Rektor, professor Gəray Gəraybəyli: Hər bir ixtisas üzrə doktorantura təhsil proqramlarının yardılması zəruridir
Dekabrın 24-də Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan rektor, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələlərin müzakirəsindən öncə möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə Azərbaycan Tibb Universitetinin çoxminli kollektivi, o cümlədən professor-müəllim heyəti, tələbələri adından təbrik edib və qalib liderin rəhbərliyi altında Azərbaycan xalqına daha böyük tarixi nailiyyətlər arzulayıb.
Sonra COP29 beynəlxalq tədbirində əməkdaşlarımızın uğurlu fəaliyyətlərinə görə ölkə başçısının imzaladığı təşəkkürnamələri Elmi Araşdırmalar Mərkəzinin şöbə müdiri, Allerqologiya və immunologiya kafedrasının assistenti Afaq Xəlilovaya və Əcnəbi təhsilalanlarla iş üzrə dekan müavini, Xarici dillər kafedrasının dosenti Nüşabə İsgəndərovaya təqdim edən rektor, iclasın gündəliyini diqqətə çatdırıb.
Əvvəlcə “Azərbaycan Tibb Universitetinin Doktorantura və dissertantura şöbəsində görülən işlərin hesabatı və gənc elmi-tibbi kadrların hazırlanmasının yaxşılaşdırılmasında kollektiv qarşısında duran vəzifələr” barədə adıçəkilən şöbənin müdiri, professor Rizvan Məmmədovun hesabat məruzəsi dinlənilib.
Məruzəçi öz işini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na, eləcə də Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, AAK-nın müvafiq əmr və təlimat məktublarına əsasən, həmçinin Azərbaycan Tibb Universitetinin rektorunun göstəriş və əmrlərinə uyğun olaraq həyata keçirən şöbənin funksiyaları, vəzifələri və səlahiyyətləri haqda şura üzvlərinə ətraflı məlumat verib.
Azərbaycan Tibb Universiteti üzrə doktorantura və dissertanturaya qəbulun Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı”na uyğun həyata keçirildiyini xatırladan şöbə müdiri, bu təsnifata əsasən doktoranturaya qəbulun üç istiqamətdə - tibb, biologiya və əczaçılıq üzrə aparıldığını söyləyib.
Son 5 ildə universitet üzrə doktorantura və dissertanturaya qəbul planı, xarici dildən fəlsəfə doktorluğu üzrə qəbul imtahanlarının nəticələri, ATU-ya qəbul olunan, hal-hazırda təhsil alan doktorant və dissertantların, 2011-2019-cu illərdə ayrı-ayrı ixtisaslar üzrə elmi-tədqiqat işləri təsdiq edilən və indiyədək müdafiə etməyən iddiaçıların sayı, doktorant və dissertantların elmi-tədqiqat işlərinin mövzusunun təsdiq edilməsi haqqında statistik məlumatları da şura üzvlərinin diqqətinə çatdıran R.Məmmədov qeyd edib ki, 2023 və 2024-cü illərdə elmlər doktorluğu üzrə doktoranturaya qəbul olmadığına görə bu illər ərzində ancaq fəlsəfə doktorluğu üzrə qəbul aparılıb. 2023-cü ildə 24 nəfər, 2024-cü ildə isə 35 nəfər fəlsəfə doktorluğu üzrə doktorantura və dissertanturaya qəbul olunub. Bir nəfər xarici vətəndaş cərrahiyyə ixtisası üzrə ödənişli əsaslarla təhsil alır.
Hesabat məruzəsində 27 ixtisas üzrə 112 nəfəri fəlsəfə doktorluğu və 54 nəfəri elmlər doktorluğu üzrə olmaqla 166 nəfər doktorant və dissertantımızın olması da öz əksini tapıb: “Bunlardan 14 nəfər fəlsəfə doktorluğu, 4 nəfər isə elmlər doktorluğu üzrə əyani təhsil alır. Bu da ümumi doktorantlarımızın 11%-ni təşkil edir. Ödənişli təhsil alanlar, 13 nəfər fəlsəfə doktorluğu və 7 nəfər elmlər doktorluğu üzrə olmaqla 20 nəfərdir ki, bu da ümumi doktorantların 12%-i qədərdir. Ümumi doktorantlarımızın 61%-i (102 nəfər) qiyabi təhsil alır. 46 nəfər (28%) isə dissertant kimi təhkim olunub. Dissertant kimi təhsil alanların sayı da bir qədər azalıb”.
Onun sözlərinə görə, Doktorantura və dissertantura şöbəsinin fəaliyyəti universitetimizin əsas struktur tərkib hissəsi kimi, rektorumuzun apardığı islahatların yerinə yetirilməsinə yönəlib: “Belə ki, müasir dövrdə bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də geniş islahatlar aparılır. Hazırda elmi-tədqiqat sahəsindəki islahatlar universitetlərin də reytinqinə güclü təsir göstərir. Bizim əsas hədəfimiz tədrislə yanaşı, elmi-tədqiqat işlərinə daha da ciddi yanaşmaqla universitetimizin reytinqinin qalxmasına kömək göstərməkdir. Çalışmalıyıq ki, elmi məqalələr daha yüksək statuslu, reytinqli jurnallarda çap edilsin. Elmi işlərin, dissertasiyaların keyfiyyəti daha da yaxşılaşsın, yüksək reytinqli jurnallarda məqalələrin sayı artsın və onlara istinadlar daha da çoxalsın”.
