Rafiq Bayramov: Xəstəliyini hamıdan gizlətməyə çalışanlar bilməlidir ki, vərəm tam müalicə olunur
Hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur. Bununla əlaqədar Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramovun fikirlərini öyrəndik. Həmsöhbətimiz bildirdi ki, vərəm insanlar arasında ən geniş yayılmış xəstəliklərdən biridir: “Vərəm xəstəliyinin yaşının bəşəriyyətin yaşı ilə eyni olduğunu söyləsək, yanılmarıq. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, yoluxucu xəstəliklər arasında vərəm xəstəliyi ölüm göstəricisinə görə “liderliyini” qoruyub saxlamaqdadır. Hazırda ən asan müalicə olunan vərəm prosesinin müalicəsi üçün minimum 6-8 ay ərzində ən azı 4 vərəm əleyhinə dərmanın birgə istifadəsi tələb olunur. Buna səbəb vərəm mikrobakteriyalarının
dəyişkən, müalicəyə çətin tabe olmasıdır”. R.Bayramov təəssüflə qeyd etdi ki, son illər dünyada, o cümlədən ölkəmizdə
dərmanlara rezistent deyilən vərəmə rastgəlmə tezliyi artır: “Bunun isə iki forması var: birincili və ikincili rezistentlik formaları. Birincili rezistentlik odur ki, insan xəstəliyə dərmanlara rezistent ştamlar, mikroblar və ya törədicilərlə yoluxub xəstələnir. Yəni kimdən yoluxubsa, həmin xəstədə artıq dərmana rezistent forma olub. Ona görə də yeni xəstələnən adamlarda dərmana davamlılıq yaranır. İkincili rezistentlik odur ki, xəstə dərmana həssas mikrobakteriyalar, vərəm çöpləri ilə yoluxub xəstələnir, amma qeyri-düzgün, natamam müalicə nəticəsində onda rezistentlik formalaşır”. Onun sözlərinə görə, öz növbəsində birincili resistentlik formasının da sayı az deyil ki, bu da ətraf mühitdə rezistent xəstələrin sayının çoxluğu, həmin insanlardan yoluxanlardan birincili rezistent xəstələrin yaranması ilə izah olunur:
“Adətən “vərəm xəstəsi” dedikdə, yaşayış şəraiti yaxşı olmayan, tüfeyli həyat tərzi keçirən, əyyaşlar, narkomanlar və bu kimi sosial qrupdan olanlar düşünülür. Amma belə deyil. Faktlar göstərir ki, heç kəs bu xəstəlikdən sığortalanmayıb.
Tibbin hər sahəsində olduğu kimi, vərəmlə mübarizədə də yeniliklər var. ÜST illərdir əsas qlobal problem kimi, vərəm infeksiyasını diqqət mərkəzində saxlayır.
Son məlumatlara görə, hazırda infeksiya əleyhinə 10-a yaxın vaksin üzərində iş gedir. Ötən ilin məlumatına görə, daha effektli olan 3 vaksin artıq təcrübə mərhələsini keçib və onlardan biri yaxın zamanda kütləvi istifadəyə buraxılacaq.
Artıq 15 ildir ki, vərəm əleyhinə olan dərmanların apteklərdə satışına rəsmən qadağa qoyulub. Ona görə belə xəstələr aşkar olunan kimi, yaşadığı ərazi üzrə vərəm əleyhinə dispanserlərdə və ya vərəm kabinetlərində qeydiyyata götürülür.
Xəstələr mütəmadi olaraq təyin olunan dərmanları dispanser və ya kabinetlərdə çalışan sahə həkimlərindən alır. Onlar tam şəkildə dərmanlarla təchiz olunurlar”.
Kafedra müdiri əlavə etdi ki, bəzi xəstələr qeydiyyata düşüb, müalicə almaq istəmirlər. Çünki xəstəlik zamanı onlarda çox ciddi sinir pozğunluqları olur. Dünyanın hər yerində olduğu kimi, bizdə də vərəm xəstələrinə qarşı olan münasibət birmənalı deyil. Bu səbəbdən də vərəm xəstələri, əksər hallarda öz xəstəliklərini ətrafdan gizlətməyə çalışır: “Bu cür halların qarşısını almaq üçün
maarifləndirmə tədbirləri gücləndirilməlidir ki, vərəm olan xəstələr özlərini cəmiyyətdən tədric hiss etməsinlər. Onlar bilməlidirlər ki, bu xəstəlik müalicə olunub tam sağalan xəstəlikdir. Aparılan mübarizənin effektiv olması üçün ilk növbədə vərəm ocaqları
aşkarlanmalı, onun ötürülmə yolları müəyyən edilməli, yeni yoluxmaların qarşısı alınmalıdır. Ölkəmizdə istər Səhiyyə Nazirliyi, istərsə də TƏBİB tərəfindən vərəmlə mübarizəyə kifayət qədər dəstək var. Hər cür müayinələr aparmaq imkanlarına malikik”.
Mütəxəssis qeyd etdi ki, kimsə üç həftədən artıq öskürürsə, hər ehtimala qarşı onun bəlğəminin vərəm çöpünə görə müayinəsi məsləhətdir: “Hansısa şəxsdə axşamüstü zəif subfebril hərarət, ümumi zəiflik əlamətləri olarsa, gecənin ikinci yarısı, səhərə
yaxın kürəyi, ənsə nahiyəsi tərləyərsə, lokalizasiyalı vərəm prosesinə şübhə yaranır. Onlar da özlərini həkimə yoxlatmalıdır”.
R.Bayramov, rəhbərlik etdiyi kafedranın vərəmlə mübarizə sahəsində fəaliyyətindən də söhbət açdı. Bildirdi ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ölkəmizdə vərəmlə mübarizəyə rəhbərlik edən bir müəssisə olsa da, Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrası da ağciyər xəstəliklərinin aşkar olunmasında yetərincə fəaliyyət göstərir: “Vərəmlə mübarizə
tədbirlərində kafedramız həmişə olduğu kimi, yenə də aktivdir. Belə ki, istər həkimlərin, istər digər tibb personalının maarifləndirilməsində, seminarların keçirilməsində, mətbuatda ictimaiyyət üçün maarifləndirici müsahibə və məlumatların dərc olunmasında yaxından iştirak edir.
Gələcək həkimlərimiz olan tələbələrimizin vərəm və ağciyər vərəminin ayrı-ayrı formaları haqqında lazım olan nəzəri və təcrübi biliklərə yiyələnməsindən ötrü əlimizdən gələni edirik. Tələbələrimizə bütün ağciyər xəstəlikləri, o cümlədən ağciyər vərəmi olan xəstələrin müayinəsində bilavasitə iştirak etmək şəraiti yaradılır. Kafedra əməkdaşları isə xəstəliyin aşkarlanması, çətin diaqnostika olunan, müalicəsi daha problemli vərəm xəstələrinin müalicəsi ilə bağlı mütəmadi məsləhətləşmələr, konsiliumlarda iştirak edirlər”.