Professor Rizvan Məmmədov: Hazırda ATU-nun 27 ixtisas üzrə 165 nəfər doktorant və dissertantı var
Universitetimizin tədrislə yanaşı, prioritet sahələrindən biri də elm sahəsidir və bu istiqamətdə görülən işlər həmişə diqqət mərkəzindədir. Keçmiş “Aspirantura və klinik ordinatura” şöbəsinin bazasında yaradılmış “Doktorantura və dissertantura" şöbəsi öz fəaliyyətini uğurla davam etdirir.
Elmi kadr hazırlığı üçün universitetin vahid strukturu olan şöbəyə 2019-cu ildən rəhbərlik edən professor Rizvan Məmmədov “Təbib” qəzetinə açıqlamasında bildirib ki, şöbə öz işini “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na, Universitetin Nizamnaməsinə, şöbənin əsasnaməsinə, Səhiyyə, Elm və Təhsil nazirliklərinin təlimat məktublarına və illik fəaliyyət planına əsasən qurur. Onun sözlərinə görə, universitetin nəzdində olan bütün kafedraların doktorant və dissertantları ilə elmi-tədqiqat işlərinin, yüksək səviyyəli mütəxəssis hazırlığının aparılması, fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik şöbənin kurasiyasındadır. Əsas məqsəd beynəlxalq standartları və dövrün tələblərini nəzərə almaqla, doktorant və dissertantların elmi-tədqiqat işlərinin inkişafına, həmçinin gəncləri daha geniş miqyasda elmi fəaliyyətə yönəltməklə gələcək pedaqoji kadrların hazırlanmasına dəstək olmaqdır.
Doktoranturaya və dissertanturaya qəbul qaydalarından söz açan şöbə müdiri, 2020-ci ildən başlayaraq fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbulla əlaqədar xarici dildən imtahanların Dövlət İmtahan Mərkəzində aparıldığını deyib: “O vaxt doktoranturaya qəbul zamanı ilkin olaraq xarici dildən keçənlərin sayı çox aşağı idi, həmin il sənəd verən 29 nəfərdən cəmi 6 nəfər (16 faiz) qəbul olmuşdu. Sonradan onların sayı get-gedə artmağa başladı. Belə ki, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün doktoranturaya qəbul olanların sayı 2021-ci ildə 26, 2022-ci ildə isə 28 nəfərə çatdı. Xarici dilin əsas götürülməsi ilə əlaqədar doktoranturaya qəbul olunmaq istəyənlər ilk növbədə xarici dildən xüsusi kurslara gedir və xarici dili daha mükəmməl öyrənirlər. ATU-da doktoranturaya qəbul əsasən 3 istiqamətdə - tibb, əczaçılıq və biologiya elmləri üzrə aparılır. Nazirlər Kabinetinin 15 mart 2012-ci il tarixli, 65 saylı qərarında doktorantura səviyyəsində qəbulda əlaqədar ixtisasların təsnifatı verilib. Həmin təsnifata əsasən, tibb elmləri üzrə 42, əczaçılıq üzrə 2 və biologiya üzrə 5 ixtisasdan qəbul aparıla bilər. Hazırda 165 nəfər doktorantımız və dissertantımız var. Onların 54 nəfəri elmlər doktorluğu, 111 nəfəri isə fəlsəfə doktorluğu üzrə çalışır ki, bunlar da 27 ixtisası əhatə edir. Doktoranturaya qəbul qaydalarında da müəyyən dəyişikliklər olmuşdur. Belə ki, doktoranturaya ancaq magistraturanı, rezidenturanı, habelə internaturanı bitirənlərin, dissertanturaya isə 2019-ci ildən başlayaraq həm də yalnız ən azı 2 il elmi və pedaqoji stajı olanların sənədləri götürülür. Son iki ildə tibb elmləri doktoru üzrə doktoranturaya və dissertanturaya qəbul dayandırılmışdır. Amma son 4 ilin statistikasına nəzər salsaq görərik ki, fəlsəfə doktorluğu üzrə doktoranturaya sənəd verənlərin sayı ildən-ilə artır. Bu da o deməkdir ki, doktoranturaya qəbulda daha çox müsabiqə olur. ATU-da xarici tələbələrin sayı təxminən 50 faizdir və xarici qruplarda ingilis dilində yüksək səviyyədə dərs apara bilən kadrlara ehtiyac duyulur. Əminliklə deyə bilərəm ki, doktorantura təhsilini başa vurub müdafiə edərək elmi dərəcə alanlar öz ixtisaslarına uyğun kafedralarımızda pedaqoji fəaliyyət göstərməklə, bu sahədə kadr qıtlığını aradan qaldıracaqlar”.
