Dekabrın 11-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Şəkərli diabet” üzrə Amerika-Avstriya Fondunun Zaltsburq seminarlarının satellit simpoziumu keçirilib. Bu geniş tədbirdə iştirak məqsədilə ABŞ-nın Kornel Universitetinin Naomi Berri Diabet Mərkəzinin yaradıcılarından biri, qurumun direktoru, professor Robin Qoland və mərkəzin əməkdaşı Dr. Loren Qolden Bakıya gəliblər.
Tədbiri giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev qonaqları salamlayaraq simpoziumun mövzusu haqqında məlumat verdi. Onun sözlərinə görə, tədbirdə səslənəcək məlumatlar əsrimizin bəlası sayılan şəkərli diabetin müalicə və profilaktikası işində endokrinoloqlar üçün böyük əhəmiyyət kəsb edir.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rəhimə Qabulova öz çıxışında Avstriyanın Zaltsburq şəhərində keçirilən seminarlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Prorektor tibbin müxtəlif sahələrinə həsr olunmuş və dünyanın 100-dən artıq ölkəsindən həkimlərin iştirakı etdiyi həmin seminarlarda indiyə qədər Azərbaycandan, ö cümlədən Tibb Universitetindən yüzlərlə həkimin iştirak etdiyini söylədi. Onun sözlərinə görə, satellit simpoziumların müxtəlif ölkələrdə təşkilinin məqsədi təlimlərə daha geniş həkim auditoriyasının cəlb olunmasından ibarətdir. R.Qabulova professor Robin Qoland və Dr. Loren Qoldenin dəvəti qəbul edərək ölkəmizə gəldikləri üçün onlara geniş auditoriya adından təşəkkürünü bildirdi.
Daha sonra Robin Qoland çıxış edərək yaradıcısı olduğu mərkəzdə 50-ə yaxın alimin çalışdığını vurğuladı. Uşaqlarda rast gəlinən birinci tip şəkərli diabetin əlamətlərindən danışan professor dünyanın bir çox ölkəsində qeydə alınmış şəkərli diabetli xəstələrin statistik göstəricilərini təqdim etdi. Mərkəzin əməkdaşı Dr. Qolden Loren də öz növbəsində ikinci tip şəkərli diabetlə bağlı məruzəsini simpozium iştirakçılarına təqdim etdi. O, inkişaf etmiş ölkələrdə xəstəliklə bağlı tətbiq olunan müasir müalicə metodlarından söz açdı.
Daha sonra simpozium azərbaycanlı həkimlərinin xəstəlik situasiyaları haqda məruzələri ilə davam etdi. Səsləndirilən məruzələr və çıxışlar Azərbaycanın tanınmış endokrinoloqları, ATU-nun müəllim və tələbələrindən ibarət auditoriya tərəfindən böyük maraqla qarşılandı, geniş müzakirələr və suallarla müşayiət olundu. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.
Qeyd edək ki, 2016-cı ilin yanvarında ayında ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu qəbildən olan və oynaq-sümük patologiyası olan xəstələrin reabilitasiyasına həsr olunmuş növbəti seminar keçiriləcək.