Fizioterapevt-reabilitoloq Maral Dadaşova səbəbləri və çıxış yollarını açıqlayır
Fizioterapiya və tibbi reabilitasiya kafedrasının assistenti Maral Dadaşova hamiləlik zamanı bel ağrılarının səbəbləri, fəsadları və reabilitasiya üsullarının effektivliyi barədə “Təbib” qəzetinə açıqlama verib.
Hamiləliyin qadın orqanizminin əhəmiyyətli dəyişikliklərə məruz qaldığı dövr olduğunu deyən həkim bildirib ki, gələcək analarda ən çox rast gəlinən şikayətlərdən biri bel ağrılarıdır: “Bu şikayətlər cüzi diskomfort hissindən başlamış, gündəlik həyat keyfiyyətinə mənfi təsir edən güclü ağrılara kimi dəyişə bilir. Hamiləlik zamanı yaranan və güclənən bel ağrılarının əsas səbəbləri fizioloji dəyişikliklərə aid olan hormonal disbalans, uşaqlığın ölçülərinin böyüməsi, qamətin dəyişməsi, bədən kütləsinin artması, onurğanın osteoxondrozu və digər degenerativ xəstəliklərinin müvafiq dövrdə kəskinləşməsi, eləcə də psixoemosional faktorlardır”.
Fizioterapevt-reabilitoloq M.Dadaşova onu da diqqətə çatdırıb ki, hamiləlik zamanı qanda relaksin hormonunun səviyyəsinin yüksəlməsi çanaq nahiyəsinin oynaq və bağ aparatının zəifləməsinə və boşalmasına səbəb olur ki, bu da öz növbəsində orqanizmin doğum prosesinə hazırlanmasına kömək edir, lakin digər tərəfdən onurğa sütununun stabilliyinin zəifləməsinə və nəticədə ağrılara səbəb olur: “Uşaqlığın ölçülərinin böyüməsi bədənin ağırlıq mərkəzinin yerdəyişməsinə səbəb olur ki, bu da bel nahiyəsinə düşən yüklənmənin qeyri-bərabər paylanmasına və ağrılara gətirib çıxarır. Böyüyən qarın kompensator olaraq qamət pozulmasına və bel, boyun fəqərələri səviyyəsində əzələ qruplarının hədsiz gərginləşməsinə səbəb olur.
Bədən çəkisinin hamiləliyin son aylarına yaxın daha çox artması öz növbəsində onurğaya və oynaqlara düşən ağırlığı artırır, nəticədə bel-oma, bud-çanaq və boyun nahiyələrində əziyyətverici ağrılar yaranır.
Həmçinin stress, həyəcan və emosional yüklənmə də bel ağrılarına səbəb ola bilir. Xroniki stress və əzələlərdə artmış gərginlik boyun, bel və çanaqda qapalı zəncir kimi davamlı ağrı və diskomforta gətirib çixarır. Lokalizasiyasına, intensivliyinə və xarakterinə görə ağrılar küt, dartıcı, keyimə və kəskin iynələmə tipli ola bilir”.
Hamiləliyin planlanmasının vacibliyinə də toxunan müsahibimiz ağrı və diskomfortun olmaması üçün hamilə qadının nə etməli olduğuna da aydınlıq gətirib. Qeyd edib ki, bu zaman ilk növbədə fizioterapevt-reabilitoloq həkim tərəfindən fiziki aktivlik və müalicəvi idman hərəkətlərinin individual olaraq seçilməsi və davamlı tətbiqi mütləqdir. Belə ki, hidroterapiya və üzgüçülük vasitəsi ilə əlavə yüklənmə olmadan əzələ və oynaqların istirahəti, stabilləşməsi, artan bədən kütləsinin müvafiq nahiyələrə neqativ təsirinin azaldılmasına nail olmaq mümkündür: “Hamilələr üçün pilates və yoqa zamanı əzələlər və bağlarda gərmə və gücləndirmənin növbələnməsi, sinxron tənəffüs hərəkətləri qan dövranının bərabər intensivliklə təminatı və stressin azaldılmasına kömək edir. Dəstəkləyici korset, bandaj və ortopedik ləvazimatlar bədənin düzgün duruşunu təmin edərək dəyişən ağırlıq mərkəzini yumşaq korreksiya edir. Termoterapiya ilə mütəxəssis nəzarəti altında isti və soyuq tətbiq etməklə kəskin ağrıların lokal olaraq azaldılması və spazmların aradan qaldırılmasında əhəmiyyətli nəticə alınır. Hamiləlik zamanı qadın davamlı statik pozadan çəkinməli və tez-tez bədən vəziyyətini dəyişməyə çalışmalıdır. Rahat çarpayı qarın və bel nahiyələrində balış dəstəyi ilə keyfiyyətli yuxunun və bel ağrılarının olmamasına və ya olan ağrının zəifləməsinə kömək edir”.
Onun sözlərinə görə, əgər istirahətdən sonra ağrılar azalmırsa, intensivliyi artırsa, yanaşı olaraq artmış ödem, hissiyyatın pozulması, sidik ifrazının təhrif olması nəzərə çarpırsa, ciddi fəsadlardan (erkən doğum, infeksion xəstəlik, böyrək patologiyaları) qorunmaq üçün təcili həkimə müraciət etmək lazımdır.
Bel ağrıları hamiləlik zamanı ən çox rast gəlinən problemdir. Hamiləliyin planlanması və bu prosesə hazırlıq dövrünün olması qadının doğum gününə qədər düzgün seçilmiş hərəkətləri və aktivliyini təmin etməsi ağrıların, tez yorulmanın, halsızlığın və artan diskomfortun onun həyat keyfiyyətinə neqativ təsirini minimuma endirir. Nəticədə qadın hamiləlik dövrünü rahat, ağrısız və pozitiv keçirir.