Doktoranturaya sənəd qəbulunun son 4 ildə elektron portal vasitəsi ilə aparıldığını deyən professor R.Məmmədov sentyabra qədər kafedralara xüsusi məktublar göndərdiklərini və vakant yerlər üçün sifarişlər aldıqlarını diqqətə çatdırıb: “Həmin sifarişləri ümumiləşdirib Səhiyyə Nazirliyinə göndəririk və aprel ayında vakant yerlərin elanı Səhiyyə Nazirliyinin orqanı olan “Tibb” qəzetində dərc edilir. Sonra portal vasitəsi ilə bu elanlara uyğun elektron formada ərizələrin qəbuluna başlayırıq. Ərizələrin qəbulu zamanı sənədlər ciddi yoxlamalardan keçir. Ötən ildən etibarən doktoranturaya qəbul olanların hər birinin sənədində elmi rəhbərin şəxsi imzası ilə razılıq məktubları da öz əksini tapır. Əks halda, sənəd qəbul olunmur. İyun ayında Dövlət İmtahan Mərkəzində xarici dildən qəbul imtahanı aparılır. 50 sualın 25-dən çoxuna düzgün cavab verənlər növbəti imtahanlara, yəni fəlsəfə və ixtisas imtahanlarına buraxılırlar. 30 və daha çox bal toplayanlar isə 5 il müddətinə minimum imtahan verməkdən azad olunur. İyun ayında imtahanlar başa çatdıqdan sonra nəticələr universitetə göndərilir, sentyabr ayında fəlsəfədən qəbul imtahanı universitetin Test Mərkəzi, ixtisasdan isə rektorun xüsusi əmri ilə təşkil olunmuş Qəbul Komissiyası tərəfindən şifahi şəkildə aparılır. Qəbul imtahanının nəticələri Nazirlər Kabinetinin qəbul etdiyi “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”nın 3.13 və 3.14 bəndlərinə əsasən imtahan komissiyasının qərarına uyğun təsdiq edilir. Həmçinin ildə 2 dəfə (aprel və dekabrda) ixtisas fənnindən minimum imtahanı keçirilir. Qəbul imtahanında 25-29 arası bal toplayanlar minimum imtahanları Dövlət İmtahan Mərkəzində verirlər”.
Şöbə müdirinin sözlərinə görə, fəlsəfə doktoru üzrə doktoranturaya qəbul əyani və qiyabi formada aparılır. Əyani təhsil 3 il, qiyabi təhsil 4 ildir. Dissertanturada təhsil müddəti isə elmi dərəcəyə uyğun - fəlsəfə doktoru üzrə 4 il, elmlər doktoru üzrə 5 il olmaqla dəyişir. Qəbul olduqdan sonra doktorant və dissertantlar elmi-tədqiqat işinin mövzusunu 6 ay müddətində təsdiq etdirməlidirlər. Mövzu kafedrada, problem komissiyasında, fakültə elmi şurasında, əlaqələndirmə şurasında müzakirədən keçdikdən sonra təsdiqlənir. Doktorant və dissertantlar xüsusi statuslu xarici jurnallarda minimum 2 məqalə dərc etdirməli, eyni zamanda minimum 2-3 beynəlxalq konfransda çıxış etməlidirlər. Onlar təhsil müddətində hər il hesabat verir, fərdi iş planı üzrə fəaliyyət göstərir, təhsil müddəti bitdikdən sonra müdafiəyə buraxılırlar. Mövzunun və elmi rəhbərin təsdiqi təhsil müddətində olur. Elmi işlərin müdafiəsinin bir müddət uzanması mümkündür. Bütün bu qaydalar Doktorantura və dissertantura şöbəsi tərəfindən I kursa qəbul olunanlara izah edilir və eyni zamanda onlara elmi işlərinin mövzusunun təsdiqi üçün annotasiyaların hazırlanmasında köməklik göstərilir.
