Dosent Nigar Ələkbərova: Rəqabət artdıqca, klinikaların marketinq strategiyasına daha çox diqqət ayırması başadüşüləndir
Azərbaycanda tibb müəssisələrinin müasir idarəetmə sistemi ciddi dəyişikliklərə məruz qalmaqdadır. Bu gün tibbi menecmentin qarşısında klinikaların işini təşkil etməkdən tutmuş, xidmət keyfiyyətinə nəzarət və rəqəmsal texnologiyaların tətbiqinə kimi geniş spektrə malik məsələlər dayanır. Bu sistemin təkmilləşdirilməsi üçün hansı zəruri addımlar atılması ilə bağlı ATU-nun İctimai fənlər kafedrasının dosenti Nigar Ələkbərovanın fikirlərini təqdim edirik.
- Əvvəlcə bilmək istərdik ki, tibb müəssisələrinin uğurlu fəaliyyətini təmin etmək üçün idarəetmə strukturunun tərkibi necə olmalıdır?
- İstər dövlət xəstəxanası olsun, istərsə də özəl klinika - hər bir səhiyyə müəssisəsinin dəqiq idarəetmə strukturu var. Bura klinikanın direktoru (baş həkim), tibb direktoru, inzibati heyət, sığorta və mühasibatlıq şöbələri aiddir. Baş həkim qurumun ümumi strategiyası, personalın işi, maddi dayanıqlıq və dövlət orqanları ilə əlaqələrə cavabdehdir. Tibbi direktor isə müalicənin keyfiyyətinə, həkimlərin işinə və tibbi standartların yerinə yetirilməsinə nəzarət edir.
İnzibati heyətə maliyyə, marketinq, İT və kadrlar üzrə menecerlər daxildir ki, onlar klinikanın fasiləsiz işini təmin etməlidirlər. Sığorta və mühasibatlıq bölmələri isə, bəlli olduğu kimi, sığorta şirkətləri ilə əlaqələri nizamlayır, gəlir və xərclərin uçotunu aparır.
Qeyd edim ki, dövlət xəstəxanalarında idarəetmə, maliyyələşmə və resursların bölüşdürülməsi Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən həyata keçirilir.
İstənilən halda tibbi menecmentin ən önəmli aspektlərindən biri işçi heyətin effektiv idarə edilməsi ilə bağlıdır. Bu zaman ixtisas səviyyəsinin davamlı artırılması üçün həkimlər təlimlərə göndərilir, beynəlxalq konfranslarda iştirakları təmin edilir. Xidmət səviyyəsinin qiymətləndirilməsi üçün pasiyentlərdən klinika haqqında rəy sorğusunda iştirak etmək xahiş olunur. Daxili yoxlamalar və akkreditasiyalar isə tibbi standartlara nəzarət olunmasına kömək edir.
- Hazırda ölkəmizdə tibbi xidmətlərin göstərilməsində sığorta sistemi böyük əhəmiyyət daşıyır. Xəstəxana və klinikaların maliyyələşməsində sığorta hansı rol oynayır?
- Dövlət xəstəxanaları büdcədən maliyyələşsə də, gəlirlərin bir hissəsi icbari sığorta hesabına formalaşır. İTSDA vasitəsilə dövlət sığortalanmış vətəndaşlar üçün əsas tibbi xidmətlərin xərcini ödəyir, pasiyentlər isə yalnız pulsuz xidmətlər siyahısına daxil olmayan müəyyən müalicə növləri üçün əlavə ödəniş edirlər. Özəl klinikalar isə bir neçə mənbədən maliyyələşir. Bunlar arasında daha çox gəlir mənbəyini pasiyentlərin birbaşa ödəmələri təşkil edir. Digər mənbələr isə könüllü tibbi sığorta (fərdi sığortası olan pasiyentlər sığorta zərfinə daxil olan xidmətlərdən yararlanır) və dövlət sazişləridir (bəzi hallarda özəl klinikalar dövlət proqramları üzrə müəyyən sifarişləri yerinə yetirirlər).
- Klinikaların işinin optimallaşdırılması, daha effektiv fəaliyyət göstərə bilməsi üçün hansı əlavə tədbirlər həyata keçirilə bilər?
- Azərbaycanda müasir tibbi idarəetmə klinikaların işinin effektivliyinin artırılmasına yönəlib. Bu məqsədlə aşağıdakı tədbirlər görülür:
• Elektron tibbi kartların tətbiqi – kağız işi azalır, diaqnostika və müalicə işi sürətlənir.
• Pasiyent axınının idarəedilməsi sistemi – elektron növbələr və onlayn qeydiyyatın tətbiqi gözləmə müddətini azaldır.
• Telesəhiyyə - özəl sektorda aktiv şəkildə inkişaf edən bu xidmət növü onlayn müayinə aparılmasına imkan yaradır.
• CRM sistemlər – pasiyentlərin uçotunun aparılması, həkimin qəbulu ilə bağlı xatırlatma-bildirişlərin avtomatlaşdırılması, müraciətlətin analizinin aparılmasına kömək edir.
- Məlumdur ki, rəqabətin çox olduğu sahələrdə reklamsız keçinmək mümkün deyil. Tibb sahəsində uğurlu idarəetməyə nail olunmasında marketinqin rolu nədən ibarətdir?
- Özəl sektorda rəqabət artdığına görə, fərdi klinikaların marketinq strategiyasına daha çox diqqət ayırması başadüşüləndir. Bu zaman klinikanın tanıdılması üçün aşağıdakı alətlərdən istifadə olunur: sosial şəbəkələr və internetdə reklam, pasiyentlərin rəyləri və loyallıq proqramları.
Birinci istiqamətə əsasən facebook, instagram, youtube və google ads platformaları üzərindən reklam kampaniyalarının təşkili aiddir. Bu zaman ikinci alətdən də çox istifadə olunur. Belə ki, ictimai nüfuza önəm verən klinikalar öz pasiyentlərindən onlar haqqında müsbət rəylər yazmağı xahiş edirlər. Nəhayət, özəl klinikalar daimi müştəriləri (pasiyentlər) üçün müəyyən endirimlər tətbiq edir, ailələr üçün xüsusi tibbi xidmət paketləri hazırlayırlar.
Bundan əlavə, özəl klinikalar müştəri xidmət səviyyəsini, beləliklə də məmnuniyyəti yüksəltməyə, klinikada daha rahat şərtlər yaratmağa çalışırlar. Komfortlu palatalar, fərdi münasibət, daha az gözləmə müddəti pasiyentin də razı qalmasına səbəb olur.
Yekunda onu deyə bilərəm ki, Azərbaycanda tibbi menecment xüsusilə özəl sektorda inkişaf etməkdədir. Burada əsas istiqamətlər rəqəmsal texnologiyaların tətbiqi, tibbi xidmət keyfiyyətinin yüksəldilməsi, sığorta sisteminin inkişafı və marketinq strategiyalarının gücləndirilməsi ilə əlaqəlidir. Bu dəyişikliklərin hamısı səhiyyənin effektivliyinin artırılması və daha çox əlçatan olmasına yönəlib ki, bu da rəqabət mühiti yaratmaqla təkcə ölkə daxilində deyil, xaricdən də pasiyentlərin cəlb olunmasına imkan verir.