Gürcüstanın paytaxtı Tbilisi şəhərində 3-6 iyul tarixində Epilepsiya Əleyhinə Beynəlxalq Liqa (ILAE) və Epilepsiya Əleyhinə Beynəlxalq Liqasının Azərbaycan bölməsinin birgə təşkilatçılığı ilə Epileptologiya üzrə 11-ci Birləşdirilmiş Miqrasiya Qafqaz Kursu (11th Caucasian Migrating Course in Clinical Epileptology – CMCCE) keçirilib. Kursun əsas mövzusu epilepsiyanın diaqnostika və müalicəsində müasir yanaşmalar və beynəlxalq təcrübələrin mübadiləsi olub.
Bu nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) nevrologiya kafedrasının əməkdaşları fəal iştirak ediblər. Kafedranın müdiri, professor Aytən Məmmədbəyli, Nailə Abbasova, Sona Əliyeva, Şəhla Məlikova, Aygün Musayeva, Samirə İsmayılova və Mədinə Tağıyeva kurs çərçivəsində iştirak edərək ölkəmizi layiqincə təmsil ediblər.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış nevroloqlar, epileptologiya üzrə ixtisaslaşmış mütəxəssislər, eləcə də tədqiqatçılar iştirak ediblər. ATU nümayəndələri təqdim etdikləri elmi məruzələr və klinik təcrübəyə əsaslanan çıxışları ilə beynəlxalq həmkarlarının marağına səbəb olublar. Onlar müasir nevroloji yanaşmalar, innovativ diaqnostik metodlar və fərdi müalicə strategiyaları barədə fikir və bilik mübadiləsi aparıblar.
Qeyd edək ki, belə tədbirlər təkcə elmi yeniliklərin müzakirəsi deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi, gənc mütəxəssislərin inkişafı və tibb sahəsində qabaqcıl təcrübələrin ölkəmizə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.