Bununla əlaqədar təkliflərini də şura üzvləri ilə bölüşən məruzəçi bildirib ki, elmi rəhbərlər ilk növbədə dissertasiyaların mövzularının elmi-tədqiqat işinə uyğun tərtib edilməsinə nəzarət etməlidir. Annotasiyaların hazırlanması zamanı əsas baza kimi ATU göstərilməli, elmi rəhbərlərin və elmi məsləhətçilərin təyini “Qaydalar”a uyğun olmalıdır. Fərdi iş planlarının yeni standartlara uyğun tərtib edilməsi, onun doldurulmasına elmi rəhbərin nəzarət etməsi də vacib amillərdəndir. İldə 1 dəfə doktorant və dissertantların attestasiyası və fakültə elmi şuralarında hesabatları dinlənilməli, disseratasiya mövzularının təsdiqi zamanı elmi işlərin iki və ya daha çox kafedrayla müştərək hazırlanmasına, dissertasiyaya aid məqalə və tezislərin yüksək reytinqli jurnallarda çap edilməsinə üstünlük verilməlidir”.
R.Məmmədov çıxışının sonunda rektor başda olmaqla universitet rəhbərliyinin elmi kadrların daha yüksək peşəkarlığa nail olması üçün Doktorantura və dissertantura şöbəsinə daim diqqət və qayğı ilə yanaşdığını, doktorantlarımızın elmi işlərinin bəzi fraqmentlərinin xarici ölkələrdə aparılmasına dəstək olduğunu deyib: “Azərbaycan Tibb Universitetinin tələbələrinin təxminən 50%-nin xarici ölkə vətəndaşı olduğunu və onların böyük əksəriyyəti ilə tədrisin ingilis dilində aparıldığını nəzərə alsaq, hazırda təhsil alan doktorantlarımızın gələcəkdə tədris prosesində kadr ehtiyaclarını ödəmək baxımından böyük rol oynayacağına əminik”.
Bundan sonra çıxış edənlər hesabat məruzəsində toxunulan məsələlərlə bağlı fikirlərini bölüşüblər. I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov doktorant və dissertantların seçimi zamanı onların alim olmaq ehtimalını, eyni zamanda elmi rəhbərlərin doktorant və dissertantlara hansı səviyyədə diqqət göstərməsini nəzərə almağın vacibliyinə diqqət çəkib. Bu baxımdan kafedrada son beş ildə 3 elmlər doktorluğu və 4 fəlsəfə doktorluğunun müdafiə olunduğunu, 2 elmlər doktorluğu işinin isə yekunlaşdığını müsbət nəticə kimi dəyərləndirib.
Universitetimizin elmi potensialının hər zaman yüksək olduğunu deyən Epidemiologiya və tibbi statistika kafedrasının müdiri, professor İbadulla Ağayev kafedranın elmi fəaliyyətində mühüm rolu olan laboratoriyanın bu gün bütün gücü ilə işləməsinin əhəmiyyətindən danışıb.
Kafedra müdirləri Tahir Süleymanov, Ramiz Poluxov və Rəna Əliyeva da çıxış edərək elmi kadr hazırlığının prioritet məsələlərdən biri olduğunu, bu istiqamətdə şöbənin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıblar. Gələcəkdə görülməli işlərlə bağlı öz təkliflərini də irəli sürən natiqlər, ümumilikdə şöbənin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Məruzə və çıxışlarda səslənən fikirlərə münasibətini açıqlayan rektor, professor Gəray Gəraybəyli mövzu ətrafında ciddi müzakirələrin getməsindən məmnunluğunu vurğulayıb. Elmlər doktorluğu üzrə doktorantura yerlərinin 2-3 ildir açılmamasının səbəblərinə, eləcə də əlaqələndirmə şurasının fəaliyyətinə toxunan rektor bildirib ki, bəzi məsələlər universitetdən asılı deyil.
Müəyyən ixtisaslar üzrə sifarişlər verildiyini, ancaq yerlərin boş qaldığını, müəyyən ixtisaslar üzrə isə sifarişlərin olmadığını söyləyən rektor, bu məsələdə kafedraların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Bəzən sifarişlərin doğru prinsiplə verilmədiyini, bu il də müsabiqə olan ixtisaslarla bağlı bəzi kafedra müdirlərinin “bu yer filankəs üçün açılıb” deməsini cəfəngiyyat adlandıran rektor, hər ixtisas üzrə doktorantura təhsil proqramlarının yardılmasının zəruriliyini vurğulayıb. Universitetin rəhbəri 166 nəfər doktorant və dissertantın arasında cəmi bir nəfər xarici vətəndaşın olmasının təəssüf doğurduğunu söyləyib.
Professor G.Gəraybəyli yekun nitqində burada səslənən irad və təkliflərin şöbənin gələcək fəaliyyətində nəzərə alınacağına əminliyini ifadə edib.
Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra digər məsələlərə də baxılıb. Elmi tədqiqatların idarə olunması departamentinin Əsasnaməsi, ATU-nun kafedralarında çalışan baş laborant, assistent, baş müəllim və dosentlərin hazırda tutduqları vəzifədən bir üst vəzifəyə keçmələri üçün lazım olan elmi və klinik meyarlar layihəsi, Azərbaycan Tibb Universitetinin Tədris Metodik Şurasının Əsasnaməsinin layihəsi, ATU-da çalışan alimlərin işlərini stimullaşdırmaq məqsədilə Q indeksli nüfuzlu beynəlxalq jurnallarda çap olunan hər bir məqaləyə görə verilən mükafat məbləği təsdiqlənib.
Daha sonra ATU-nun professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyəti və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşlarının və əlavə əməkhaqqının 2025-cü il yanvarın 1-dən orta hesabla 20% artırılmasına razılıq verən Elmi Şura, müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.