Zahılıq dövrü depressiyası niyə aktual problemə çevrilib?
Professor Elmira Əliyeva: Reproduktiv yaşda olan qadınların 80%-də depressiv pozulmalar müşahidə edilir
Son 10 ildə hamilə və zahı qadının həyat keyfiyyəti və psixoemosional vəziyyəti mamalıq-ginekologiya, kliniki psixologiya və psixiatriya elmlərinin ən aktual probleminə çevrilib. Aparılan elmi-tədqiqatlara əsasən müəyyən edilib ki, zahı qadının, dölün və yenidoğulmuşun vəziyyətinə təsir edən amillərdən biri kimi somatik xəstəliklərin çoxalması 10 il ərzində operativ doğuşların, o cümlədən 2 dəfə abdominal, 2,5 dəfə isə vaxtından əvvəl doğuşların artmasına səbəb olub.
Bu məsələ ilə bağlı ATU-nun I Mamalıq və ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva məlumat verib. Onun sözlərinə görə, hamiləlik müddətində müxtəlif qabarıqlıqlı emosional gərginliklər zahılıq dövrünün gedişatına təsir edir və zahılıq dövrü depressiyasının (ZDD) ortaya çıxma ehtimalını yaradır: “ZDD-yə rastgəlmə tezliyi 5-68,8% arasında tərəddüd edir. Zahılıq dövründə qadının psixoemosional vəziyyəti çoxsaylı amillərdən asılıdır, o cümlədən temperament, xarakter xüsusiyyətləri, ailənin adət-ənənələri, maddi durum, ailəli olub-olmamaq və s. “Zahılıq kədəri” doğan qadının normal vəziyyəti ilə əlaqələndirilir. Əsasən zahılıq dövrünün 5-ci sutkasında özünü emosional labillik, yorğunluq, çılğınlıq, yuxusuzluq şəklində büruzə verir. Adətən zahılıq dövrünün 10-cu gününə qədər davam edir. Bu pozğunluqlar müalicə tələb etmir və müstəqil olaraq itib gedir.
Zahılıq dövrünün depressiyasının inkişafı cinsi hormonlarla birbaşa əlaqədardır. Məlumdur ki, hamiləlik müddətində cinsi hormonların miqdarının artması, doğuşqabağı isə kəskin azalması müşahidə olunur. Bu isə öz növbəsində ZDD-yə səbəb ola bilər.
Məlumatlara görə, zahılıq dövründə qadının psixoemosional vəziyyətinə doğuşdan sonrakı 48 saat ərzində qanda olan estragenlərin və progesteronların miqdarının kəskin azalması, nəticədə əhval-ruhiyyənin dəyişməsi aiddir. Depressiv vəziyyətdə olan qadınlarda progesteron, triyodtironin və leptinin azalması, eyni zamanda immun sisteminin fəaliyyətinin pozulmasına gətirir ki, bu da özünü sitokinlərin miqdarının kəskin azalması ilə büruzə verir”.
Sözünə davam edən mütəxəssis bildirib ki, zahı qadının psixoemosional vəziyyəti laktasiya prosesinə təsir edir və hipoqalaktiyanın əsas səbəblərindən biridir: “Zahılıq dövrünün psixoemosional pozuntularından biri də “Baby blues” sindromudur. Bu özünü doğuşdan sonra emosional labillik, ağlağanlıq, çılğınlıq, şüurun pozulması və ümumi narahatlıqla göstərir. Bu əlamətləri zahılıq dövrünün ilk günlərində qadında hormonal fonun dəyişikliyi ilə əlaqələndirirlər.
Statistik məlumatlara görə, “Baby blues” sindromuna rastgəlmə tezliyi 40-85 faizdir və daha çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə müşahidə olunur. Bu sindromu olan qadınlara ailə üzvlərinin dəstəyi mühüm əhəmiyyət kəsb edir. Sindrom 2 həftədən çox davam edirsə, daha çox affektiv pozulmalar ilə nəticələnir və zahılıq dövrünün depressiyası ilə sonlanır.
Aparılan epidemioloji tədqiqatlar əsasında müəyyən edilib ki, reproduktiv yaşda olan qadınların 80%-də depressiv pozulmalar müşahidə olunur. ABŞ-da zahılıq dövrü depressiyalarının tezliyi 10-20% təşkil edir. XBT-10-a görə, ZDD doğuşdan sonra 6 həftə ərzində özünü büruzə verir və 1 il, hətta 13%-də 2 il ərzində davam edə bilər. Avropa ölkələrində ona rastgəlmə tezliyi 10-15%, müsəlman ölkələrində isə 17-27% təşkil edir. Hər il Rusiyada ZDD-yə məruz qalan 26000 qadın aşkar olunur. Müəyyən edilib ki, ZDD-nin müalicəsində antidepressantlarla yanaşı, psixoterapiya da effektiv sayılır. Növbəti hamiləlikdə ZDD-nin residivləşmə ehtimalı 40%-ə çatır. Aparılan tədqiqatlara görə, ZDD olan qadınlarda suisid ehtimalı 20%-ə qədərdir.
ZDD-nin prediktorlarına maddi durumun çətinliyi, işsizlik, ailə tərəfindən köməyin olmaması, hamiləlik müddətində psixoloji stress, ailədaxili konfliktlər, dishormoniya, analığa hazır olmamaq aiddir”.
Zahılıq depressiyasının klinik əlamətlərinə toxunan Elmira xanım, hamiləlik dövrünün diaqnostikası, müalicəsi və profilaktikasından da bəhs edib: “Son illərdə hamiləlik müddətində antenatal depressiya qeyri-psixotik depressiv vəziyyət kimi qiymətləndirilir. Bu, əhval-ruhiyyənin pozulması, diqqətin azalması, yuxunun və qida qəbulunun qeyri-müntəzəmliyi, daimi qorxu və narahatlıq hissi ilə müşahidə edilir. Antenatal depressiyanın əmələ gəlməsi ananın, dölün və yenidoğulmuşun sağlamlığına təsir edən patologiya yaradır. Bu patologiya vaxtından qabaq doğuşlar, preeklampsiya, dölün bətndaxili inkişaf ləngiməsi zamanı hamiləlik müddətində emosional gərginliyi olan qadınlarda suisid kimi ağır fəsadlarla nəticələnə bilər. Bu, zahılıq depressiyasının əlamətidi və yüksək tezliklə yeniyetmə hamilələrdə müşahidə edilir. Aparıcı simptomlardan biri də hamiləlik müddətində ananın stress vəziyyətində olmasıdır. Hestasiya müddətində ananın keçirdiyi stress nəticəsində döldə qlükokortikoidlərin artması və ya azalması beynin struktur və inkişafına təsir edən güclü amildir. Dünyada 5 qadından birində müşahidə olunan antenatal depressiya əhalinin sağlamlığına təsir edən qlobal problem kimi qalır. Hələlik bu patologiyanın səbəbləri tam öyrənilməyib və sinir, neyroendokrin-immun mexanizmi ilə əlaqələndirilir”.
Professor E.Əliyeva vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, hamiləlik dövründə anaya antenatal qulluğu təmin etmək üçün o, 8 dəfə həkim qəbulunda olmalıdır.