Doktoranturaya ixtisas fənləri üzrə qəbul qaydalarında da müəyyən dəyişikliklər olduğunu söyləyən şöbə müdiri qeyd edib ki, ixtisas fənni üzrə imtahanlara fəlsəfə fənnindən keçid balı toplayan iddiaçılar buraxılır: “Əvvəllər ixtisas fənni üzrə qəbul imtahanında 3 sual olurdusa, indi 5-dir. Minimum 2 nəfəri elmlər doktoru olmaqla komissiya üzvləri imtahanları doktorantlardan qəbul edirlər. İldə 2 dəfə keçirilən minimum imtahanında Ali Attestasiya Komissiyasının qərarına uyğun 4 sual yazılı şəkildə cavablandırılır. Doktorantın elmi işinə uyğun 5-ci sual isə şifahidir. Həm qəbul imtahanında, həm də minimum fəlsəfə imtahanında sualın hər biri 10 balla, ümumi isə maksimum 50 balla qiymətləndirilir”.
Öz elmi-tədqiqat işlərini aparmaları üçün doktorant və dissertantlara universitet rəhbərliyinin maksimum şərait yaratmasından da danışan R.Məmmədov qeyd edib ki, bəzi doktorantlar elmi-tədqiqat işlərinin müəyyən hissəsini universitet rəhbərliyinin razılığı əsasında xarici ölkələrdə də yerinə yetirirlər: “Əksər doktorant və dissertantlarımız öz məsuliyyətlərini anlayaraq çalışırlar ki, elmi işlərini “Qaydalar”a uyğun təsdiqlətdirərək müəyyən olunmuş tədris müddətində müdafiəyə çıxsınlar. Amma çox təəssüf ki, bəzən həm elmi rəhbərlər, həm də doktorantlar öz işlərinə səthi yanaşır, elmi-tədqiqat işinin mövzusunu vaxtında təsdiqlətmirlər. Belə halların baş verməməsi üçün kafedra müdirləri və elmi rəhbərlərin, eləcə də doktorant və dissertantların üzərinə daha böyük məsuliyyət düşür. Nəzərə alınmalıdır ki, təhsil müddəti bitdikdən sonra elmi-tədqiqat işinin yekunlaşdırılmasına müəyyən vaxt qalsa da, nə elmi rəhbərin, nə də elmi-tədqiqat işinin təsdiq edilməsi mümkün deyil”.
Hər il ənənəvi olaraq doktorantlar və gənc alimlərin iştirakı, Elmi işlər üzrə prorektorluğun dəstəyi ilə universitetimizdə elmi-praktik konfransların keçirildiyini də xatırladan şöbə müdiri, ölkə daxilində və xaricdə tibb elminin nailiyyətlərinə, elmi işlərin müzakirələrinə həsr olunmuş respublika və beynəlxalq səviyyəli konfranslarda, simpoziumlarda doktorant və dissertantlarımızın xüsusi fəallıq göstərdiyini, universitet rəhbərliyinin qayğısı sayəsində gələcəyin alimlərinə öz elmi-tədqiqat işlərini layiqincə və vaxtında yerinə yetirmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.