Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub
Bütün sahələrdə olduğu kimi, elm sahəsində də bu sərəncama uyğun addımlar atılır, müxtəlif layihələr həyata keçirilir.
Bu nöqteyi-nəzərdən Azərbaycan Tibb Universitetinin əməkdaşları da “Konstitusiya və Suverenlik İli”nə öz töhfələrini verməyə çalışırlar. Bunlardan biri də İctimai fənlər kafedrasının dosenti Elbrus Sadıqovun Amerika Birləşmiş Ştatlarının "Lambert " nəşrində (Missisipi) dərc edilən “The Second Karabakh War” adlı, Qarabağda Zəfər tariximizlə bağlı elmi məqaləsidir.
Məqalədə Azərbaycanın 30 il ərzində işğalda qalan torpaqlarının düşməndən qəhrəmanlıqla azad olunması, ölkə başçısının beynəlxalq ictimaiyyətə və media nümayəndələrinə konstitusion hüquqlarımızın bərpası haqqında verdiyi müsahibələr, Azərbaycan xalqının, ordusunun və hakimiyyətinin bir yumruq kimi birləşməsi barədə geniş araşdırmalar öz əksini tapıb.
Dosent E.Sadıqov bu il artıq 5 ili tamam olan Qarabağ Zəfərimizin, ədalətin, ərazi bütövlüyümüzün, sülhün bərpası, BMT qərarlarının icra olunması və digər məsələləri şərh edib.