Yeni nəsil radiologiya

M.Sultan: “Həkimin peşəkarlığı ən yeni müayinə üsulunu deyil, ən optimalını seçə bilməsidir”

Müasir dövrdə tibbin bütün sahələrində radioloji görüntüləmə metodlarından istifadə edilir. Zaman keçdikcə, bu üsulların qlobal yenilənmələri də baş verir. Yaxın gələcəkdə radiologiyanın inkişaf tendensiyası, bu metodların diaqnostikada verəcəyi üstünlüklər barədə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, Şüa diaqnostikası kafedrasının müdiri professor Məlahət Sultan ilə müsahibəni təqdim edirik.

-Məlahət xanım,  radioloji görüntüləmə metodlarının texniki bazasının inkişafı tibbin şüa diaqnostikası sahəsinə necə təsir edə bilər?

- Radioloji görüntüləmə üsulları ənənəvi rentgen müayinələrindən başlayaraq pozitron emission tomoqrafiyanın hibrid üsullarına qədər uzun bir yol keçməkdədir. Bu üsullar orqanizmin tamlığını pozmadan proses haqqında dəqiq informasiya almağa imkan verir.

Təkcə son 20 ildə radiologiyada əldə edilən nailiyyətlər bu sahənin magistral inkişaf yolunu göstərir və bu gün artıq xəstəliklərin molekulyar diaqnostikası göz önündədir. Nəzərə almaq lazımdır ki, bu müayinələr müxtəlif fiziki texniki proseslərə əsaslanaraq əksər hallarda bir birilərini tamamlayır və diaqnostik prosesin düzgün qurulmasına xidmət edir.

Radioloji görüntüləmə metodlarının texniki bazasının proqressiv inkişafı şüa diaqnostikası mütəxəssislərinin də rolunu dəyişir. Görüntüləmə üsulunun seçilməsi və xəstənin müayinəsinin optimal strategiyasının təyin olunması haqda məhz radioloqlar qərar verməlidir.  Bu gün geniş tətbiq edilən müayinə üsulları praktiki olaraq real identik anatomik görüntülər almaqla mükəmməl diaqnostik informasiya verir və təbii ki, bütün hallarda bu müayinələr “sadədən mürəkkəbə” istiqamətində tətbiq edilməlidir.

Radiologiyada optimallıq prinsipi əsasdır. Pasiyentin şikayətlərindən asılı olaraq ən informativ müayinə üsulunun seçilməsi radioloqun verməli olduğu  birinci düzgün qərar olmalıdır. Belə ki, hər bir müayinə üsulunun göstərişləri və əks göstərişləri mövcuddur. Həkimin peşəkarlığı bu müayinələrin ən yenisini deyil, konkret halda ən optimal olanını (vaxt, maliyyə və keyfiyyət baxımından) seçə bilməsidir. COVİD 19 pandemiyasındakı təcrübəmizdə bunu yaşadıq. Əksər hallarda pasiyentlərdə ciddi göstəriş olmadan  şüa yükünün kifayət qədər olduğu KT müayinəsi icra olundu.

-Radioloji görüntüləmə effektiv diaqnostika üsulu olmaqla yanaşı, həm də özündə şüalanma ilə bağlı müəyyən risklər daşıyır. Belə olan halda, xəstənin daha çox ziyan görməməsi üçün həkimlər müayinə metodları ilə bağlı qərarı necə verirlər?

-Bəli ,radioloji görüntülmənin bəzi üsullarında ionlaşdırıcı şüa mənbələrindən istifadə edilir və orqanizm üçün təhlükə yaranır.  Tarixə nəzər salsaq, radioaktivlik XIX əsrin sonlarında aşkar edilsə də, həmin dövrdə  insanlar radioaktiv şüaların zərərləri haqqında məlumata malik deyildilər. Radiasiyanın  kəskin təsirlərini ilk dəfə 1896-cı ildə Nikola Tesla  göstərdi. O, barmaqlarını məqsədyönlü şəkildə rentgen şüalarına məruz qoyaraq yanıqların yaranmasını müşahidə etdi, lakin bu təsirin ozon təsiri ilə baş verdiyini düşünmüşdü.  İonlaşdırıcı şüaların genetik təsirlər və xərçəng riskindəki rolu ilk dəfə 1927-ci ildə Herman Cozef Meller tərəfindən aşkar edildi. Lakin bu təsirlər aşkar edilənədək artıq korporasiyalar və müxtəlif həkimlər tərəfindən bir çox radioaktiv maddələr satılırdı. Buna  etiraz edən və radiasiya təsirlərinin olduğunu göstərən ilk alim Maria Küri idi. Hətta xanım Kürinin  özü radiasiyaya məruz qaldığına görə aplastik anemiya səbəbindən dünyasını dəyişmişdi.

Bu gün tətbiq edilən müayinələr sırasında rentgenoloji müayinələr, o cümlədən KT və nüvə görüntülənmə üsulları radiasiya riski (canlı orqanizm üçün təhlükəli hesab edilən) daşıyır. USM və MRT müayinə üsulları isə orqanizm üçün tamamilə zərəsiz hesab edilir. Bu təsirləri nəzərə alaraq, radioloji müayinələrdən keçərkən  mütləq həkim  radioloqun tövsiyələri nəzərə alınmalıdır.

