Professor Nazim Pənahov: Universitet elə bir orqanizmdir ki, bütün strukturları bir-biri ilə vəhdətdə işləməlidir
Müsahibimiz ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahovdur.
- Nazim müəllim, artıq 2024-2025-ci tədris ilinin I yarımili başa çatıb. Bu müddətdə Azərbaycan Tibb Universitetində tədrisin ümumi vəziyyətini necə qiymətləndirmək olar?
- Sizin də qeyd etdiyiniz kimi, artıq 2024-2025-ci tədris ilinin I yarımili yekunlaşıb. 29 dekabr 2024-cü il tarixdən start götürən qış-imtahan sessiyası 2025-ci il fevralın ilk həftəsinədək davam edəcək. Burada bizim əsas məqsədimiz imtahan sessiyası ərzində tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə nail olmaqdır. Əlbəttə, ATU-da tədrisin ümumi vəziyyətini indidən dəyərləndirmək bir az tez olardı. Amma hazırlıq işlərimiz qənaətbəxşdir. Eyni zamanda, görüləsi işlərimiz də çoxdur. İstər mühazirə və təcrübə dərslərinin keçirilməsi, istərsə də imtahanların qəbulu formatında və təşkilində müəyyən çatışmazlıqlar görünür. Təbii ki, dünyanın heç bir ölkəsində təhsil sistemi ideal və tam mükəmməl deyil. Lakin təhsili yüksək dərəcədə təşkil olunmuş ölkələrin səviyyəsinə çatmaq üçün çoxlu işlər görülməlidir və bunun üçün də nədənsə başlamaq lazımdır. Universitetimizin 2024-cü ildəki sonuncu Elmi Şurasında Azərbaycan Tibb Universitetinin Tədris Metodik Şurasının Əsasnaməsinin yaradılması haqqında qərar qəbul olundu. Tərkibinə bir çox kafedralardan nümayəndələrin, eləcə də inzibati-rəhbər strukturlarda çalışan şəxslərin daxil ediləcəyi bu şuraya çox böyük ümidlər bəsləyir, bəzi məsələləri kollektiv surətdə həll etməyi hədəfləyirik. Biz müşahidə etmişik ki, bəzi hallarda tədris-təlim prosesində iştirak edən bir çox strukturlar koordinasiyasız fəaliyyət göstərir. Biz onların koordinasiyasını təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. Həmçinin məlumdur ki, 2025-ci ildə yeni tədris standartlarının qəbul edilməsi gözlənilir. Həmin standartların üzərində qrup halında işləyib, ekspertizadan keçirdikdən sonra onu təsdiq üçün müvafiq qurumlara təqdim etməyi planlaşdırırıq. Bununla həm tədris standartlarının daha keyfiyyətli olmasını, günümüzlə səsləşməsini və həm də beynəlxalq tələblərə uyğunlaşdırılmasını təmin edəcəyik. Əmək bazarında daha çox tələbat olan yeni ixtisasların hansı əsaslarla və kriteriyalarla açılmasına da bu Şurada baxmağı nəzərdə tutmuşuq. Yeni ixtisaslaşmalara uyğun proqramların hazırlanması, lazım olan texniki və maddi şəraitin yaradılması üçün də işlər görülür. Tədris prosesinin keyfiyyəti və gedişi haqqında materialın toplanması, analizi, onun təkmilləşdirilməsi və tətbiqi, bütün fənlər üzrə bilik keyfiyyətinə nəzarətin forma və metodlarının müəyyən edilməsi, yəni yeni qiymətləndirmə metodikasının hazırlanması da Tədris Metodik Şuranın hədəfində dayanan işlərdəndir. Artıq neçə illərdir ki, universitetimizdə imtahanların qiymətləndirilməsi test üsulu ilə aparılır və bunun çoxlu müsbət nəticələrini görürük. Amma biliyin bu ölçmə-qiymətləndirmə üsulunun müəyyən çatışmazlıqları da var ki, onu bəzən istəsək də mövcud qiymətləndirmə sistemi üzərində dəyişdirə bilmirik. Ona görə də respublikamızda digər universitetlərin təcrübəsinin, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və müqayisəli şəkildə yeni bir üsul, metodikanın tətbiq edilməsi zərurəti yaranıb. Həmçinin tələbələrin müstəqil, sərbəst işlərinin planlaşdırılması, klinik bacarıqlarının formasının dəyişdirilməsi üzrə işlərin də Tədris Metodik Şurada müzakirəsi qarşımızda duran əsas vəzifələrdəndir.
