Noyabrın 4-də Zəfər Bayramı münasibəti ilə Azərbaycan Tibb Universitetinin rəhbərliyi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə şəhid ailələrinin üzvü olan tələbələrlə görüş keçirilib
Tədbiri ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov açaraq, tələbələri 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edib. Bu möhtəşəm bayramın xalqımıza daim sevinc, qürur və birlik hissi bəxş etməsini arzulayıb. Universitetin rektoru, professor Gəray Gəraybəylinin təbrik və salamlarını çatdırıb:” Biz bu gün, yalnız zəfərimizi qeyd etmirik, həm də bu zəfərin memarları olan qəhrəmanlarımızın, şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edirik.
Əziz tələbələr, siz bizim ən dəyərli sərvətimiz, xalqımızın gələcəyisiniz.
Aranızda şəhid ailələrinin övladları var. Bilin ki, siz sadəcə şəhid övladları deyil, həm də qəhrəman övladlarısınız.
Sizinlə qürur duyur və hər zaman yanınızdayıq. Bu, bizim mənəvi borcumuzdur.
Universitet rəhbərliyi, müəllimlər və tələbə təşkilatları hər zaman sizin təhsilinizə, inkişafınıza və gələcəyinizə dəstək olmağa hazırdır”.
Prorektor M.Səfərov, tədbirin təşkilatçılarından olan ATU-nun Tibbi və bioloji kafedranın professoru, Qızıl Aypara Cəmiyyətinin sədri Hüseyn Abıyevə xüsusi təşəkkürünü bildirib: “ Hüseyn müəllim bayram münasibətilə şəhid ailələrinin övladlarına maddi və mənəvi dəstək göstərmək məqsədilə mükafat fondu ayırıb.
Eyni zamanda, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov da bu nəcib təşəbbüsə qoşulub, tələbələr üçün əlavə maliyyə yardımı nəzərdə tutub.
Bu diqqət və qayğı, bir daha universitet ailəmizin həmrəyliyini, humanist ruhunu nümayiş etdirir”.
ATU-nun Qızıl Aypara Cəmiyyətinin sədri, professor Hüseyn Abıyev çıxışında bildirib ki, bizim borcumuz yalnız qələbəni yad etmək deyil, həm də həmin qələbəni elm, bilik və zəka meydanında davam etdirməkdir: “Biz döyüş meydanında qalib gəlmişik, indi elm, diplomatiya və inkişaf sahəsində də qalib gəlməliyik.
Azərbaycanın səsini dünya tribunalarından eşitdirmək üçün siz gənclər, gələcəyin alimləri və həkimləri bu yolda daha çox çalışmalısınız. Əziz tələbələr, siz bizim qürurumuzsunuz.
Sizdən arzum budur ki, elmə, bilik qazanmağa, vətənə xidmətə daim sadiq olasınız.
Əminəm ki, gələcəkdə bu auditoriyada oturan gənclərin içərisindən elələri çıxacaq ki, onların səsi, əməli və nailiyyətləri Azərbaycan adını dünya miqyasında daha da ucaldacaq. Sizi Zəfər Bayramı münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, təhsildə uğurlar arzulayıram”.
Tədbirdə I Müalicə profilaktika fakültəsinin dekani, dosent Elşad Novruzov, İctimai səhiyyə fakültəsinin dekani, dosent Qalina Qəniyeva, Stomatologiya fakültəsinin dekan müavini Aysel Həşimova , THİK-in sədri Qoşqar İsmayılov da öz çıxışlarında tələbələri Zəfər Bayramı münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb.
Tədbirin sonunda pul mükafatları prorektor M.Səfərov tərəfindən tələbələrə təqdim olunub.