Təəssüflə qeyd etmək lazımdır ki, əksər hallarda  xəstəliklərin gec mərhələlərdə tanınması məhz optimal müayinə üsulunun düzgün seçilməməsi ilə əlaqəlidir.  Məsələn, 40 yaşdan yuxarı qadınların skrininq  mammoqrafiya müayinəsindən keçməsi vacibdir. Bu zaman qadın  müayinədən deyil, süd vəzi xərçənginin vaxtında aşkar edilməməsindən qorxmalıdır. Daha cavan yaşlarda isə USM müayinəsi bu aspektdə lazımi informasiyanı verir. Cədvəldə daha çox tətbiq edilən müayinələrdə şüalanma dozaları və onların təbii şüalanma ilə müqayisəsi təqdim edilmişdir. Məsələn,  döş qəfəsinin KT müayinəsi aparıldıqda, pasiyent 2 illik, rentgen müayinəsi aparıldıqda 10 günlük təbii şüalanma dozası qədər şüaya məruz qalır.

 

Anatomik zona

Müayinə

Effektiv şüalanma dozası

Təbii şüalanma

ilə müqayisədə

Qarın boşluğu

Nativ KT

Kontrast KT

 

10 mSv

20mSv

 

3 il

7 il

 

Sümük sistemi

Rentgenoqrafiya-Onurğa

Rentgenoqrafiya-Ətraflar

 

 

1,5 mSv

0,001mSv

6 ay

3 saat

Sinir sistemi

KT-kəllə

KT-kəllə, kontrastlı

KT-onurğa

2mSv

4mSv

6mSv

8 ay

16 ay

2 il

Döş qəfəsi

KT

Rentgenoqrafiya

 

7mSv

0,1mSv

2 il

10 gün

PET-CT

 

25mSv

8 il

Mammoqrafiya

 

0,4mSv

7 həftə

Xüsusilə, hamiləlikdə və uşaqlarda radioloji müayinə metodlarının seçiminə daha həssas yanaşmaq lazımdır. Hamilələr və ya valideynlər aparılacaq müayinə haqqında maksimum məlumatlandırılmalı və mümkün risklər izah edilməlidir. Qoruyucu vasitələrdən istifadəyə maksimum riayət edilməlidir.

Radiasiyanın fetal risklərinə inkişaf zəifliyi, düşüklər,  malformasiyalar, beyin funksiyalarının pozulmaları, nevroloji inkişaf pozulmaları aid edilir. Bir müayinə üsulu təklikdə bu fəsadlara  səbəb olmaz. Lakin şüanın orqanizmə davam edən uzun müddətli təsiri qeyd edilən dəyişikliklərlə nəticələnə bilər.  

-İstərdik ki, hazırda tibb sahəsində izlənilən bir vacib trenddən - süni intellektin (Sİ) radiologiyada yeri və rolundan danışaq.

-Bu gün Sİ-nin radiologiyada getdikcə artan yeri danılmazdır. Təsvirin interpretasiyasında müxtəlif proqramların  istifadəsi ilə qısa zaman ərzində maksimal informasiya alınır və həkim burada ekspert  rolu oynayır. Sİ  proqramları görüntülərdə insan gözləri üçün aşkarlanması çətin ola biləcək anormallıqları müəyyən edə bilir. Tədqiqatlarda Sİ  alqoritmlərinin skrininq müayinələr çərçivəsində sağlam insanların avtomatik seçilməsində radioloqların iş yükündə azalmaya səbəb ola bilməsi, xüsusən,  süd vəzi xərçəngi, sınıqılar və ağciyər düyünlərini  müəyyən etməkdə radioloqların performansına uyğun olması və hətta onları üstələyə biləcəyi göstərilir. Bu imkan diaqnostik dəqiqliyi əhəmiyyətli dərəcədə yaxşılaşdırır, xəstəliyin erkən və daha dəqiq aşkarlanmasına səbəb olur.

Hazırda Sİ proqramlarının  radiologiyada tətbiqinin nəticələrinə dair elmi araşdırmalar aparılmaqdadır. Texnologiyada davamlı irəliləyişlər və radioloji praktikada Sİ  tətbiqinin genişlənməsi  diaqnostik dəqiqliyi, səmərəliliyi və müayinə sayını artıraraq radiologiyanın gələcəyində daha da əhəmiyyətli rol oynayacaqdır.

-Belədirsə, süni intellekt radiologiyanın gələcəyini tam təmin edəcəkmi?  

- Birmənalı olaraq demək olar ki, radiologiyada insan təcrübəsi çox vacibdir. Bayaq da qeyd etdiyimiz kimi, Sİ  radiologiyada transformasiyaedici qüvvə kimi ortaya çıxdı və  görüntülərin  təhlilinin  avtomatlaşdırılması hesabına daha sürətli və daha dəqiq diaqnoz qoymağa imkan verdi. Bununla belə, Sİ-nin klinik şəraitdə tətbiqi etik, hüquqi və texniki problemlərin diqqətlə nəzərdən keçirilməsini tələb edir. Sİ  sistemlərinə inamın yaradılması şəffaflıq, geniş həcmli  klinik doğrulama və aydın hesabat standartları  tələb edir. İrəliləyişlər davam etdikcə, Sİ-nin faydaları maksimuma çatacaq və  radiologiyanın gələcəyinin yenidən formalaşdırılmasında daha mühüm əhəmiyyət kəsb edəcək.