- Cari tədris ilinin aralıq imtahanlarının və payız semestrinin qış imtahan sessiyasının nəticələri necədir? Hansı gözləntiləriniz var?
- Aralıq imtahanlarının nəticələri ümumən qənaətbəxş olsa da, bəzi qüsurlar da aşkar edildi. Amma həmin qüsurların vaxtında aradan qaldırılmasına çalışdıq və mümkün qədər buna nail olduq. Belə ki, tələbələrin bəzi fənlərdən şikayətləri əsasında bir fakültənin bir ixtisasdan olan imtahanının bütün nəticələri ləğv olundu. Yaranmış texniki qüsurun aradan qaldırılması üçün imtahanın yenidən keçirilməsinə qərar verildi. Nəticələrdən isə həm kafedra, həm imtahan mərkəzi, həm rəhbərlik, həm də tələbələr razı qaldı. İmtahanlar zamanı obyektivliyin, şəffaflığın təmin olunmasına hər il olduğu kimi, maksimum çalışmışıq. Bu məqsədlə imtahanlardan öncə nəzarətçilərlə görüş keçirdik. Nəzarətçilərlə görüşə biz həm də imtahan mərkəzinin direktorunu, nəzarət qrupunun rəhbərini, fakültə dekanlarını, onların müavinlərini və akademik məsləhətçilərini dəvət etmişdik. Onlarla birlikdə mövcud problemləri araşdırdıq və qış-imtahan sessiyasında bu problemlərlə üzləşməmək, yaxud qaçılmaz problemləri vaxtında həll etmək üçün hansı tədbirlərin görülməsi barədə göstərişlər verdik. Qış imtahan sessiyasından gözləntilərimiz böyükdür və nəticələrin daha yaxşı olacağına əminəm.
- Bəzən test suallarında apellyasiya şikayətlərinə səbəb olan müəyyən qüsurlar aşkarlanır. Həmin qüsurların aradan qaldırılması üçün hansı addımlar atılır? Kafedraların, test tərtibçilərinin və ekspertlərin üzərinə hansı məsuliyyət düşür?
- Bu qüsur yerində aşkarlananda tələbələrin apellyasiya şikayəti etməsi üçün onlara 3 gün vaxt verilir. Tələbələr bir fəndən 3 suala qədər apellyasiya şikayəti vermək hüququna malikdir. Təbii ki, bu da məcburiyyətdən irəli gələn bir addımdır. Əvvəlki qaydaya görə, tələbələrə istənilən zaman və istənilən sayda sual üçün apellyasiya şikayəti etmək hüququ verilirdi. Bu isə müəyyən qarışıqlığın yaranmasına səbəb olurdu və texniki cəhətdən şikayətlərə baxılmasını çətinləşdirirdi. Hazırda isə ümumən bir qüsurlu test aşkar edilərsə və bu testin qüsurlu olmasının səbəbi kafedradan qaynaqlanarsa, nəticə tələbənin xeyrinə həll olunur və həmin testə görə verilən bal avtomatik olaraq bu suala cavab verən bütün tələbələrin xeyrinə artırılır. Əgər şikayət əsassızdırsa, təbii ki, tələbə əlavə bal ala bilmir. Amma test nə qədər ideal yazılsa da, hər il keyfiyyət baxımından yeniləmək lazım gəlir. Məhz bu nöqteyi-nəzərdən gələcəkdə testlərin xüsusi mərkəzlərdə, bunkerlərdə hazırlanmasını nəzərdə tutmuşuq. Eyni zamanda keyfiyyətli test yazan ekspertlərə münasibətdə müəyyən həvəsləndirici tədbirlərin görülməsi, bal-reytinq sistemində onlara əlavə balların verilməsi, bir sözlə, digər müəllimlərdən necəsə fərqləndirmək də prioritet məsələlərdəndir. Testlərin imtahana qədərki və imtahandan sonrakı dövrdə gizli qalması, yəni məxfiliyin qorunması üçün də işlər aparırıq. Bu məsələdə vacib məqamlardan biri də müxtəlif mənbələrə istinadlardır. Rektor, professor Gəray Gəraybəyli Elmi Şuradakı çıxışında da vurğulayıb ki, hər hansı bir tələbə kafedranın verdiyi test sualına cavabı eyni kafedrada olan bir müəllifin kitabında bir cür, başqa müəllifin kitabında tamam başqa cürdürsə, birmənalı olaraq həmin test qüsurlu sayılır. Çünki tələbənin hansısa müəllifin kitabını əsas mənbə olaraq götürmək kimi bir məcburiyyəti yoxdur. Amma tələbənin mənbəni haradan götürməsi də önəm daşıyır. Məsələn, elmi dərslikdə yox, hansısa nüfuzlu olmayan bir jurnalda dərc olunan məqalə şəxsi fikir olub, etibarlı mənbə sayılmır. Araşdırma zamanı apellyasiya komissiyasında olan insanların fikirləri də çox önəmlidir. İlk növbədə mənbəni araşdırmaq lazımdır. O zaman ki tələbə haqlıdır, nəticə yüz faiz onun xeyrinə həll olunur.
