Metapnevmovirus infeksiyası uşaqlar üçün ciddi təhlükə mənbəyidir

Yoluxucu xəstəliklər kafedrasının dosenti Vüqar Cavadzadə: “Metapnevmovirus infeksiyası uşaqlar üçün ciddi təhlükə mənbəyidir”

 Metapnevmovirus infeksiyası (Human MetaPneumovirus – HMPV) əsasən uşaqlarda tənəffüs yollarının yuxarı və aşağı şöbələrinin zədələnməsi ilə gedən respirator virus infeksiyasıdır.

Metapnevmovirus infeksiyası ilk dəfə 2001-ci ildə Hollandiyada tənəffüs yolları zədələnən 28 azyaşlı uşağın bronx seliyində aşkar edilib. 2016-cı ildə metapnevmovirus infeksiyası ABŞ-da 5 yaşa qədər uşaqlar arasında geniş yayılaraq, tənəffüs yollarının zədələnməsinə səbəb olub. Ümumiyyətlə metapnevmovirus infeksiyası 14 yaşa qədər uşaqlarda tənəffüs yollarının ağır zədələnməsinə gətirib çıxarır.

Son illər metapnevmovirus infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Hazırda Qazaxıstan, İran, Qırğızıstan, Malayziya, Böyük Britaniya, Hindistan və bir sıra digər ölkələrdə metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb. Metopnevmovirus infeksiyası respirator sinsitial virus infeksiyasından sonra tənəffüs yollarını daha çox zədələyən virus infeksiyasıdır.        

 Çin Xəstələrə Nəzarət və Qarşısının Alınması Mərkəzinin 2024-cü ilin dekabr ayında verdiyi məlumata əsasən, bu ölkədə 14 yaşdan aşağı olan uşaqlar arasında infeksiyaya yoluxma halları artıb. İnfeksiyanın yayıldığı dövrdə uşaqların nazofaringial yaxmasında 3-16% halda metapnevmovirus infeksiyası aşkar edilir.

Metapnevmovirus infeksiyası RNT tərkibli bir zəncirli 209 nm ölçülü sferik formalı virusdur. Viruslar Pnevmovirdae ailəsinə, Metapnemovirus cinsinə aiddir. Virusu 9 zülal (N, P, M, F, M2, SH və s.) kodlayır. Virusun A və B genotipi və A1, A2 (A2 a, A2b, A2c), B1, B2 kimi serotipləri məlumdur. Metapnemovirus xarici quruluşuna görə respirator sinsitial virusa bənzəyir. Virus genetik quruluşca sabitdir və tez-tez mutasiyaya uğramır. Xarici mühit amillərinə qarşı, xüsusən də yüksək temperatura həssasdır. Aşağı temperaturda virus həyat qabiliyyətini davam etdirir. Müxtəlif tərkibli dezinfeksiyaedici maddələrin təsirindən tez məhv olur.

Metapnevmovirus infeksiyası əsasən qış və yaz aylarında rast gəlinməklə mövsümi xarakter daşıyır. Sporadik olaraq ilboyu infeksiyaya yoluxma hallarına rast gəlinir. Virus hava-damcı yolu ilə yayılır. İnfeksiya əsasən 1 yaşa qədər uşaqlarda tənəffüs yollarının ağır zədələnməsinə səbəb olur. Vaxtından əvvəl doğulmuşlar, anadangəlmə müxtəlif xəstəlikləri olan uşaqlar və yaşı 65-dən yuxarı olanlar xəstəliyi ağır keçirirlər. Həmçinin tənəffüs sisteminin xroniki xəstəlikləri (xroniki bronxit, obstruktiv bronxit, bronxoektaziya və s.), allergik xəstəliklər və autoimmun xəstəlikləri olan şəxslər metapnevmovirus infeksiyasını ağır keçirir və ağırlaşmalara çox rast gəlinir. Virus sağlam şəxslərə asqırma, öskürmə və təmas yolu ilə yoluxur. Bəzən virusla çirklənmiş əşyalara toxunub sonra əlləri ağıza, buruna və gözlərə vurduqda yoluxma baş verir.

