Xərçəng xəstələrinin müalicəsi səhiyyənin ən çox maliyyə vəsaiti tələb edən sahəsidir

Akademik Əhliman Əmiraslanov: “Xəstəyə bədxassəli şiş diaqnozu qoyulubsa, deməli taleyi həll olunub” fikri yanlışdır

Müsahibimiz tanınmış alim, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, ATU-nun Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanovdur.

‒ Əhliman müəllim, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox ölümə səbəb olan xəstəliklərin sırasında ürək-qan damar patologiyasından sonra bədxassəli şiş xəstəlikləri gəlir. Beynəlxalq aləmdə tanınan bir mütəxəssis kimi, onkologiya sahəsi ilə bağlı ölkəmizdəki ümumi vəziyyəti necə qiymətləndirərdiniz?

‒ Bədxassəli şişlər həm tibbi, həm də sosial əhəmiyyət kəsb edən aktual bir problemdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il bədxassəli şişlərlə 20 milyona yaxın ilkin xəstələnmə hadisəsi qeydə alınır. Bu xəstəliklər ölümün əsas səbəblərindən biridir. Dünyada hər il 10 milyona yaxın insan bu patologiyalardan ölür və qeyd etdiyiniz kimi, bədxassəli şişlər ümumi ölüm göstəricisinə görə ürək-damar xəstəliklərindən sonra 2-ci yeri tutur. Uzun illərdir ki, Azərbaycanda da vəziyyət buna uyğundur.

Bu sahədə ölkəmizdəki vəziyyəti ümumilikdə qənaətbəxş qiymətləndirirəm və xüsusi vurğulamaq istərdim ki, son illər Azərbaycanda onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində böyük nailiyyətlər əldə olunub. Respublikamızda onkoloji xidmətin təşkilinin dövlət sistemi var və onkoloji müəssisələrin geniş şəbəkəsi mövcuddur. Belə ki, müasir tibbi avadanlıqlar və yüksək ixtisaslı kadr potensialına malik ixtisaslaşdırılmış onkoloji müalicə müəssisələri, o cümlədən Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Tibb Universitetinin Onkologiya kafedraları, Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şirvan, Mingəçevir, Lənkəran və Şəki şəhərlərində fəaliyyət göstərən şəhər və rayonlararası onkoloji dispanserlər, poliklinikaların nəzdində fəaliyyət göstərən onkoloji kabinetlər, bir sıra tibb müəssisələrində onkoloji şöbələr fəaliyyət göstərir. Yaxın gələcəkdə Xankəndi şəhərində də onkoloji dispanserin fəaliyyətinin bərpası nəzərdə tutulub.

‒ Hansı hallarda bu xəstəlikdən sağalanlar olur? Vaxtında dəqiq diaqnozun qoyulması, müalicə taktikasının düzgün seçilməsi, müasir avadanlıqların və dərmanların tətbiqi sayəsində xəstənin sağalması və yaxud ömrünün uzadılması mümkündürmü?

‒ Məlumdur ki, onkologiya sahəsində əsas problemlərdən biri erkən mərhələdə aşkarlanma məsələsidir. Aparılan müalicənin uğurlu nəticələri erkən diaqnostika ilə birbaşa əlaqəlidir. Son illər respublikamızın bölgələrində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və müasir tibbi avadanlıqlarla təchizat işinin yaxşılaşdırılması sayəsində bu istiqamətdə müəyyən irəliləyişlər nəzərə çarpır. Lakin bir sıra nozoloji formalar üzrə erkən aşkarlanma hələ də aşağı səviyyədədir və bu vəziyyət mütəxəssisləri daim narahat edir. Göstərilən problemlə əlaqədar müəyyən kompleks tədbirlər həyata keçirilir. Bura ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, xərçəngönü xəstəliklərin erkən aşkar edilməsi və xərçəngin erkən diaqnostikası üçün əhalinin profilaktik müayinələrə aktiv cəlb edilməsi, ümumi profilli həkimlərdə onkoloji biliklərin və sayıqlığın artırılması kimi məsələləri aid etmək olar. Qeyd etmək lazımdır ki, xərçəng məfhumu altında böyük xəstəliklər qrupu birləşib. Bəzən insanlar arasında belə fikirlər yayılır ki, yəqin hansısa bir kəşf sayəsində bədxassəli şiş problemi həll ediləcək. Əlbəttə, bu cür yanaşma yanlışdır. Çünki bədxassəli şişlər adı altında birləşən çoxsaylı xəstəliklərin əmələgəlmə səbəbləri, inkişafı, gedişi, klinikası, diaqnostikası, müalicəsi və proqnozu bir-birindən fərqlənir. Məsələn, ağciyər xərçəngi üçün bir müalicə üsulu, süd vəzisi xərçəngi üçün başqa bir müalicə üsulu, limfomalar üçün isə ayrı bir müalicə üsulu tətbiq olunur. Xərçənglər bircinsli olmadığı üçün onların müalicəsi də fərqlidir. Bu fərqliliklər də öz növbəsində bədxassəli şişlərlə mübarizə problemini çətinləşdirir. Ümumiyyətlə, bədxassəli şiş müalicə olunan xəstəlikdir. Uzun müddətdir əhalinin müəyyən qrupu arasında belə bir fikir formalaşıb ki, bədxassəli şiş diaqnozu qoyulubsa, deməli, xəstənin taleyi həll olunub və bu xəstəni müalicə etmək mümkünsüzdür. Əslində isə bu cür yanaşma düzgün deyil. Hazırda bu xəstəliklərə düçar olan insanların  müalicə olunaraq tam sağalıb ailəyə, cəmiyyətə, həyata qayıtmaları baxımından onkologiyanın imkanları kifayət qədər genişdir.

