Uşaqlarda virus infeksiyaları çoxalır

Pediatr Qoşqar İsmayılov havaların soyuması ilə aktuallaşan bu mövzu haqda İTV-də danışıb
 ATU-nun Tədris Terapevtik Klinikasının Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin rəhbəri, II Uşaq xəstəlikləri kafedrasının assistenti, pediatr Qoşqar İsmayılov İctimai TV-yə uşaqlarda virus infeksiyaları və onlardan qorunma yolları ilə bağlı müsahibə verib.
Pediatr gigiyena qaydalarına əməl etmək, vaksinasiya və düzgün qidalanmanın viruslardan qorunmaqda nə qədər əhəmiyyətli olduğunu vurğulayıb və valideynlərə faydalı tövsiyələr verib: “Artıq soyuq qış ayları başlayıb. Bu aylarda, əvvəllər olduğu kimi, uşaqlar arasında virus infeksiyaları çoxalıb. Onlardan son vaxtlar daha çox yayılanı Koksaki virusudur. Klinik əlamətləri əsasən yüksək hərarət, qaşınma, eləcə də ağız içərisində qızartılar (buna herpangina da deyirlər), eləcə də dəridə, əl və ayaqlarda səpkilərdir. Əvvəlki illərlə müqayisədə 2024-cü ilin fevralından başlayaraq göy öskürək və buna bənzər infeksiyalar da çox yayılıb. Bağça və aşağı siniflərdə təhsil alan məktəbli uşaqlarda iştahsızlıq, halsızlıq baş qaldırır, hətta vaxtında müalicə edilmədikdə, pnevmoniyaya qədər gətirib çıxara bilir. Son beş ildəki artım tendensiyası bu ilin payızından etibarən də davam edir”.
Q.İsmayılov viruslardakı artımın müxtəlif səbəbləri olduğunu bildirib: “Misal üçün, göyöskürəyin artmasının səbəbi bir il ərzində peyvənddən yayınma halları oldu. Xüsusilə, pandemiya dövründə insanlar evdən çölə çıxmadılar və bundan sui-istifadə edən valideynlər yeni doğulan körpələrini lazımi qaydada peyvənd etdirmədilər. “6-sı birində” deyilən peyvənd var və onun içərisinə daxil olan göyöskürəyə qarşı peyvənd də olunmadığı üçün 2-3 il sonra artıq epidemiya şəklində yayılma aşkarlandı. Halbuki, tələbə vaxtlarımızda biz göyöskürəyi ildə bir dəfə görürdük, ya görmürdük. Amma indi mənə müraciət edən xəstələr içərisində göyöskürək və buna bənzər xəstəliklər çoxluq təşkil edir”.
Həkim veriliş ərzində valideynlərə tövsiyələrini də çatdırıb: “Gigiyena qaydalarına əməl etmək, xüsusilə əlləri təmiz yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək, qapalı məkanlara çox getməmək, eləcə də qeyri-sabit havalarda uşağı bayıra çox çıxarmamaq lazımdır. Bundan başqa, 8-12 saat yuxu rejiminə əməl etmək, ev yeməklərinə üstünlük vermək, uşağı yarımfabrikant qidalardan uzaq tutmaq vacib şərtlərdəndir. Ümumiyyətlə, vitaminlə zəngin olan mövsümi meyvələrə və təbii qidalara üstünlük verilməlidir. Çünki bunlar uşağın sağlam böyüməsinə kömək edir, immuniteti möhkəmləndirir. Qış aylarında səhər və axşam açıq şəraitdə gəzinti olmalıdır. Çünki qapalı məkanlarda havanın keyfiyyəti aşağı düşür və virus infeksiyalarının yayılma ehtimalı çoxalır”.
Mütəxəssis sonda onu da bildirib ki, bu infeksiyalar zamanı istifadə olunan antivirus dərmanları yalnız həkimin nəzarəti altında qəbul edilə bilər. Əgər xəstədə sadalanan əlamətlər varsa, pediatra müraciət edilməli və müayinələrdən sonra müalicə aparılmalıdır.