Özbaşına vitamin qəbulu ağır fəsadlar doğura bilər

Fəridə Hacıyeva: Hansısa həkim “D vitamini çatışmazlığı hər yerdə var, profilaktika üçün qəbul etmək olar” deyirsə, bunu etməyin

 Hazırda orqanizmi vitaminlər, minerallar və digər qidalandırıcı elementlərlə təmin etmək üçün yaradılmış əlavələr, polivitaminlərdən cəmiyyətdə geniş istifadə edilir. Hər kəsin də bir arqumenti var: vitamindir də, nə ziyanı var ki?

Bəs doğurdanmı, vitamini necə gəldi qəbul etmək olar? İnsanların bu yanaşması düzgündürmü?

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasının assistenti, Tədris Terapevtik Klinikasının Müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevaya müraciət etdik.

Həkim-terapevt son illər hər hansı bir səbəbdən vitamin qəbul etməyin dəbə çevrilməsindən narahatlığını dilə gətirdi: “Soyuq dəyib - vitamin iç. İşdə əsəblərin tab gətirmir - vitamin çatışmazlığındandır. Saç tökülür - mütləq vitamin lazımdır... Əksəriyyət belə düşünür. Halbuki onların nəzarətsiz qəbulu hətta onkoloji xəstəliklərin inkişafına gətirib çıxara bilər. Çox az adam nəzərə alır ki, vitaminlər də dərmandır.

Əgər insanın xroniki xəstəliyi, həmçinin psixoemosional və ya fiziki gərginlik, stress, iqlim dəyişiklikləri, hamiləlik və ya sürətli böyümə kimi xüsusi vəziyyətləri yoxdursa, o zaman vitamin çatışmazlığı da olmur. Əgər insan müxtəlif ərzaqlarla qidalanırsa, lazımi vitaminlərin əksəriyyətini almış olur.

Təəssüf ki, bəzi insanlar vitaminləri hətta meqa-dozalarla qəbul edirlər: xüsusilə C, D, B12, A vitaminlərini. Onlara elə gəlir ki, bu çox faydalıdır. Amma hər şeyin artıq miqdarı zərərlidir. Siz orqanizminizin vəziyyətini, vitamin çatışmazlığı olub-olmadığını bilmirsiniz. Üstəlik, bütün vitaminlər, mikroelementlər və üzvi turşular bir-biri ilə qarşılıqlı əlaqədədir”.

Vitaminlərin normadan artıq qəbulunun bir sıra xoşagəlməz fəsadlar törədə biləcəyini deyən F.Hacıyeva bu barədə ətraflı məlumat verdi: “Vitaminlərin həddindən artıq qəbulu adi allergik reaksiyalardan başqa, daha ciddi xəstəliklərin yaranmasına da səbəb ola bilər. Məsələn, C vitamininin həddindən artıq qəbulu böyrək daşlarının yaranmasına gətirib çıxara bilər. D vitamininin çoxluğu isə kalsiumun böyrəklərdə, ürəkdə və damar divarlarında yığılmasına, nəticədə osteoporozla nəticələnər. A vitamini xüsusilə təhlükəlidir. Onun həddindən artıq qəbulu onkoloji xəstəliklər riskini artırır. Hamilə qadınlarda isə bu vitaminin çoxluğu dölün inkişafında anomaliyalara səbəb ola bilər”.

Həkim-terapevt xoşagəlməz hallarla üzləşməmək üçün məsləhətlərini də verdi: “Ən doğru addım – ilk növbədə analiz verməkdir. Əgər müəyyən simptomlarınız varsa, həkimlə məsləhətləşin və lazım olan vitaminlər üçün qan testi verin. Xüsusilə D vitamini böyük dozada analizsiz qəbul edilə bilməz. Əgər hansısa həkim sizə “D vitamini çatışmazlığı hər yerdə var, profilaktika üçün qəbul edin” deyirsə, bunu etməyin. Vitaminləri mütəmadi olaraq qəbul etmək sağlamlıq üçün təhlükəlidir. Mümkün qədər balanslı qidalanmağa, bütün lazımi vitamin və mikroelementləri təbii qidalardan almağa çalışın”.

F.Hacıyevanın sözlərinə görə, vitaminləri kurs şəklində hamiləlik dövründə,  uşaqlarda sürətli böyümə, xəstəlikdən sonrakı bərpa, yüksək fiziki və ya psixi yüklənmə, pəhriz saxlayarkən və bəzi xroniki xəstəliklər zamanı qəbul etmək olar.