Sentyabrın 12-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Klinik-diaqnostik laboratoriya şöbəsi ilə Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığıyla “Hamiləlik zamanı TORCH infeksiyalarının diaqnostikasında avidlik testinin əhəmiyyəti” mövzusunda növbəti seminar təşkil olunub.
Tədbirin açılışında seminarın moderatoru, Rezidentura və magistratura şöbəsinin müdir müavini, Uşaq cərrahiyyəsi kafedrasının assistenti Namiq Xəlilov çıxış edərək rezidentlərin bilik və bacarıqlarının artırılmasında belə seminarların önəmini vurğulayıb. O, hamiləlik zamanı TORCH infeksiyalarının əsasən döl üçün təhlükəli olduğunu, ana bətnində inkişaf qüsurlarına səbəb ola bildiyini qeyd edib və mövzunun tibbi praktikada aktuallığını nəzərə çatdırıb. Əlavə edib ki, bu cür seminarlar gənc həkimlərin nəzəri biliklərini artırmaqla yanaşı, onların klinik qərarvermə bacarıqlarını və kritik situasiyalarda düzgün yanaşma qabiliyyətini möhkəmləndirir.
Sonra laboratoriya şöbəsinin müdiri Leyla Həşimova çıxış edərək seminarın mövzusu barədə məlumat verib. O, hamiləlik dövründə TORCH infeksiyalarının vaxtında aşkarlanmasının dölün sağlamlığı üçün vacib olduğunu vurğulayıb. L.Həşimova qeyd edib ki, yalnız IgM və IgG göstəricilərinə əsaslanmaq infeksiyanın vaxtını dəqiq müəyyənləşdirməyə yetərli deyil və bu baxımdan IgG avidlik testi perinatal diaqnostikada xüsusi əhəmiyyət daşıyır.
Seminar çərçivəsində məruzəni mikrobiologiya ixtisası üzrə II kurs rezidenti Səbinə Əzimova təqdim edib. O çıxışında vurğulayıb ki, TORCH infeksiyaları hamiləlik dövründə ciddi klinik fəsadlara səbəb ola bilər və ana bətnində yoluxmanın erkən aşkarlanması dölün inkişaf qüsurlarının qarşısının alınmasında həlledici rol oynayır. Həmçinin qeyd edib ki, IgG avidlik testi yalnız infeksiyanın mövcudluğunu müəyyən etmir, eyni zamanda yoluxmanın vaxtını dəqiq təyin etməyə imkan verir. Bu isə həkimlərə müalicə və profilaktika strategiyalarını düzgün planlaşdırmaq və hamiləliyi təhlükəsiz şəkildə idarə etmək üçün vacib məlumat təqdim edir.
Seminarda II Mama-ginekologiya kafedrasının həkim-müəllimləri – Səfa Bağırova, Sevinc Əliyeva, Pərvanə Əliyeva, Nuranə Həmidova və həkim-rezidentlər iştirak ediblər.
Müzakirələr zamanı müəllimlər məruzəçiyə mövzu ilə bağlı müxtəlif suallar ünvanlayaraq, onun bilik və bacarıqlarını daha da dərindən nümayiş etdirməsinə şərait yaradıblar.