Bədxassəli şişlərin müalicəsində üç əsas üsul tətbiq edilir: cərrahi müalicə, şüa müalicəsi və dərman müalicəsi. Bu müalicə üsullarının hər biri getdikcə təkmilləşir. Bir çox şişlərin cərrahi müalicəsində son vaxtlar robotik-cərrahi üsullardan da uğurla istifadə edilir, eyni zamanda orqansaxlayıcı və rekonstruktiv əməliyyatlar aparılır. Şüa müalicəsində də son zamanlar çox böyük uğurlar əldə edilib. Müasir tələblərə cavab verən avadanlıqlar tibbi təcrübəyə tətbiq edilir ki, onlarla ətraf toxumaları zədələmədən sırf şişi müalicə etmək mümkündür. O avadanlıqlardan Azərbaycana da gətirilib və xəstələrin şüa müalicəsində istifadə edilir. Dərman müalicəsi sahəsində də çox ciddi müvəffəqiyyətlər qazanıldığını deyə bilərik. Məlumdur ki, kimyəvi dərman müalicəsindən həmişə istifadə olunurdu, lakin son illər bədxassəli şişlərin müalicəsində "Hədəf terapiyası" deyilən müalicə üsulu da tətbiq edilir. Bu üsulun tətbiqi ilə xəstələrin sağalma göstəriciləri xeyli yaxşılaşıb və məhz hədəf terapiyanın, eləcə də immunterapiyanın tətbiqi ilə hətta yayılmış şiş prosesləri zamanı xəstələri uzun müddət yaşatmaq, bəzi hallarda isə tam sağaltmaq mümkündür.

Bu sualınızla əlaqədar bir məsələni də qeyd etmək istərdim ki, hazırda bu və ya digər şiş növlərinin vaksinlərinin yaradılması istiqamətində ciddi tədqiqatlar aparılır. Əminəm ki, vaxt gələcək, peyvənd yolu ilə yoluxucu xəstəliklərin qarşısını aldığımız kimi, müəyyən şiş növlərinə qarşı da vaksinlər hazırlanacaq və insanları peyvənd etməklə onların gələcəkdə şiş xəstəliklərindən qorunmasına nail ola biləcəyik.

 ‒ Əvvəllər onkoloji xəstələrin bir çoxu xaricə üz tuturdu. Hazırda bu tendensiyanın dəyişdiyini, öz klinikalarımıza, öz mütəxəssislərimizə inam hissinin artığını deyə bilərikmi? Bu nöqteyi-nəzərdən, rəhbərlik etdiyiniz ATU-nun Onkoloji Klinikası öz fəaliyyətini necə qurur?

