Rektor, professor Gəray Gəraybəyli: Ulu Öndərin sərəncamı ilə yaradılmış fakültə Silahlı Qüvvələr üçün mütəxəssislər hazırlayır
Mayın 26-da Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual problemləri-2025” adlı elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi yad edilib. Dövlət Himni səsləndirildikdən sonra çıxış üçün söz rektor, professor Gəray Gəraybəyliyə verilib. Rektor qonaqları salamlayaraq, Hərbi tibb fakültəsinin fəaliyyəti və keçdiyi şərəfli yol barədə konfrans iştirakçılarına ətraflı məlumat verib: “Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması üçün bütün sahələrdə olduğu kimi, ordu quruculuğuna da özünün layiqli töhfələrini verib. Bu töhfələrdən biri də onun 25 may 2000-ci ildə imzaladığı sərəncama əsasən yaradılmış Hərbi tibb fakültəsidir. Fakültənin məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi həkim, feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibbi heyətin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir”.
Professor G.Gəraybəyli, həmçinin hərbi həkimlərin savadlı və bacarıqlı mütəxəssislər kimi yetişməsi, yüksək səviyyədə təhsillərini davam etdirməsi üçün onlara dövlətimiz tərəfindən yaradılan hər cür şərait, ikipilləli təhsil sistemi, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında keçdikləri rotasiya və s. məqamları vurğulayıb: “Hazırda fakültənin rezidentura kursunda 21 ixtisas üzrə 125, hərbi həkim hazırlığı kursunda 356, feldşer hazırlığı kursunda 194 nəfər təhsil alır. Rezidentura təhsili alan sonuncu kurs həkimlərimizdən 9 nəfər Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında, 4 nəfər isə Ege Universitetinin klinikasında rotasiya keçir. Ötən il imtahanlarda 400-dən çox bal toplayan 87 nəfər fakültəyə, bir o qədər də feldşer hazırlıq kursuna qəbul olunub. Hərbi həkim işi ixtisası üzrə 40 kursant dövlət imtahanlarından müvəffəqiyyətlə keçib və onlara tibb xidməti leytenantı hərbi rütbəsi verilib”.
Fakültənin məzun və tələbələrinin həm koronavirus dönəmində, həm də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlardan, onların fədakar əməyindən danışan rektor, yaralı hərbçiləri döyüş meydanından çıxaran zaman 14 məzunun şəhid olduğunu xüsusi qeyd edib. Universitetimizin rəhbəri tələbə və rezidentlərin apardığı elmi raşdırmalar, konfranslara təqdim olunan məruzələr, beynəlxalq konfrans və olimpiadalarda qazanılan uğurlara da diqqət çəkib.
Milli Müdafiə Universitetinin (MMU) rektoru, general-mayor Gündüz Əbdülov öz çıxışında rəhbərlik etdiyi universitetin hərb sahəsində hazırladığı kadrlardan, qazandığı uğurlardan söhbət açıb, dövlətimizin suverenliyi və təhlükəsizliyinin qorunmasında ordumuzun həlledici rolunu qeyd edib: “Bu baxımdan, güclü və dövrün tələblərinə cavab verən Silahlı Qüvvələrin formalaşması böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə hərbi təhsil sistemi milli təhlükəsizliyin mühüm strateji komponentlərindən biri kimi çıxış edir. Ona görə də həm Milli Müdafiə Universiteti, həm də Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin üzərinə mühüm vəzifələr düşür”.
