Tədris Cərrahiyyə Klinikasında uğurlu böyrək əməliyyatı həyata keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Urologiya kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının uroloq cərrahı, professor Rauf Nağıyevin rəhbərliyi ilə 84 yaşlı kişi pasiyent üzərində uğurlu transperitoneal laparoskopik kistektomiya əməliyyatı icra olunub

Pasiyent klinikaya sol bel nahiyəsində daimi, küt xarakterli ağrılar və gün ərzində arterial təzyiqin dəyişkənliyi (oynaması) şikayətləri ilə müraciət etmişdir. Aparılmış müayinələr nəticəsində sol böyrəyin yuxarı qütbündə, dalaq nahiyəsində yerləşən, 7 sm-dən böyük ölçülü solitar (tək) kista aşkar olunub.

Professor Rauf Nağıyev və onun komandası tərəfindən həyata keçirilən laparoskopik əməliyyat uğurla başa çatıb. Pasiyent əməliyyatdan sonra tam ekstubasiya olunub, palataya köçürülüb və vəziyyəti stabildir.

Qeyd edək ki, bu əməliyyat ATU Tədris Cərrahiyyə Klinikasında aparılan minimal invaziv uroloji əməliyyatların növbəti uğurlu nümunəsidir. Bu kimi əməliyyatlar İcbari Tibbi Sığorta çərçivəsində pasiyentlər üçün rahat və əlçatan şəkildə icra olunur.