Yeniyetmələrin sağlamlığı strateji məsələdir

Dosent Şəhla Balayeva: Bu dövrdə yalnız böyümə və inkişaf baş vermir, həm də sosial kimlik formalaşır

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) klassifikasiyasına əsasən, yeniyetməlik dövrü 10-19 yaş aralığını əhatə edir. Bu dövr insanın uşaqlıdan böyüklüyə keçdiyi ən mühüm inkişaf mərhələlərindən biri olub, fiziki, psixoloji və sosial dəyişikliklərlə səciyyələnərək gəncin gələcək sağlamlığına, həyat tərzinə və davranışlarına təsir göstərir”. Bunları ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva deyib.

Yeniyetmələrin sağlamlığının daim diqqətdə saxlanılmasının önəmini vurğulayan müsahibimiz bildirib ki, yeniyetmə cəmiyyətin inkişafında mühüm rol oynayan dinamik və enerjili sosial bir qrupdur: “Onlar gələcəyin liderləri, alimləri, sənətkarları və sahibkarlarıdır. Onların sağlam, savadlı və vətənpərvər vətəndaşlar kimi yetişməsi dövlətin prioritet istiqamətlərindən biridir. Lakin yeniyetməlik dövrü yalnız böyümə və inkişaf prosesi deyil, həm də sosial kimliyin formalaşdığı və cəmiyyətə inteqrasiyanın baş verdiyi kritik bir mərhələdir. Müasir dünyada yeniyetmələrin cəmiyyətdəki mövqeyi onların təhsil, səhiyyə, ailə və sosial mühitdə qarşılaşdıqları imkan və çətinliklərdən asılıdır. Təhsil yeniyetmələrin dünyagörüşünü və gələcək perspektivlərini müəyyən edən əsas amillərdən biridir. Güclü təhsil sistemi və keyfiyyətli tədris metodları gənclərin intellektual inkişafına müsbət təsir göstərir. Bununla yanaşı, ailə və sosial mühit yeniyetmənin cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynayır. Valideyn dəstəyi, sağlam dostluq münasibətləri və sosial institutlarla qarşılıqlı əlaqə yeniyetmənin özünəinamını və şəxsiyyətinin formalaşmasını gücləndirir. Yeniyetməlik həyatın sağlam mərhələsi hesab edilsə də, onlar arasında ölüm, xəstəlik və zədələnmələr də kifayət qədərdir. Bunların çoxunun qarşısını almaq və ya müalicə etmək olar. Bu mərhələdə yeniyetmələr özlərinin və başqalarının sağlamlığını qoruya və ya indi və gələcəkdə öz sağlamlıqlarını risk altına ala biləcək qidalanma, fiziki fəaliyyət, zərərli maddə istifadəsi və seksuallıq kimi davranış modelləri inkişaf etdirirlər”.

Sözünə davam edən mütəxəssis vurğulayıb ki, fiziki və psixi inkişaf yeniyetməlik dövrünün əsas xüsusiyyətlərindən biridir: “Bu mərhələdə orqanizmdə sürətli dəyişikliklər baş verir və bir sıra amillərin gənclərin sağlamlığına təsiri onların hansı səviyyədə istifadəsindən asılı olaraq müsbət və ya mənfi ola bilər. ÜST-ün məlumatlarına görə, hazırda dünyada hər yeddinci yeniyetmə ən çox depressiya və narahatlıq pozuntuları olmaqla psixi sağlamlıq problemlərindən əziyyət çəkir.

Yeniyetmə sağlamlığının qorunması yalnız xəstəliklərin qarşısının alınması deyil, həm də sağlam həyat tərzinin təşviqi və psixi rifahın dəstəklənməsidir. Səmərəli qidalanma yeniyetmələrin böyüməsi və inkişafı üçün əsas şərtdir. Zülal, vitaminlər, minerallar və faydalı yağlarla zəngin qida rasionu yeniyetmənin orqan və sistemlərinin, sümüklərin inkişafına və immun sisteminin güclənməsinə kömək edir. Karbohidratlar enerji mənbəyi olub, zehni və fiziki fəaliyyət zamanı yüksək iş qabiliyyətini saxlamağa kömək edir. Onlarla daim maarifləndirmə işi aparılmalı, fast-food, qazlı içkilər və şəkərli qidaların çox qəbulunun piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırması haqda məlumat verilməlidir”.

Başqa bir nüansa toxunan kafedra müdirinin sözlərinə görə, müxtəlif kompüter texnologiyalarının və smartfonların həyatımıza daxil olması və onlardan həddindən artıq istifadə fiziki aktivliyin azalmasına səbəb olur. ÜST-ün tövsiyəsinə əsasən, yeniyetmələr gündə ən azı 60 dəqiqə orta və yüksək intensivlikli fiziki fəaliyyətlə məşğul olmalıdırlar: “Bu onların ürək-damar sağlamlığını, əzələ gücünü və ümumi fiziki vəziyyətini yaxşılaşdırır. İdman, həmçinin stressi azaltmağa və özünəinamı artırmağa kömək edir. Psixi sağlamlıq yeniyetmələr arasında depressiya, davranış pozuntuları, narahatlıq və digər problemləri aradan qaldırır. ÜST-ün verdiyi məlumata görə, 10-19 yaşlı yeniyetmələrin 13%-dən çoxu diaqnoz qoyulmuş psixi pozuntularla yaşayır ki, bunun da təxminən 40%-i narahatlıq və depressiyadır. Bu dövrdə gənclərin emosional dəstəklə təmin edilməsi, onların stressə davamlılıq bacarıqlarının inkişafı çox vacibdir”.

Sonda Ş.Balayeva onu da qeyd edib ki, dövlətimiz yeniyetmələrin sağlamlıq, təhsil, sosial rifah və hüquqlarının qorunması istiqamətində ardıcıl siyasət həyata keçirir və bu sahədə genişmiqyaslı proqramlar icra olunur. Eləcə də onların sağlam böyüməsi üçün sağlamlıq və gənclik mahiyyətli bir çox layihələr hazırlanıb, idman və psixoloji dəstək mərkəzləri yaradılıb.