Tədris-Terapevtik Klinikanın 2012-ci ilin yekunlarına dair hesabat toplantısı keçirildi.
Fevralın 14-də ATU-nun Tədris-Terapevtik Klinikanın 2012-ci ilin yekunlarına dair hesabat toplantısı keçirildi.
Tibbi personalın iştirak etdiyi toplantını klinikanın direktoru, professor Surxay Musayev açaraq burada dünya standartlarına uyğun maddi-texniki bazanın yaradıldığını vurğuladı. Qısa müddətdə görülən işləri, qazanılan uğurları, eləcə də həllini gözləyən problemləri diqqətə çatdırdı.
Klinikanın baş həkimi Cəfər Əhmədov keçən müddət ərzində xəstələrin qəbulu, müayinə və müalicəsi ilə bağlı statistik məlumatları özündə əks etdirən və klinikanın maddi-texiniki bazası, həkim kontingentinin say tərkibi, keçirilən yubiley tədbirləri barədə geniş hesabat məruzəsi ilə çıxış etdi. O, bildirdi ki, hesabat dövründə universitetin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanovun xüsusi tapşırığı əsasında mütəxəssislərimiz bölgələrə ezam olunmuş və onlara əməli məsləhətlər vermiş, lazımi köməklik göstərmişlər.
Toplantıda çıxış edən universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev ölkə prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqinə toxunaraq dedi ki, bu iradların təkcə icra başçılarına deyil, hər bir Azərbaycan vətəndaşına xidmət göstərən məmurdan tutmuş biz tibb işçilərinə qədər aidiyyatı var. Çünki sıralarımızda elələri vardır ki, onlar həkim-xəstə münasibətlərində kobudluğa yol verir, bəzən isə xəstələrlə məşğul olduqlarını bəhanə gətirərək tələbələrlə işi arxa plana keçirirlər.
O, özəl klinikaların geninə-boluna və reallıqdan uzaq təbliği nəticəsində aparıcı mütəxəssislərin, tanınmış professorların çalışdığı Tədris-Terapevtik Klinikanın kölgədə qalmasından təəssüfləndiyini dilə gətirdi. Belə halları həkimlərimizin özlərinə inam yarada bilməməsi, təbliğatın düzgün qurulmaması ilə əlaqələndirdi. Dəyişən dünyada təhsilin məzmununun yeniləşdiyini, Boloniya prosesinə qoşulduğumuzu bir daha xatırladaraq bu sahədə səmərəliliyin, tədrisin keyfiyyətinin artırılmasının vacibliyini önə çəkdi. Tələbələrin xəstələrlə təmasının qənaətbəxş olmadığına da toxunan S.Əliyev sadalanan nöqsanlara tezliklə son qoyulacağına inandığını söylədi.
S.Musayev elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən universitet klinikasında tərəqqinin göz qabağında olduğunu vurğulamaqla bərabər, iradlarını da toplantı iştirakçıları ilə bölüşdü. Klinikanın daxili nizam-intizamı, mühafizəsinin təşkili və beynəlxalq əlaqələri barədə də ətraflı məlumat verdi.
Sonra klinikanın aparıcı mütəxəssisləri professor Yaqub Qurbanov, dosent Nağdəli Zamanov və başqaları çıxış edərək baş həkimin hesabatını qənaətbəxş qiymətləndirdilər, belə bir klinikada çalışdıqlarından məmnunluqlarını bildirdilər.