Gələcəyin tibb müəssisəsi: ekoloji təmiz klinikalar necə qurulmalıdır?

Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin sədri, Dünya Üz-çənə Cərrahlar təşkilatının vitse-prezidenti, professor Çingiz Rəhimov

Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir. Bunun nəticəsi olaraq Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edib.

BMT ətraf mühitin qorunmasında 17 mühüm sahədən biri və əhəmiyyətinə görə üçüncüsü olaraq səhiyyə sahəsini göstərir. Ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri də bu çağırışlara qoşulmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı gələcək tibb müəssisəsini “sağlamlığı qoruyan, yaxşılaşdıran və bərpa edən, eyni zamanda indiki və gələcək nəsillərin sağlamlığı və rifahı naminə fəaliyyətində ətraf mühitə mənfi təsirini minimuma endirən, onun bərpasına və yaxşılaşdırılmasına nail olan bir qurum” kimi müəyyən edir. Ekoloji cəhətdən təmiz klinikaların yaradılmasına başlamağın artıq vaxtıdır.

Çalışdığım ağız və üz-çənə cərrahiyyəsi sahəsində araşdırdığım məlumatlardan bəlli olur ki, orta hesablamaya görə 3-5 nəfərdən ibarət bir ailənin gündəlik tullantıları 2 kiloqrama bərabərdirsə, bir stomatoloji klinikanın gün ərzində ortalama 73 kiloqram tullantısı olur. Daha böyük klinikalarda gün ərzində 20-30 pasiyentə xidmət edilirsə və 5-10 nəfərdən ibarət işçi heyəti saxlanılırsa, gündə 160 kiloqram zibil çıxarıla bilər.

Bu heyrətamiz miqdarda tullantılar bütün dünyada stomatoloji kabinetlərdə demək olar ki, adi hala çevrilib. Aseptika standartları birdəfəlik istifadə mədəniyyəti yaradıb və plastik qablaşmalar, əlcəklər, alətlər və sair, üstəgəl yüksək enerji həcmli avandanlıqların, axar suyun və s. istifadəsi ətraf mühitə ciddi şəkildə zərər vurur. Təkcə Bakı şəhərində yüzlərlə stomatoloji klinika fəaliyyətə göstərir. Klinikaların qarşısında və ya daxilində tibbi tullantılarla dolu zibil qutuları bunları bir daha təsdiqləyir.

Elə isə stomatoloji klinikalar ekoloji tələblərə cavab vermək üçün hansı addımları atmalıdır? Burada tibb müəssisənin ətraf mühitə ziyanverici təsirini azaltmaq, eyni zamanda sanitar-gigiyenik normalara riayət etmək, pasiyentlərimizin rahatlığını qorumaq və tibb məhsulları ilə səhiyyəmizi təmin edən təşkilatların maraqlarını nəzərə almaq lazımdır.

Bu məqsədlərə nail olmaq üçün 3R qaydası tətbiq edilir: RECYCLE - istifadə edilən məhsulların təkrar emal edilməsi. REUSE – istifadə olunan məsulların yenidən istifadəsi. REDUCE- tullantıların azadılması (sıfır tullantı). Bunun üçün sertifikatlaşdırılmış ECO-SAFE məhsullardan və geyimlərdən istifadə etmək, bir dəfəyə yararlı əşyaların istifadəsini mümkün qədər azaltmaq, tibbi tullantıların təkrar emalı və ya utilizasiyası üçün müvafiq qurumlarla işbirliyi qurmaq lazımdır.

Adətən həkimlər bir çox əşyaları bir pasiyent üçün istifadə edir, sonra isə zibilqabına tullayır. Pasiyentlərin sayından asılı olaraq, tullantıların miqdarı da artır. ABŞ-da bir il ərzində stomatoloji klinikalarda sterilizasiya üçün istifadə edilən plastik tullantılar - 1,7 milyard qablaşdırma paketləri və 680 milyon örtüklər təşkil edir.

Unutmayaq ki, zibilqabına atılan əşyalar sehrli şəkildə yox olmur. Ata biləcəyimiz ilk addım gündəlik tullantı əşyaları azaltmaq və ya onları təkrar istifadə etmək imkanlarını araşdrmaqdır.

Birdəfəlik istifadə olunan plastik qablaşdırma paketləri və örtükləri bütün tullantıların 33%-ni təşkil edir. Bundan əlavə, birdəfəlik istifadə olunan xalatlar, əlcəklər, sorucu ucluqları, plastik ortodontik əşyalar, fırçalar, fincanlar və s. tullantı əşyaların sayını xeyli artırır.