- Məlumdur ki, universitetimizdə təhsil almaq üçün müraciət edən xarici tələbələrin sayı ildən-ilə artır. Onlarla tədris işi necə tənzimlənir?
- Xarici tələbələrin sayına görə Azərbaycan Tibb Universitetinin respublikamızda lider təhsil müəssisələrindən biri olması sevindirici haldır. Bu həm də üzərimizə böyük məsuliyyət qoyur. Çünki xarici tələbələrlə işləmək, tədrisi ingilis dilində aparmaq və onlara Azərbaycan bölməsi ilə eyni səviyyədə informasiya, bilik verməyin özü xüsusi bacarıq tələb edir. Bunun üçün müəllimin tədris etdiyi fənni mükəmməl bilməsi ilə yanaşı, xarici dil bacarığı və pedaqoji göstəriciləri yüksək səviyyədə olmalıdır. Bu istiqamətdə əvvəlki illərlə müqayisədə xeyli dəyişikliklər var. Müəllimlərin mütəmadi olaraq universitetin hesabına təkmilləşdirmə kurslarında iştirak etməsi, öz dil bacarıqlarını artırması, eləcə də Elmi Şuranın qərarı ilə onların maaşlarının digər müəllimlərdən bəlli məbləğdə fərqləndirilməsi stimullaşdırıcı faktorlardır. Yəni müəllim bir tərəfdən universitetin hesabına dil bacarığını təkmilləşdirir, digər tərəfdən də ingilis dilində dərs dediyi üçün əlavə maaş alır. Amma onlara qarşı olan tələblər də yüksəkdir. Xarici dillərdə kifayət qədər mənbələrin olması müsbət haldır. Ümumiyyətlə, tələbələr üçün Azərbaycan, rus və ingilis dilində hazırlanan dərsliklərin, dərs vəsaitlərinin eyni məzmunda olması prioritetdir. Yəni dərslik Azərbaycan dilində yazılıbsa, mütləq rus və ingilis dilinə tərcümə edilməlidir. Əgər Azərbaycan dilində bu dərslik yoxdursa, orijinalı ingilis dilindədirsə, Azərbaycan dilinə və rus dilinə, rus dilindədirsə, Azərbaycan və ingilis dillərinə tərcümə edilir. Dərslərin sillabusa uyğun şəkildə keçilməsi də əsas şərtdir. Bölməsindən asılı olmayaraq, eyni fakültənin qrupları arasında heç bir fərq olmamalıdır.
- Bildiyimiz kimi, universitetimizdə tədris və elmi yönümlü departamentlər fəaliyyət göstərir. Təhsili daha da optimallaşdırmaq üçün gələcəkdə yeni struktur dəyişiklikləri nəzərdə tutulurmu?
- Bu sualınıza tədrisin ümumi vəziyyətindən danışarkən qismən cavab verdim. Onu da əlavə edim ki, Tədris Metodik Şuranın yaranmasının özü bir yenilikdir. Yeri gəlmişkən, dediyimiz tədris proqramlarına, dərsliklərə də bu şurada baxılacaq. Hansı halda dərsliklərin yazılmasına və yaxud tərcüməsinə üstünlük verilməsinin vacibliyi nəzərdən keçiriləcək. Biz öz işimizi Elmi Departamentlə paralel aparırıq. Universitet elə bir orqanizmdir ki, bütün strukturları bir-biri ilə vəhdətdə işləməlidir. Yalnız vəhdət şəklində işləyəndə uğurlu nəticələr əldə etmək mümkündür.