‒ Bəli, əvvəllər bu hallar var idi. Lakin son dövrlərdə ölkəmizin ixtisaslaşdırılmış klinikalarında müasir onkoloji müalicə metodlarının tətbiqi, peşəkar həkimlərimizin təcrübəsi və tibb infrastrukturunun inkişafı sayəsində bu tendensiya xeyli dəyişib. Artıq xəstələrin xarici ölkələrə getməsinə zərurət yoxdur. Rəhbəri olduğum Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının zəngin maddi-texniki bazası və yüksək hazırlıqlı kadr potensialı burada həm onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərməyə, həm də onkologiyanın müxtəlif sahələri üzrə elmi-tədqiqat işləri aparmağa tam imkan verir. Klinikada 2 şöbənin nəzdində 5 elmi bölmə, həmçinin poliklinika və diaqnostika bölmələri, kimyəvi dərman terapiyası bölməsi, cərrahi blok və anesteziologiya və intensiv terapiya bölməsi fəaliyyət göstərir. Klinikada iri oynaqların rezeksiyası və endoprotezləşdirilməsi, kürək-döşarası amputasiya, qalça-qarınarası ayırma, larinqektomiya və səs protezlərinin qoyulması kimi müasir klinik onkologiyada yerinə yetirilən mürəkkəb cərrahi əməliyyatlar icra edilir.

Poliklinika və diaqnostika şöbəsinin nəzdində fəaliyyət göstərən kimyəvi dərman müalicəsi bölməsində xəstələrə onkologiyanın bütün sahələri üzrə kimyəvi dərman terapiyası aparılır.

Klinika həm də ATU-nun Onkologiya kafedrasının bazasıdır. Burada universitetin Müalicə-profilaktika, Stomatologiya, Hərbi tibb fakültələrinin, eləcə də İctimai səhiyyə fakültəsinin “tibb bacısı işi” və “fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə tələbələrinə onkologiya fənni tədris olunur. Kafedranın zəruri tədris vəsaitləri ilə təchiz olunmuş tədris otaqları və zəngin maddi-texniki bazası tələbələrə onkologiya fənninin sirlərinə yiyələnməyə tam imkan verir. Tibb Universitetini bitirən həkimlər klinikada rezidentura və doktorantura təhsillərini də davam etdirirlər. 

‒ Azərbaycanda diz, bud, çanaq oynağı köçürmələri sizin adınızla bağlıdır. Hazırda bu istiqamətdə işlər necədir? Protezlərlə təchizat, əməliyyat şəraiti sizi qane edirmi? Davamçılarınız yetişirmi?

‒ Mən 20 ilə yaxın Moskvada, o vaxtkı SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzində fəaliyyət göstərdikdən sonra 1992-ci ildə Azərbaycana qayıtdım və artıq 33 ildir ki, öz vətənimdə fəaliyyətimi davam etdirirəm. Klinik onkologiyanın bir çox sahələri ilə məşğul olmuş və mürəkkəb cərrahi müdaxilələri icra etmişəm. Bunlardan biri də sümük şişləri zamanı geniş sümük rezeksiyalarından sonra yaxında yerləşən oynağın funksiyasının saxlanması şərtilə defektin plastik əvəz edilməsi məqsədilə diz, bud-çanaq və bazu oynaqlarında rezeksiya ilə birlikdə aparılan endoprotezləşdirmə əməliyyatlarıdır. Göstərilən əməliyyatları Azərbaycanda 1992-ci ildən başlayaraq icra edirəm və nəticələri də qənaətbəxşdir. Oynağın endoprotezləşdirilməsi dayaq-hərəkət aparatının xəstəlikləri zamanı tətbiq olunan ən müasir yüksək texnoloji cərrahi müalicə üsuludur. Bu zaman zədələnmiş sümük oynaqla birlikdə çıxarılır və süni protezlə (implant) əvəz edilir. Pasiyentə qoyulan protez normal oynağın formasını bərpa edir və ona aid bütün hərəki funksiyaları yerinə yetirir. Bud sümüyünün distal nahiyəsinin, qamış sümüyünün proksimal nahiyəsinin və bazu sümüyünün proksimal nahiyəsinin şişləri zamanı əmələ gələn defektləri əvəz etmək məqsədilə biz əvvəllər Sivaş və Poldi endoprotezlərindən, 1996-cı ilin fevral ayından öz konstruksiyamız əsasında işlənib hazırlanmış endoprotezlərdən, sonrakı illərdən etibarən isə Almaniyanın “Link” və Türkiyənin “Hippokrat” firmalarının hazırladığı endoprotezlərdən (modul endoprotezlər) klinik praktikamızda geniş istifadə etmişik. Hazırda dünyanın aparıcı istehsalçıları tərəfindən daha müasir, yüksək davamlılığa malik və orqanizmdə uzun müddət qala bilən protezlər hazırlanır ki, bunlardan da ölkəmizin müvafiq ixtisaslaşdırılmış klinikalarında uğurla istifadə edilir. Sümük sarkomaları zamanı endoprotezləşdirmə ilə aparılan əməliyyatlar həm də xəstələrin kompleks müalicəsinin bir tərkib hissəsidir. Bu əməliyyatlara qədər sümük sarkomalarına düçar olmuş xəstələrdə əksər hallarda ətrafların götürülməsi ilə nəticələnən şikəstedici əməliyyatlar həyata keçirilirdi və nəticəsi bir çox hallarda qənaətbəxş olmurdu. Biz sümük sarkomaları zamanı diz, bud-çanaq və bazu oynaqlarında rezeksiya ilə birlikdə aparılan endoprotezləşdirmə əməliyyatları da daxil olmaqla kompleks müalicə üsulları işləyib hazırladıq və klinik praktikaya tətbiq etdik. Beləliklə həm şişlə zədələnmiş ətrafı saxlamaq mümkün oldu, həm də xəstələrin müalicə nəticələri xeyli yaxşılaşdı. 

