ATU-da ekoloji nəqliyyatdan istifadəni təşviq edən maarifləndirici tədbir keçirilib

Noyabrın 6-da universitetimizdə növbəti maarifləndirici tədbir keçirilib. Tədbiri Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov acaraq bildirib ki, ATU yüksək səviyyəli, beynəlxalq standartlara cavab verən təhsil verməklə yanaşı, mütəmadi olaraq həm yerli, həm də xarici tələbələr üçün müxtəlif mövzularda maarifləndirici tədbirlər təşkil edir:

“Bu tədbirlər bir çox dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bugünkü dünyada ən aktual problemlərdən biri ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunmasıdır. Gələcəyin həkimləri və səhiyyə mütəxəssisləri kimi, tələbələrimizin bu sahədə məlumatlı olmaları, dayanıqlı inkişafa öz töhfələrini vermələri çox vacibdir”.

Prorektor tələbələrimizin mütəmadi şəkildə çimərliklərin təmizlənməsi, ağacəkmə aksiyaları və digər ekoloji təşəbbüslərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. Bu gün keçirilən tədbirin də müasir dövrün ən aktual mövzularından birinə - ekoloji nəqliyyatdan istifadənin təşviqi və ətraf mühitin qorunmasına həsr olunduğunu bildirib. Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və “Apar” şirkətinin əməkdaşlarının tələbələr qarşısında maraqlı təkliflərlə çıxış edəcəklərini qeyd edib.

AYNA-nın Daxili kommunikasiya və tədbirlərin təşkili şöbəsinin rəhbəri Elmira Abbasova təmsil olunduğu qurumun fəaliyyət istiqamətləri, gənclər və tələbələr üçün həyata keçirdikləri layihələr barədə məlumat verib: “AYNA-nın fəaliyyət istiqamətləri çoxşaxəlidir. Biz nəqliyyat sahəsində vahid idarəetmə sisteminin formalaşdırılması, ictimai nəqliyyatın inkişafı, sürücülük sisteminin təkmilləşdirilməsi, həmçinin təhlükəsizlik, ekoloji və innovativ nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində çalışırıq.

Hər zaman gənclərin fikirlərinə, təkliflərinə açığıq. İstər ictimai nəqliyyatla, istərsə də velosiped infrastrukturuyla bağlı iradlarınız və ideyalarınız varsa, onları məmnuniyyətlə dinləyəcək və aidiyyəti struktur bölmələrə çatdıracağıq”.

Departament rəhbəri “Eko-velosiped” layihəsi üzrə təşkil ollunan təlimlərdən və tələbələr üçün nəzərdə tutulan güzəştli təkliflərdən də danışıb.

“Apar” şirkətinin İnnovasiyalar və marketinq departamentinin rəhbəri Fatimə Göyçəli isə bildirib ki, şirkət klassik və elektrikli velosipedlərin icarəsi ilə məşğul olur: “Şirkətimiz cəmi bir ildir fəaliyyət göstərir, amma bu qısa müddətdə xeyli inkişaf etmişik. İlk başladığımız zaman cəmi 50 parkinq zonamız və az sayda velosipedimiz var idi. Hazırda isə bu rəqəmləri 5 dəfə artırmışıq - artıq 250 parkinq zonamız və təxminən 2200 velosipedimiz mövcuddur. Onların 1000-i adi, mexaniki, qalanları isə 25 km/saat sürət toplaya bilən elektrikli velosipedlərdir”.

Tədbir zamanı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb. Velosiped sürmək üçün abunə olan və fəallıq göstərən tələbələrə hədiyyələr təqdim olunub.