil. Təəssüf ki, əksər hallarda bu cür zəhərlənmələr ölümlə nəticələnir. Müsahibimiz bildirir ki, dəm qazı adlandırılan qazın tərkibi karbon-monooksiddən ibarətdir. Dəm qazı evlərdə qızdırıcı kimi istifadə olunan nasaz sobalar, “kolonka”lar, mətbəxdə qaz sobalarında qazın natamam yanması və sobalardan tüstünün çıxması üçün bacaların düzgün qurulmaması nəticəsində yaranır: “Avtomobillərin işlənmiş qaz qarışıqlarında da onun miqdarı çox olur. Havalandırılmayan otaqda çox tütün çəkən zaman otağın havasında dəm qazının miqdarı artır.
Dəm qazı ilə zəhərlənmələr zamanı ilk yardım kimi xəstə açıq havaya çıxarılmalı, üzəri isti paltarla örtülməli, xəstəyə süni tənəffüs verilməli və yaxud mümkün olduqda oksigen yastığı ilə təmin edilməli, təcili stasionara çatdırılmalıdır. Dəm qazı ilə zəhərlənmə yaxşı sonluqla bitdikdən sonra belə, xəstə uzun müddət müalicə almalıdır. Əks təqdirdə, mütəmadi olaraq yaddaş pozğunluğu, başağrıları və s. fəsadlar ortaya çıxacaq”.