Sualınızın sonuncu hissəsinə cavab olaraq qeyd edim ki, respublikamızın ixtisaslaşdırılmış tibb müəssisələrində protezlə təchizat işi qənaətbəxş vəziyyətdədir. Dayaq-hərəkət aparatının müəyyən xəstəlikləri zamanı aparılan endoprotezləşdirmə əməliyyatları icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilib və bu əməliyyatlar uğurla həyata keçirilir. Əlbəttə, yetişdirdiyim kadrlar arasında endoprotezləşdirmə ilə aparılan əməliyyatları müvəffəqiyyətlə icra edən tələblərim çoxdur. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, yetirmələrim arasında tək Azərbaycanda deyil, bir sıra MDB və Avropa ölkələrinin müvafiq klinikalarında çalışan tələbələrim də var.

‒ Son olaraq Milli Məclisin Səhiyyə Komitəsində daha çox müzakirə edilən məsələlər, o cümlədən ölkəmizdə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar barədə fikirlərinizi öyrənmək istərdik. Yeri gəlmişkən, icbari tibbi sığortanın ATU-nun klinikalaranda tətbiqi tələbata uyğundurmu?

‒ Milli Məclisin Səhiyyə Komitəsində müzakirə edilən məsələlər arasında səhiyyənin hüquqi-normativ, maddi-texniki bazasının təkmilləşdirilməsi, icbari tibbi sığorta, tibbi xidmətlərin keyfiyyətinin artırılması və tibbi infrastrukturun inkişafı məsələləri ön plandadır. Azərbaycanda səhiyyə islahatları, o cümlədən icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi sayəsində əhalinin səhiyyə xidmətinə əlçatanlığı xeyli yaxşılaşıb, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılması əhalinin bu xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradıb. Onkoloji xəstəliklərin də icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi istiqamətində müzakirələr aparılır. Ümidvaram ki, yaxın gələcəkdə bu məsələ də öz müsbət həllini tapacaq və nəticədə ölkəmizdə bu qrupdan olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmətin əlçatanlığı tam təmin ediləcək. Hazırda bu istiqamətdə çox ciddi iş gedir. Biz bilirik ki, xərçəng xəstələrinin müalicəsi səhiyyənin ən böyük maliyyə vəsaiti tələb edən sahəsidir. Xüsusilə şiş əleyhinə olan dərmanlar, "İmmun terapiya", "Hədəf terapiya" və kimyəvi üsulla müalicədə istifadə olunan dərmanlar böyük maliyyə tutumludur. Bu məsələləri mən dəfələrlə Milli Məclisdə qaldırmışam. Bu günlərdə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin birgə iştirakı ilə dinləmə keçirildi. Dinləmədə bu məsələ də müzakirə olundu və ətraflı fikir mübadiləsi aparıldı.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında da icbari tibbi sığorta tətbiq edilir və əhaliyə sığorta proqramında nəzərdə tutulmuş müddətdə və məbləğdə müxtəlif xarakterli tibbi xidmətlər göstərilir. Qeyd etmək istərdim ki, Səhiyyə Komitəsində keçirilən dinləmədə aparılan müzakirələr nəticəsində 1 yanvar 2025-ci il tarixdən pasiyentlərin adıçəkilən klinikalarımıza göndərişsiz müraciət etmək imkanı yaradılıb.