Bayram süfrəsi insan orqanizmi üçün zərərli deyil, faydalı olmalıdır

Dosent Sevinc Fətullayeva tətil günlərində qidalanma ilə bağlı məsləhətlər verir

İl ərzində ölkəmizdə müxtəlif bayramlar qeyd olunur. Yeni ilin qarşılanması onların arasında xüsusi yer tutur. Bu bayramın da əsas atributlarından biri zəngin süfrələrdir. Milli xörəklərimizin bəzədiyi süfrələr vazkeçilməz olsa da, qidalanmanın faydası ilə yanaşı, sağlamlığa zərər verə bilməsi də diqqətdən qaçırılmamalıdır.

ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasının dosenti Sevinc Fətullayeva “Təbib” qəzetinə açıqlamasında bildirib ki, bayramqabağı bazarlıq zamanı ilk növbədə məhsulların istehsal və son istifadə tarixlərinə diqqət yetirmək lazımdır: “Çünki müxtəlif etiologiyalı qida zəhərlənmələri, mədə-bağırsaq pozulmaları baş verə bilər. Yeni ildən sonra ishal və bu kimi başqa problemlərlə qarşılaşmamaq üçün məhsulun təzəliyinə, keyfiyyətinə, xörəklərin çoxçeşidli olmasına, xüsusən salatların hazırlanmasına diqqət etmək vacibdir. Biz azərbaycanlılar süfrədə iki-üç növ salat, balıq, toyuq, aş, kabab və s. olmasını xoşlayırıq. Bu bolluq insan orqanizmi üçün zərərli deyil, faydalı olmalıdır. Yəni süfrədəki qidaları qəbul edən şəxslərdə sonradan başağrısı, qanda kreatinin qalxması, arterial təzyiqdə təhlükəli dəyişiklik, xroniki qastritlərin kəskinləşməsi, pankreatitlər, allergik reaksiyaların artması, ürəkbulanması və s. ciddi fəsadlar ortaya çıxa bilər. Ona görə də süfrədəki təamların hər birindən dadmaq istəyən insanlara miqdarı gözləmək tövsiyə edilir. Çünki salatlar və xörəklərin ardınca şirniyyatlar, tortlar da qəbul olunur.

Ümumiyyətlə, yağlı yeməklərdən kənar durmaq və sobada hazırlanan xörəklərə üstünlük vermək lazımdır. Qazlı içkilərin çox miqdarda qəbulu da məsləhət görülmür. Daha çox təbii üsulla hazırlanmış kompotlar içilməli, çay süfrəsində limondan istifadə olunmalıdır”.

Sözünə davam edən mütəxəssis, uşaqları da yaddan çıxarmayıb: “Onlara mayonezli salat verməkdənsə xüsusi desertlər hazırlamaq məsləhətdir. Yeni ildə uşaqlara xüsusi qutularda hazır hədiyyələr alınır. Qutularda olan şirniyyatların tərkibində həddən çox qatqı maddələri mövcuddur. Bu isə onlarda şirniyyatdan asılılıq yaranmasına səbəb olur. Belə məhsulların üzərində adətən istifadə müddəti də qeyd edilmədiyindən, uşaqları bayram günlərində bu cür qidalardan uzaq tutmağa çalışmaq lazımdır. Yaxşı olar ki, ev şəraitində hazırlanan şirniyyatlardan istifadə edilsin. Eyni zamanda uşaqlar tərəfindən kalorili yeməklərin, hazır şirniyyatların və qazlı içkilərin qəbulu da şəkərdən asılılığa səbəb ola bilər ki, bu da gələcəkdə piylənmə, şəkər, hormonal pozğunluqlar kimi problemləri tətikləyir. Nəinki uşaqlar, həm də valideynlər belə məsələlərə önəm verməlidir. Qida mədəniyyəti insanda hələ uşaq vaxtlarından formalaşdırılmalıdır. Valideynlər uşaqlara bu cür qidaların zərərli olmasını izah etməli və onlardan uzaq tutmalıdırlar”.

S.Fətullayevanın sözlərinə görə, turşulardan istifadəyə xüsusi diqqət yetirmək lazımdır: “Xüsusilə evdə hazırlanmış turşulara. Əgər onlar düzgün qaydada qoyulmayıbsa, hər hansı çürük və ya əzik tərəvəzlərdən hazırlanıbsa, bankada şişmə və ya köpüklənmə varsa, suyunun rəngi bulanıqdırsa, bu turşulardan istifadə etmək olmaz”.

Eləcə də xörəkləri çox saxladıqdan sonra yenidən yeyilməsini məsləhət görməyən Sevinc xanım deyib ki, ümumiyyətlə, yeməklər süfrədə bir-iki saat qaldıqdan sonra onların içərisində bakteriyalar inkişaf edir və daha sonra həmin yemək soyuducuya qoyulub təkrar yeyiləndə zəhərlənmələrə səbəb ola bilər. Buna görə də xörəklərin az hazırlanması daha yaxşı olardı. Ən çox zəhərlənmə halları ət məhsullarından olur - istər mal-qara, istərsə də quş və ya balıq əti. Onlar mütləq yalnız bir dəfə dondurulmalı və yaxşı bişirilməlidir.

Bayram süfrəsindən sağlam və yüksək əhvalla qalxmaq üçün bu məsləhətlərə riayət etmək kifayətdir. Qidalanma ilə yanaşı, yuxu rejimini, gündəlik maye qəbulu miqdarını və fiziki aktivliyi də diqqətdə saxlamaq lazımdır.