Çıxış yolu kimi çoxdəfəlik istifadəyə yararlı parçadan hazırlanan sterilizasiya paketləri və örtüklər, eləcə də kağız-plastik paketlər nəzərdən keçirilməlidir. Belə ki, hər istifadədən sonra kağız çıxarılır, amma plastik yenidən sterilizasiya oluna bilər. Hazırda xüsusi sterilizasiya çantalarında bəzi birdəfəlik əşyaları avtoklavlarda sterilizasiya etmək mümkündür.

Bundan başqa, soyuq sterilizasiyada istifadə olunan qlutoaldeqid tərkibli dezinfektorlar (ən çox ətraf mühitə ziyan vuran) həm də havanın keyfiyyətini korlayan bir vasitədir. Pasiyentlər üçün bu çox xoşagəlməz bir iydir (adətən tibb müəssisələrində rast gəldiyimiz). Burada qeyri-toksik, biodeqradasiyaya uğrayan (ECO-SAFE sertifikatı olan) dezinfeksiya vasitələri seçilməlidir.

Digər mühüm məsələ az enerji istehlak edən avadanlıqlara üstünlük verilməsidir. Onu da nəzərə alaq ki, ekoloji tələblərə cavab verən avtoklavlar su və enerjini adi avtoklavdan xeyli az miqdarda istifadə edir. Daha kiçik bir klinikanız varsa, daha böyük avtoklava ehtiyacınız yoxdur.

Qeyd edim ki, tullantılar arasında kağız məhsulları da xeyli yer tutur. Bu gün klinikaların arxivləri kağız məhsullarla doludur. Xəstələrin qeydiyyatı (tibbi kartlar), gündəlik xəstələrə verilən təyinatlar (reseptlər), çıxarışlar (epikriz, arayış) və s. kağızdan istifadəni xeyli artırır. Bununla əlaqədar, artıq Səhiyyə Nazirliyi sənədlərin elektron formaya keçirilməsi üçün müvafiq addımlar atır. Klinikalar bu işə fəal qoşulmalıdır. Eləcə də ənənəvi rentgen müayinələrin təsviri də yalnız elektron formada verilməlidir. Çünki ənənəvi rentgenoqramların istifadəsi 4.8 milyon qurğuşun tərkibli şəkillər və 28 milyon litr onların fiksatoru kimi işlənən toksiki maddələrdir. Pasiyentlərin rəqəmli rentgen aparatlarında müayinəsi şüalanmanı azaltmaqla yanaşı, ətraf mühiti bu vasitələrdən də azad edir.

Sonda sahibi olduğum “Professor Rahimov Academic Medical Center”in qurulmasında yuxarıda qeyd etdiyim nüansları necə nəzərə aldığımız haqda danışmaq istərdim.

İlk növbədə klinika üçün lazımi məkanı seçdik. Onun ayrıca bir tikilidə yerləşməsi (hər hansı binanın altında yox) bir neçə ekoloji tədbiri həyata keçirməyə imkan verdi. İlk növbədə klinikanın damı Günəş panelləri ilə örtülüb. Mobil telefonumuza yüklənən xüsusi proqram təminatı gündəlik fəaliyyətimizdə şəbəkədən alınan elektrik enerjisinə qənaət etdiyimizi göstərir. Bununla yanaşı, klinikamızın bütün avadanlıqları (avtoklavlar, kondisionerlər, cihazlar və s. A+++ kateqoriya elektrik istehlak edir. Rentgenoloji müayinələr və sənədləşmələr tam rəqəmsal texnologiyaların tətbiqi ilə elektron formada verilir. Tullantıların azaldılması üçün ECO-SAFE məhsullardan və geyimlərdən istifadə edirik, bir dəfəyə yararlı əşyaların istifadəsini xeyli azaltmışıq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Tibb müəssisələrinin ekoloji standartlara uyğun işinin təşkili və idarə edilməsi üçün proqram təminatının hazırlanması” yolunda STARTAP şəhadətnaməsi əldə etmişik.

Hazırda ekoloji təmiz klinikaların yaradılması yolunda mövcud olan problemlərin həlli, eləcə də müvafiq qurumlar tərəfindən həvəsləndirici tədbirlərin görülməsi günün tələbidir. Məsələn, artıq bir sıra ölkələrdə ekoloji cəhətdən təmiz klinikalar üçün vergi güzəştləri tətbiq olunur.