Dosent Səbinə Əhmədova dözülməz qaşınmaya səbəb olan dermatozlara son vaxtlar tez-tez rast gəlindiyini deyir
“Qaşınma ilə müşayiət olunan dermatozların ən çox rast gəlinən forması qotur xəstəliyidir (Sarcoptes scabiei adlanan gənənin törətdiyi yüksək yoluxucu parazitar dermatoz). Xəstəlik insanların daha sıx toplaşdığı ərazilərdə - məktəblər, uşaq bağçaları, universitetlər, idman bölmələri və s. yerlərdə müşahidə olunur”. Bu sözləri ATU-nun Dermatovenerologiya kafedrasının dosenti Səbinə Əhmədova deyib.
O, son dövrlər bu infeksiyanın daha aktual olduğunu qeyd edib və bildirib ki, qotur xəstəliyi antroponoz infeksiyadır, xəstə insanla birbaşa təmas zamanı, həmçinin məişət əşyaları, geyim, hamam ləvazimatları və yataq dəsti vasitəsilə keçə bilər. Yoluxma mənbələri kimi mehmanxanalar, masaj salonları, ictimai hamamlar və saunalar qeyd olunur.
“Qotur xəstəliyi hələ 4 min il əvvəl Çin, Misir və digər ölkələrdə məlum idi. 1834-cü ildə Fransada qaşınma xəstəliyinin yaranmasında gənələrin rolu elmi cəhətdən sübuta yetirilib. Gənələr fərqli cinslidir və insan dərisinin epidermis qatında yaşayaraq qaşınma gedişləri əmələ gətirirlər. Bu gedişlər boyunca dişi gənələr yumurta qoyur. Dişi gənələr 6-8 həftəlik ömür müddətində 50-yə qədər yumurta qoyur. Epidermis qatında gənələrin hərəkəti güclü, dözülməz qaşınmaya səbəb olur. Gecələr qaşınmanın daha da artması gənənin istiliyə qarşı həssaslığı ilə bağlıdır. Güclü qaşınma dərinin daha dərin zədələnməsinə, qaşınmadan yaranan yaralara səbəb olur. Bu vəziyyət xüsusilə uşaqlarda və körpələrdə ikincili bakterial infeksiya ilə ağırlaşa bilər. Bu, klinik mənzərəni dəyişir və diaqnostikada səhvlərə yol açır. Buna görə epidemioloji məlumatların toplanması və mikroskopik təsdiq xüsusi əhəmiyyət kəsb edir. Allergodermatozlu xəstələrdə bu infeksiya əsas xəstəliyin kəskinləşməsinə səbəb ola bilər”.
Xəstəliyin simptomlarndan danışan Səbinə xanım əlavə edib ki, onun inkubasiya dövrü 7-10 gün davam edir: “Klinik əlamətləri gecələr daha çox hiss olunan intensiv qaşınma və cüt-cüt səpgilərdir (gənənin giriş/çıxış yerləri). Daha çox barmaqların arası, göbək ətrafı, budun iç tərəfi, oynaqların qatlanma yerləri, bədənin yan hissələrində müşahidə olunur.
Diaqnostikasına gəldikdə isə, mikroskopik müayinə ilə 10%-lik qələvi məhlulu və ya 40%-lik süd turşusu məhlulundan istifadə edilir. Analizin nəticələri 15-20 dəqiqə ərzində əldə olunur.
Onu da vurğulayım ki, qotur xəstəliyinin təsdiqində son dövrlər ən geniş istifadə olunan üsul dermatoskopiyadır. Bu metod travmatik deyil və tez həyata keçirilir”.
Mütəxəssis əlavə edib ki, bu xəstəliyin müalicəsində antiparazitar preparatlardan istifadə olunur. Benzilbenzoat emulsiyası, 33%-lik kükürd məlhəmi, uşaqlar və hamilə qadınlar üçün “Spregal” spreyi (12 saatdan sonra yuyulur). Müalicədən sonra dərinin bütövlüyünü bərpa etmək üçün nəmləndirici vasitələr, lazım gəldikdə isə, kortikosteroid məlhəmlər təyin edilir.
Qoturluğun müalicəsinin olduğunu deyən S.Əhmədova, xəstəlik nə qədər tez aşkarlanarsa, müalicənin də bir o qədər effektli olacağını bildirib. Yoluxmanın qarşısını almaq üçün isə geyimlər, məişət əşyaları, yumşaq mebel diqqətlə dezinfeksiya edilməlidir. Xəstəlik yüksək yoluxuculuq qabiliyyətinə malik olduğu üçün müalicə ilə yanaşı, epidemioloji tədbirlərin həyata keçirilməsi də vacibdir.