Metopnevmovirus infeksiyasının yayıldığı bölgələrdə yaşayan 10 yaşa qədər uşaqların qanında virusa qarşı antitellər aşkar edilib. Metapnevmovirus infeksiyası 80% halda monoinfeksiya, 20% halda isə qarışıq infeksiya (miks infeksiya) şəklində təzahür edir. Belə ki, qarışıq infeksiyalara HMPV+RSV (respirator sinsitial virus), HMPV+rinovirus, HMPV+koronavirus və HMPV+HHV-6 (Human herpesvirus-6) aiddir.

Metapnevmovirus infeksiyasında inkubasiya dövri orta hesabla 5-6 gün davam edir. Xəstəlik çox vaxt kəskin başlayır. Ümumi zəiflik, halsızlıq, başağrısı, quru öskürək, boğazda ağrı, göynəmə və temperaturun yüksəlməsi ilə özünü göstərir. Burun və udlaqda yerli iltihabi dəyişikliklər baş verir. Burundan selik axması, boğazda göynəmə güclənir. İntoksikasiya artdıqca xəstənın  ümumi vəziyyəti daha da ağırlaşır, əzələ, sümük ağrıları, iştahsızlıq, ürəkbulanma və bəzən də qusma müşahidə edilir. Orta ağır və ağır gedişlərdə rinofaringit, laringit, otit, larinqotraxerit və bronxiolit inkişaf edir.

Xəstəliyin ağır gedişlərində limfoadenopatiya, pnevmoniya, ikincili infeksiyanın qoşulması nəticəsində irinli konyuktivit və angina inkişaf edir. Bəzi xəstələrdə qastroenterit qeyd edilir. Bəzən xəstələrdə qaraciyər və dalağın böyüməsi baş verir. Xroniki xəstəlikləri olan yaşlı şəxslərdə və immuniteti zəif olan uşaqlarda pnevmoniya kimi ciddi ağırlaşmalar daha tez inkişaf edir. Çox vaxt xəstələrdə ikitərəfli pnevmoniyaya rast gəlinir. İkincili floranın qoşulması pnevmoniyanın gedişini daha da ağırlaşdırır, kəskin tənəffüs çatışmazlığı baş verir. Ağır hallarda xəstələrdə infeksion kardiomiopatiya inkişaf edir.

Metapnevmovirus infeksiyasına diaqnoz Polimeraza zəncirvari reaksiya tətbiqi ilə qoyulur. PZR müayinəsi üçün burun-udlaqdan yaxma götürülür. Virusa qarşı orqanizmdə yaranan spesifik immunoqlobulinləri (İgM, İgG) təyin etmək üçün immunoferment analiz üsulundan istifadə edilir.

Yüngül xəstələr ev şəraitində müalicə olunur. Pnevmoniya və digər ağırlaşmalarda xəstə stasionara yerləşdirilir. Xəstəliyin əsas müalicəsi patogenetik və simptomatik aparılır. Metapnevmovirus infeksiyasının müalicəsində spesifik antiviral preparatlar mövcud deyil. Metapnevmovirusun quş tipinə yoluxanların müalicəsində əvvəllər ribavirindən istifadə olunub. İkincili bakerial flora ilə ağırlaşma olduqda antibiotiklər təyin edilir.

Spesifik profilaktikası (vaksinasiya) mövcud deyil. Meymunlar üzərində vaksinasiya tətbiq edilsə də, yetərli elmi-tədqiqat nəticələri əldə edilməyib. Ümumi profilaktik tədbirlərə xəstələrin erkən təcrid edilməsi, tibbi maska taxılması və gigiyenik qaydalara əməl edilməsi aiddir. Həmçinin xəstələnmə riskini azaltmaq üçün vitaminlərlə zəngin olan meyvə və tərəvəzlərdən geniş istifadə olunmalıdır. Otaqlar müntəzəm havalandırılmalı, səthlər dezinfeksiyaedici məhlullarla silinməlidir.