General-mayor hələ sovetlər birliyinin güclü olduğu dövrdə, 1971-ci ildə qoyulmuş qadağalara baxmayaraq, Ulu Öndər Heydər Əliyevin ittifaq respublikaları arasında fərqliliyi ilə seçilən Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olduğunu xatırladıb və bu məktəbdə yetişən kadrların potensialından milli ordu quruculuğu zamanı lazımi şəkildə istifadə edildiyini bildirib. Eyni zamanda, Hərbi tibb fakültəsinin məzunlarının 44 günlük Vətən müharibəsi zamanı necə rəşadət göstərdiklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
MMU-nun nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru, general-mayor, dosent Arif Həsənov isə Hərbi tibb fakültəsinin kursantlarının apardığı elmi araşdırmalar və qazandığı nailiyyətlərdən, onların beynəlxalq səviyyəli nüfuzlu jurnallarda məqalələrinin nəşr olunmasından bəhs edib: “3 sahə var ki, bunlarda güzəşt və xəyanət bağışlanmazdır. Onlardan biri təhsil, ikincisi tibb, üçüncüsü isə hərbi sahədir. Hərbi tibb fakültəsinin tələbələri bu gün həm təhsil alır, həm də gələcəyin həkim və hərbçisi olacaqlar. Bilirəm ki, fakültənin rəhbərliyi bu yüksək tələbləri öz fəaliyyətində daim nəzərə alır”.
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Anar İsmayılov çıxışında Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində ATU-nun Hərbi tibb fakültəsində hazırlanmış mütəxəssislərin yerləşdirilməsi, onların potensialından istifadə edilməsi məsələsinə toxunub. Baş Klinik Hospitalın nəzdində poliklinika və digər tibb müəssisələrinin fəaliyyətindən danışan A.İsmayılov, işğaldan azad olunmuş ərazilərdə bir neçə hospitalın, o cümlədən Xankəndidə hərbi hospitalın istifadəyə veriləcəyini, bu müəssisələrdə Hərbi tibb fakültəsinin məzunlarının işlə təmin olunacağını qeyd edib.
Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev çıxış edərək, may ayının əlamətdar günlərlə zəng olduğunu bildirib. Ulu Öndərin dünyaya gəlişinin, Müstəqillik Gününün, Hərbi tibb fakültəsinin yaradılmasının bu əlamətdar günlər sırasında olduğunu diqqətə çatdırıb: “Ölkəmizdə hərbi tibb sistemində savadlı və yüksək hazırlıqlı tibbi kadrların hazırlanması dövlətimizin hərbi təhlükəsizlik strategiyasında mühüm yer tutur. Bu məqsədə nail olunmasında Hərbi tibb fakültəsinin əvəzsiz rolu danılmazdır. Bu fakültənin fəaliyyəti illərdir ki, gələcək hərbi həkimlərin yalnız nəzəri biliklərə deyil, eyni zamanda onların döyüş şəraitində, ekstremal tibbi situasiyalarda düzgün qərarvermə bacarığına yiyələnməsinə, elmi-pedaqoji potensiala və vətənpərvərlik ruhuna əsaslanır. Bu uğurların mərkəzində isə, sözsüz ki, zəngin elmi və hərbi təcrübəyə malik olan Hərbi tibb fakültəsinin kollektivi dayanır”.
Sonra fakültəyə vaxtilə rəhbərlik etmiş, eləcə də hazırda dərs deyən müəllimlərə xatirə plaketi təqdim olunub. Fakültənin dünəni, bu günü və sabahına dair qısametrajlı film nümayiş etdirilib.
Hərbi tibb fakültəsinin məzunu, tibb xidməti leytenantı Nicat Nəsibli və Müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsi Nigar Babayevanın aparıcılığı ilə konfrans rəsmi hissəni bitirib və bədii hissəyə start verilib. Tələbələrimizin vətənpərvərlik mövzusunda səsləndirdiyi mahnılar tədbirə xüsusi rəng qatıb. Cansu Güzelin ifa etdiyi “Azərbaycan”, Sezer Çelikin “Bil oğlum”, Liva Bitmez və Lalə Salmanlının “Torpağın səsi”, Sara Adayevanın “Ulu vətən”, Məryəm Nayibovanın “Azərbaycan” mahnıları alqışlarla qarşılanıb.
Hərbi tibb fakültəsinin kollektivini, o cümlədən məzun və kursantlarını yubiley münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!