ATU TEC elmi rəhbəri Müşfiq Həsənov: Elmi istiqamətdə son illər böyük nəticələr əldə etmişik
“Tibb Universitetinin tələbələri arasında birinci İDEATON” adlı müsabiqə keçirilib. II Müalicə-profilaktika fakültəsinin 2-ci kurs tələbəsi Leyla Əhmədova tədbirin məqsədi barədə iştirakçıları məlumatlandırdıqdan sonra sözü ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanovaya verib.
Rektor, professor Gəray Gəraybəylinin adından tədbir iştirakçılarını salamlayan M.Sultanova, təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyib. Bir dəqiqəlik sükutdan sonra prorektor bildirib ki, bugünkü tədbir universitet tələbələri arasında artıq bir ənənəyə çevrilmiş və vüsət almış starptap layihəsinin növbəti tədbirlərindən biridir: “Əlbəttə, burada ortaya qoyulan ideyalar, onların inkişaf mexanizmi, fərqli inkişaf yollarının araşdırılması, gələcəkdə tələbələrin istər elmi, istər klniki, ümumiyyətlə bütün sahələrdə inkişaf etmələri üçün böyük şərait yaradır. Universitet rəhbərliyi bu cür tədbirləri daim dəstəkləyir və diqqət mərkəzində saxlayır”.
ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, Startap və elmi tədbirlərin koordinasiyası şöbəsinin müdiri, tibb elmləri doktoru Müşfiq Həsənov da çıxışında bildirib ki, universitetimizdə ənənə şəklini alan elmi tədbir, konfrans, seminar, simpoziumların keçirilməsi davam etdirilir: “Düşünürəm ki, Təşkilat Komitəsinin və Elmi departamentin mövqeyi belədir ki, tələbələrin elmi-tədqiqat işlərinin aparılması ideyaları üçün ən müasir, dinamik inkişafa malik, populyar platforma Tələbə Elmi Cəmiyyəti və Startap platformasıdır. Startap layihələrinin, tədqiqat işlərinin inkişaf etdirilməsi üçün bizə rəhbərlik tərəfindən tapşırıqlar verilib. TEC-in üzvləri, eyni zamanda Startap platformasına daxil olan tələbələr 2024-cü ilin may ayından etibarən fəaliyyət göstərir. Ötən yarım illik fəaliyyətdə bütün fakültələr üzrə 20-yə yaxın startap seminarları baş tutub. Bugünkü simpozium bir müsabiqə formatında proqrama daxil olunub. Elmi istiqamətdə son illər böyük nəticələr əldə etmişik. Bu yaxınlarda universitetimizin 10 tələbəsi Səmərqənddə keçirilən olimpiadada uğurlar qazanıb. Belə ki, universitetin 2 tələbəsi olimpiadanın qalib olub, 4 tələbə 3-cü yerə çıxıb, 4 tələbəmiz isə olimpiadanın xüsusi diplomuna layiq görülüb”.
ATU TEC-in sədri Həmid Səfərli isə ölkəmizdə təhsil və səhiyyə istiqamətində kifayət qədər yenilikçi layihələrin həyata keçirildiyini bildirib. Qeyd edib ki, dünya miqyasında səhiyyə sahəsində bəzi boşluq və problemlər hələ də qalmaqdadır: “Onların həlli biz gənc mütəxəssislərin üzərinə düşür. Rektorumuz, professor Gəray Gəraybəylinin dəstəyi ilə startap layihələrini həyata keçirmək üçün universitetimizdə ayrıca şöbə yaradılıb. Sevindirici haldır ki, şöbə qısa müddətdə fəaliyyətini yüksək səviyyədə qura bilib. Gənclərdən gözləntilərim odur ki, bəhs etdiyim bu boşluqları tapıb, irəli sürdükləri ideyalarla aradan qaldırsınlar”.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı Nigar Abdullayeva nəzərə çatdırıb ki, startap ölkəmizdə yeni yayılmış bir layihədir: “Təəssüf ki, onların arasında tiblə bağlı layihələr azlıq təşkil edir. Bu sahədə aktivliyin artırılmasının tərəfdarıyıq. Hesab edirəm ki, gənclərimiz öz ideyaları ilə sözünü deyəcək”.
Tədbirə Özbəkistandan Pediatriya İnstitutunun Ginekologiya kafedrasının professoru Nadirə Ruziyeva və Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Təbrizə Bağırova da onlayn şəkildə qatılıb, fikirlərini səsləndirərək, simpoziumun işinə uğurlar arzulayıblar.
Tələbələrdən Mohammed Anas, Meysəm Qənbər, Aytən Hüseynzadə, Leyla Məmmədova, Estella Əhmədzadə, Həmid Səfərli, Leyla Səfərli, Səbinə Həsənzadə, Zeynəb Əlizadə, Sina Seyyedhamzeh, İlya Reklin, Mədinə Muradəliyeva, Murad Şıxıyev və Mətin Təhməzovun çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda layihə iştirakçılarına sertifikat və diplomlar təqdim olunub.