Azərbaycan Tibb Universitetinin (ATU) Elmi tədqiqatların idarə olunması departamentinin təşəbbüsü ilə EBSCO şirkəti tərəfindən universitetin professor-müəllim heyəti üçün bir sıra maarifləndirici vebinarlar keçirilib. Tədbirlər 15, 22 və 29 oktyabr tarixlərində onlayn formatda baş tutub.
Aktual elmi mövzulara həsr olunmuş vebinarlarda 200-ə yaxın ATU əməkdaşı iştirak edib. Sessiyalar zamanı iştirakçılara beynəlxalq elmi məlumat bazalarından effektiv istifadə, elmi nəşrlərin hazırlanması və axtarış sistemlərinin üstünlükləri barədə ətraflı məlumat verilib.
Vebinarların ilkində "Azərbaycan Tibb Universitetində mövcud olan Dentistry & Oral Sciences Source elektron jurnal kolleksiyasında stomatologiya sahəsi üzrə məlumatların peşəkar axtarışı" mövzusu müzakirə olunub.
İkinci vebinar “Azərbaycan Tibb Universitetində mövcud olan Medline Ultimate elektron jurnallar kolleksiyasında tibb aid elmi məlumatların peşəkar axtarışı” mövzusuna həsr olunub. İştirakçılara beynəlxalq jurnallarda peşəkar axtarışın yolları ətraflı izah olunub.
Seriyanın sonuncu vebinarında isə “DynaMed - Azərbaycan Tibb Universitetinin tədris, tədqiqat və tibbi fəaliyyəti üçün sübuta əsaslanan tibb resurs” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Vebinarlar ATU əməkdaşlarına elmi tədqiqatların planlaşdırılması, mənbələrin düzgün seçimi və beynəlxalq standartlara uyğun elmi nəşrlərin hazırlanması istiqamətində faydalı biliklər qazandırıb.