ATU-nun kafedra müdiri dözülməz ağrı ilə müşayiət olunan bu xəstəliyin müalicəsindən danışır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin verdiyi məlumata görə, podaqra xəstəliyinin müayinə və müalicəsi üçün lazım olan laborator analizlər, rentgen, ultrasəs müayinə, fizioterapiya, tibbi göstərişə əsasən stasionar müalicə icbari tibbi sığorta hesabına qarşılanır. Bu barədə və sözügedən xəstəliyin xüsusiyyətləri bağlı ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyevlə söhbətləşdik.
Onun sözlərinə görə, podaqra (yunanca podos - ayaqlara tələ, yaxud qurban) – orqanizmdə purin mübadiləsinin pozulması nəticəsində sidik turşusunun miqdarının artması zamanı dövri olaraq kəskin artrit şəklində, xüsusilə ayaq baş barmağında qızartı, şişkinlik və kəskin ağrı ilə özünü büruzə verir: “Podaqra bir xəstəlik vahidi kimi yalnız keçmiş SSRİ-də və Bolqarıstanın tibb ədəbiyyatlarında göstərilirdi. Qardaş Türkiyədə və digər Avropa ölkələrində bu xəstəlik “Qut” (latınca qutta - damcı, damla) adlanır. Bu termindən əlavə, “arthritis urica” ifadəsi də işlədilir ki, bu da əsasən xəstəliyin oynaq əlamətləri ilə əlaqədardır. Xəstəlik çox qədim zamanlardan, hətta Hippokrat dövründən məlumdur. O, xəstəlik haqqında çox məlumatlı idi və deyirdi ki, gənc kişilər qadınları tanıyana qədər, qadınlar isə menopauzaya qədər podaqra ilə xəstələnmirlər. Orta əsrlərdə xəstəliyə zadəganlər, padşahlar və aristokratlar, bir sözlə, ətli-yağlı qidalar, spirtli içki məclislərində günlərini çox keçirənlər arasında daha çox rast gəlinirdi. Kişilər arasında 1000 nəfərə 5-28, qadınlar arasında isə 1-6 arasında xəstəyə rast gəlinir. Ümumiyyətlə, bu xəstəlik kişilərdə qadınlara nisbətən 10 dəfə çoxdur. Xəstəlik kişilərdə ən çox 40-50 yaşda, qadınlarda isə postmenopauza dövründə, yəni 55-60 yaşlarda özünü daha çox göstərir”.
Həkim bildirib ki, xəstəliyin səbəbi purin mübadləsinin pozulması olsa da, burada insanın qidalanmasının da böyük rolu var: “Bu səbəblər arasında pivə və alkoqollu içkilərə həddindən artıq aludəlik, bir sıra dərman maddələri (aspirin, sidikqovucular və s.), müntəzəm olaraq həddindən artıq qidalanma, cərrahi əməliyyatlar və orqan köçürülməsi, qurğuşunla zəhərlənmə, diabet, psoriaz (pullu dəmrov), hipertoniya, tez-tez sauna və hamama getmək kimi amillərin də rolu var.
Xəstəliyin ilk başlanğıc əlaməti, əsasən ayaqda baş barmaq falanqasında qızartı, şişkinlik və şiddətli ağrıdır. Ağrı tutmaları spirtli içki, qızardılmış və acı qida qəbulundan sonra daha çox baş verir. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bir çox insanlarda ayaq baş barmağında əyilmə və qabarıqlıq olur ki, bəzən onu podaqra ilə qarışdırırlar. Ona halluks deyilir və əksər hallarda dar, ayağı sıxan ayaqqabı geyindikdə ağrılar artır. Podaqra xəstəliyinin diaqnozunun dəqiqləşdirilməsi üçün qanda sidik turşusunu müayinə etmək lazımdır. Bu müayinə, qeyd edildiyi kimi, İcbari Tibbi Sığorta ilə TƏBİB-in nəzdində olan bütün tibb müəssisələrində aparılır və onun müalicəsi ilə revmatoloqlar məşğul olur”.
Podaqranın müalicəsindən danışan həkim vurğulayıb ki, xəstəliyin sağalmasında təbii amillərlə yanaşı, pəhriz də çox önəmlidir: “Belə ki, qidalanma zamanı yağlı balıq, ət və yarımfabrikatlar, bütün növlərdə spirtli içkilər, konservlər, ət bulyonu, paxlalı bitkilər (lobya, noxud, soya), göbələk, şokolad, kakao, tünd çay, qəhvə, badımcan, turp, ispanaq, hisə verilmiş kolbasa və balıq məmulatları, moruq, yağlı-kremli qənnadı məmulatları tam məhdudlaşdırılmalıdır.
Gündə 1 ədəd yumurta, sitrus bitkiləri, moruqdan başqa bütün giləmeyvələr, yaşıl alma, qoz, quru meyvələr, bal, povidla, marmelad, xiyar, yaşıl çay, müxtəlif növ yarmalar və çoxlu xiyar yemək məsləhətdir. Xiyarın tərkibi əsasən sudan ibarətdir, həm də sidikqovucu təsirə malikdir. Podaqranın müalicəsində mineral suların qəbulu çox faydalıdır. Sutkada 2 litrə qədər (hər kiloqram çəkiyə 30 ml) maye qəbul olunmalıdır. Respublikamızdakı müalicəvi mineral sulardan - İstisu, Sirab, Badamlı, Qalaaltı suyundan istifadə tövsiyə olunur. Bunların içərisində Qalaaltı suyu çox faydalıdır, ancaq bu su mütləq mənbədə içilməlidir, yəni onu qablaşdırıb içmək məsləhət deyil. Mineral sular 180-200 ml miqdarda, gün ərzində 5-6 dəfə, 22-28 gün qəbul olunmalıdır”.
Mütəxəssis qeyd edib ki, xəstəliyin kəskin dövründə ultrayüksək tezlikli terapiya (UYT), eritem dozada ultrabənövşəyi şüalar, fonoferez, kəskin dövr keçdikdən sonra isə palçıq və parafin yaxması, yod-brom, hidrogen-sulfid və radon vannaları, elektroforez kursları qəbul oluna bilər.