Azərbaycan Tibb Universitetinin (ATU) Təcili tibb kafedrasında ABŞ-ın Çikaqo Dövlət Universitetinin Mikrobiologiya, İmmunologiya, Fiziologiya və Yoluxucu xəstəliklər kafedrasının professoru Nadeem Fazal ilə görüş keçirilib.
Tədbirdə kafedranın müdiri, dosent Nadir Zeynalov və müəllim heyəti iştirak edib. Görüşü açan dosent Nadir Zeynalov professor Fazalın elmi-pedaqoji fəaliyyəti, 2017–2019-cu illərdə Azərbaycana etdiyi səfərlər və həmin dövrlərdə ATU-da keçirdiyi seminarlar barədə məlumat verib. O, amerikalı professorun müasir tədris metodları və beynəlxalq təcrübənin ali təhsildə tətbiqi sahəsindəki töhfələrini vurğulayıb.
Daha sonra professor Nadeem Fazal “Tibb təhsilində süni intelektin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. O, tədris prosesində innovativ təlim mexanizmlərinin əhəmiyyətindən, tibbdə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqindən danışıb.
Professor qeyd edib ki, tibbi təhsil artıq ənənəvi yanaşmalarla məhdudlaşmır və süni intellekt əsaslı diaqnostika üsullarının formalaşması gələcəyin əsas istiqamətlərindəndir: “Gələcəyin həkimi insan bilikləri ilə süni intellektin imkanlarını birləşdirəcək, lakin peşəkar tibbi qərarlarda həkimin rolu hər zaman əvəzolunmaz olaraq qalacaq,” – deyə o bildirib.
Görüş zamanı professor Fazal ABŞ-da tibbi təhsil modelləri, tədris keyfiyyətinin artırılması yolları və müasir səhiyyə təcrübələri barədə məlumat verib. O, tibb sahəsində mövcud çağırışlar və inkişaf tendensiyaları barədə də fikirlərini bölüşüb.
Səfər çərçivəsində professor Nadeem Fazal ATU-nun tələbələri ilə də görüşərək universitetdə həyata keçirilən praktiki tədris prosesini izləyib. O, kafedra əməkdaşları ilə beynəlxalq akademik əməkdaşlıq imkanları, təcrübə və kadr mübadiləsi, birgə tədqiqatların aparılması və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.